23 Dekabr 2024, Bazar ertəsi

Məlumdur ki, 2014-cü ildə yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən “tarixi nailiyyət” kimi dəyərləndirilən Naxçıvan Muxtar Respublikasının 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 yanvar 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 17 yanvar 2014-cü ildə imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər planında yubiley ili olan 2014-cü ildə – Ali Məclisin Sədri tərəfindən elan edilən “Muxtariyyət ili”ndə muxtar respublikanın yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə konkret vəzifələr müəyyən edilmişdir. Muxtar respublikanın elm və yaradıcılıq təşkilatları qarşısında da bir sıra vəzifələr qoyulmuş, alimlərə muxtariyyətin tarixi ilə əlaqədar tədqiqatların aparılması, monoqrafiyaların və kitabların yazılaraq nəşr etdirilməsi aktual və mühüm vəzifə kimi tapşırılmışdır. 

 Tədbirlər planında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi sahəsində bir sıra uğurlu işlər görülmüş və bu işlər ilin sonunadək davam etdiriləcəkdir. Bu cəhətdən muxtar respublikanın tarixi, mədəniyyəti, ümumiyyətlə, müxtəlif elm sahələri üzrə keçirilən konfransları, xüsusilə 4-5 iyul 2014-cü ildə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən beynəlxalq konfransı və müxtəlif elmi tədbirləri xatırlatmaq yerinə düşər. Muxtar respublikanın yubileyi münasibətilə çoxlu kitablar, monoqrafiyalar və məqalələr, o cümlədən “Naxçıvan Muxtar Respublikası – 90” adlı fundamental əsər hazırlanaraq nəşr olunmuşdur. “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin “Xəbərlər”inin bir nömrəsi muxtar respublikanın yubileyinə həsr olunmuşdur. Nəşr olunan kitab və monoqrafiyaların çoxu hər il 50-yə yaxın əsərin nəşrinə köməklik göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə işıq üzü görmüşdür. 

Bu yaxınlarda həmin nəşrlərin sırasına daha bir kitab da əlavə olunmuşdur. Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin xətti ilə “90 il. Naxçıvan Muxtar Respublikası” adlı miniatür kitab yüksək poliqrafik səviyyədə, nəfis şəkildə çap olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu günlərdə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində muxtar respublika elmi ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə təqdimat mərasimi keçirilən, ön səhifəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin rəngli fotoşəkli və artıq ulu öndərin dillər əzbəri olmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” sözləri ilə başlanan kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı, dövlət başçısının 8 aprel 2014-cü ildə keçirilən yubiley tədbirində çıxışı öz əksini tapmışdır.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın 90 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7 aprel 2014-cü ildə Naxçıvana gəlmişdir. Elə həmin gün ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edən cənab Prezident həm də bölgənin müxtəlif yerlərində olmuş, bir sıra mühüm obyektlərin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının, Naxçıvan Biznes Mərkəzinin, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin, Gənclər Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılış mərasimlərində iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxmış, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. Aprelin 8-də isə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təntənəli yubiley tədbiri keçirilmişdir. Muxtar respublikanın hökumət nümayəndələrinin, elm, mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdəki diplomatik korpus nümayəndələrinin iştirak etdiyi yubiley tədbirində geniş və dərin məzmunlu nitq söyləyən, naxçıvanlıları böyük bayram münasibətilə təbrik edən və Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsini “gözəl hadisə, tarixi hadisə, Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar kimi” qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev muxtariyyət ərəfəsində Naxçıvanda yaranmış vəziyyətə nəzər salmış, bölgənin blokadaya salınması məsələsinə toxunmuş, Naxçıvana muxtariyyət statusu verilməsi zərurətini yaradan səbəblərdən bəhs etmiş və demişdir: “... o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məskənlərinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır”.
Ölkə rəhbəri son 10 ildə Naxçıvan Muxtar Respublikasına 11 dəfə səfər etdiyini xatırladaraq bölgənin son illərdə keçdiyi inkişaf yolunu təhlil etmiş, onu yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir... Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır”.
Çıxışında “Naxçıvan ordusu bu gün güclü ordudur”, – deyən cənab Prezident bölgənin hərbi potensialından, enerji təhlükəsizliyinin həllindən, yerli istehsal nümunələrindən, infrastruktur layihələrinin icrasından və sair uğurlardan bəhs edərək “bu uğurların təməlində ulu öndərin siyasətinin dayandığını” vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubiley mərasimindəki çıxışı da kitaba daxil edilmişdir. Çıxışında keçən yüzilliyin 20-ci illərində Naxçıvan Muxtar Respublikasında yaranmış son dərəcə gərgin vəziyyəti, Naxçıvana muxtariyyət statusu verilməsi uğrunda aparılan inadlı mübarizəni, muxtariyyətin əldə olunmasında Mos­kva və Qars müqavilələrinin əhəmiyyətini təhlil edən Ali Məclisin Sədri həm də bölgənin son illərdə keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermiş və fikrinə belə yekun vurmuşdur: “Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur”.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətləri olan 12 nəfərə Azərbaycan Respublikasının fəxri adlarının, 10 nəfərə isə “Tərəqqi” medalının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2014-cü il tarixli sərəncamları da kitabda özünə yer almışdır. Təltif olunanlar içərisində iki nəfər elm adamının “Əməkdar elm xadimi” fəxri adına, iki nəfərin isə “Tərəqqi” medalına layiq görülməsi dövlət başçısının, bütövlükdə, Azərbaycan Respublikasının elmi ictimaiyyətinə, o cümlədən Naxçıvanda yaşayıb-yaradan elm adamlarına yüksək diqqət və qayğısının yeni təzahürüdür.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə Naxçıvanda olarkən muxtar respublikada aparılan quruculuq işləri və tarixi yerlərlə tanışlığını, ictimaiyyətin nümayəndələri ilə görüşlərini əks etdirən və kitaba daxil edilən 32 ədəd rəngli fotoşəkil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfər çərçivəsində iştirak etdiyi tədbirləri və görüşləri əyani şəkildə təqdim edir.

İnanırıq ki, nəşri Naxçıvan Muxtar Respublikasının, bütövlükdə, Azərbaycanın elmi həyatında mühüm hadisə kimi qiymətləndirilən, muxtar respublikanın 90 illik yubileyinə layiqli töhfə olan bu miniatür kitab bir sıra kitabxanalarda, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq Mərkəzi”nə hədiyyə edilən yüzdən artıq miniatür kitablar arasında öz layiqli yerini tutacaq və oxucular üçün mötəbər qaynağa çevriləcəkdir.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR