Görsən, tanımazsan indi Qahabı
Daha bir yayı arxada qoyaraq qızılı payızın ilk günlərini yaşayırıq. Havalar soyumaqda, təbiət yaşıl donunu dəyişməkdədir. Belə günlərin birində yolumuz Babək rayonunun Qahab kəndinədir. Yol kənarlarındakı əkin sahələrində çalışan torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları havalar tamamilə soyumamış yığıb-yığışdırmaqla məşğuldurlar. Düşünürəm ki, kənd adamlarının əkin sahələrində belə canfəşanlıqla çalışmaları əbəs deyil. Onlar istəyirlər ki, məhsul tədarükünü tezliklə başa çatdırsınlar.
Yol boyu bir-birini müasirliyə qovuşmuş kəndlər əvəz edir. Gördüyümüz mənzərələr insan qəlbində xoş duyğular yaradır. Bu gün muxtar diyarımızın hansı guşəsinə üz tutsaq, belə təəssüratları yaşaya, sevinc hissləri keçirə bilərik. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən quruculuq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişib, evlərə firavanlıq gətirib. Qahab da belə kəndlərimizdən biridir.
El ağsaqqalı ilə başlanan söhbətlər
Uzaqdan diqqəti yeni tikililər çəkir. Kəndə müasir qəsəbə görkəmi verən həmin obyektlər muxtar respublikada bərqərar olmuş sabitliyin, nəticə etibarilə, inkişaf və tərəqqinin göstəricisi kimi dəyərləndirilə bilər. Bunun belə olduğunu bir qədər sonra görüşüb söhbət edəcəyimiz kənd sakinləri də təsdiqləyəcəklər.
Budur, kənd yolunun sağında böyük bir ərazidə inşa olunmuş məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, kənd yolunun solunda xidmət mərkəzi.
Kənd mərkəzinin qarşısında qələbəlikdir. Salamlaşırıq, kənd sakinlərini yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edirik, onların payız qayğıları ilə maraqlanırıq. Özü demişkən, hava almağa çıxan 84 yaşlı el ağsaqqalı Qəzənfər Zamanov dillənir:
– Muxtar respublika rəhbərinə minnətdarıq. Qahab heç vaxt görə bilmədiyi günlərinə qovuşub. Gündəlik xırda-para qayğılarımıza qalanda isə, nə deyim? İlin payız fəsli kənd adamları üçün daha çox qayğılarla dolu olan bir dövrdür. Erkən yazdan əkin sahələrinə çıxan, məhsul bolluğu yaradan insanlar payızda çəkdikləri zəhmətin bəhrəsini toplamaqla, qarşıdan gələn qışa hazırlıqla məşğul olurlar. Son illər muxtar respublikamızda payız fəsli üçün daha çox xarakterik olan bir ənənə formalaşmaqdadır. Bu, kompleks quruculuq tədbirləri çərçivəsində inşası başa çatdırılmış obyektlərin açılış mərasimləridir.
El ağsaqqalının söhbətinə onunla birlikdə kəndi gəzməyə çıxan təqaüdçü Elxan Fərzəliyev qoşulur:
– Qahabda bir neçə gün əvvəl gördüyünüz bu binaların açılışı oldu. Onu da deyim ki, neçə illər qabaq kəndimizdə bir neçə quruculuq tədbiri həyata keçirilib. Qahabı Naxışnərgiz kəndindən ayıran Qahab çayı üzərində tikilmiş körpü yenidən qurulub. İki artezian quyusu vurulub, 148 şagird yerlik əsas məktəb binası tikilib. İki Qarabağ əlili üçün yeni evlər inşa olunub. Əlillərə minik avtomobilləri verilib.
Sahibkar Əziz Mirzəyev söhbətə qoşulur:
– Qahaba göstərilən qayğını müxtəlif sahələrdə görmək olar. Elə götürək sahibkarlığı. Kənddə 4 çörək, 1 bərk pendir istehsalı sahəsi fəaliyyət göstərir. Mən özüm heyvandarlıqla məşğul oluram. Bunun üçün müxtəlif dövlət yardımlarından yararlanıram. Yaxşı da qazanıram. Kənddə bu sahəyə maraq ildən-ilə artır.
El ağsaqqalı Qəzənfər Zamanov yenidən söhbətə müdaxilə edir:
– Bu gün sevincimin həddi-hüdudu yoxdur. Yaşımın bu vaxtında Qahabın belə çağlarını görmək mənə də qismət oldu. Elə bil ki, cavanlaşmışam. Bugünkü cavanlara isə sözüm odur ki, tikilənləri qorusunlar. Bu həcmdə quruculuq işi asan başa gəlməyib.
Yeni kənd mərkəzində
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi Mirzəmməd Qasımlı ilə müasir iş şəraiti yaradılmış kənd mərkəzinə daxil oluruq. Deyir ki, 3429 nəfər sakini, 843 təsərrüfatı olan Qahab Babək rayonunun böyük yaşayış məntəqələrindən biridir. Bu il kənddə kompleks quruculuq tədbirləri həyata keçirilib. Quruculuq tədbirlərindən biri Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolunun yenidən qurulmasıdır. Mirzəmməd Qasımlı bildirdi ki, kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi üçün otaqların və 83 yerlik iclas zalının ixtiyarımıza verilməsi bu təşkilatlarda çalışanların məsuliyyətini daha da artırıb. Mərkəzdə rabitə evi yaradılıb, 512 nömrəlik yeni ATS quraşdırılıb. Burada 385-i Qahab və 70-i Naxışnərgiz kəndlərində olmaqla, 455 abonentə xidmət göstərilir. Rabitə evində gündəlik mətbuatın, eləcə də danışıq və internet kartlarının satışı təşkil olunub.
Onunla mərkəzdəki otaqları gəzirik. Mədəniyyət evinin müdiri Səfəralı Nəsirovla həmsöhbət oluruq. Bildirir ki, 40 ilə yaxındır, mədəniyyət sahəsində çalışır. Belə şəraiti ilk dəfədir görür. Buna görə də kəndin mədəniyyət işçiləri adından minnətdarlığını bildirir. Vurğulayır ki, yaradılan şərait qahablılara nümunəvi mədəni xidmət göstərməyə imkan verdiyindən bu imkanlardan səmərəli istifadə etməyə çalışacaqlar.
Müasir səhiyyə ocağı
Kənd mərkəzinin yaxınlığında həkim ambulatoriyası qahablıların istifadəsinə verilib. İki mərtəbədən ibarət olan bu səhiyyə müəssisəsində 8 tibb işçisi əhalinin sağlamlığının qayğısına qalır. Ambulatoriyada stomatoloji kabinə, peyvənd, mama, baş həkim, tibb bacısı, manipulyasiya otaqları, aptek və doğuş zalı vardır. Səhiyyə müəssisəsi müasir tibbi avadanlıqlar, lazımi dərman vasitələri ilə təmin edilib.
Bütün bunlardan razılıqla danışan səhiyyə ocağının baş həkimi Fazilə Abbasovanın onlara yaradılan şəraitdən məmnun qaldığını hiss etmək çətin deyildi. Deyir ki, sakinlər arasında səhiyyə maarifi işi aparılması diqqət mərkəzində saxlanılır, yaşlı insanlara, körpələrə evlərində tibbi xidmət göstərilir. Burada müayinəyə gələn Məlahət Paşayeva bir qahablı kimi yaşadığı kənddə yaradılanların onu da ürəkdən sevindirdiyini dilə gətirdi. Məlahət Paşayeva və ambulatoriyanın baş həkimi kənd adamları və səhiyyə işçiləri adından dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Təhsildə qazanılan
uğurlar artacaq
Qahab kəndində təhsilin inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, yaşayış məntəqəsinin təhsil ocağını bitirən Nadir Əliyev, Gülü Əsgərova, Nəbi Əsgərov müxtəlif elm sahələri üzrə elmlər və fəlsəfə doktorlarıdır. Onlar haqqında kənd məktəbinin yeni binasında ürəkdolusu söhbət etdilər. Məktəbin direktoru Müzəffər Zamanov bildirdi ki, bir neçə gün əvvəl qapılarını müəllim və şagirdlərin üzünə açan yeni məktəb binası belə alimlərin sayının çoxalmasına imkan verəcək, daha böyük uğurlar qazanılmasını təmin edəcək.
Məlumat üçün bildirək ki, torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlmiş 4 qahablı orta təhsillərini bu məktəbdə alıb. Məktəb onlardan birinin, şəhid Babək Əliyevin adını daşıyır. Hazırda məktəbdə 380 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Ötən dərs ilində məktəbin 16 məzunu ali məktəb tələbəsi adına layiq görülüb. Bir nəfər texnikuma qəbul olunub.
612 şagird yerlik yeni məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Məktəbdə 34 sinif otağı, fizika və kimya laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 4 elektron lövhəli sinif, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı vardır. Pulsuz dərsliklərlə təminatla yanaşı, zəngin fonda malik kitabxanaların istifadəyə verilməsi də şagirdlərin dünyagörüşünün formalaşmasına xidmət edir. Məktəbin 14 min 314 kitab fonduna malik yeni kitabxanası bədii ədəbiyyat və dərsliklərlə zənginləşdirilib. Kitabxanada kompüter dəstinin quraşdırılması və internetə qoşulması isə internetdən səmərəli istifadə etməklə elektron nəşrlərin əldə olunmasına imkan verib. Kompüter otaqlarındakı 57 kompüter dəstinin hər biri internetə qoşulub. Lazımi cihaz və avadanlıqlarla təchiz olunan fizika, kimya və biologiya laboratoriyaları biliklərin təcrübi yolla möhkəmləndirilməsinə şərait yaradıb. Məktəbdə həmçinin şahmat sinfi istifadəyə verilib.
Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinədə bütün imkanlar var. Burada sıra, atəş, mühəndis və tibb hazırlıqlarını əks etdirən stendlər və digər əyani vasitələr qoyulub. Məktəbin pedaqoji kollektivi yeni dərs ilinin ilk günlərindən təhsil ocağında işin səmərəli qurulmasına çalışır, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar yetişdirmək üçün müasir təlim üsullarına üstünlük verir, məktəbdənkənar və sinifdənxaric məşğələlərin səmərəli təşkilinə çalışır. Məktəbdə tərtib olunmuş iş və tədbirlər planlarında müxtəlif tarixi və əlamətdar günlər, bayramlar münasibətilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
* * *
Yolumuzu yeni xidmət mərkəzindən salırıq. Əsasən yerli istehsal məhsullarının satışının təşkil edildiyi mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Kənd məktəbinin müəllimi Hüseyn Əliyev deyir ki, indiyədək Qahabda 1 xidmət mərkəzi fəaliyyət göstərirdı. Kənd böyük olduğu üçün həmin ticarət obyekti qahablıların gündəlik tələbatını ödəyə bilmirdi. Bu da bir sıra narazılıqlara səbəb olurdu. Artıq bu çətinliyimiz də aradan qalxdı.
Qahabdan ayrılarkən son illər muxtar respublikada şəhər və kənd arasında olan fərqlərin aradan qaldırılması istiqamətində görülən işləri göz önünə gətirdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Qahab Kənd Mərkəzinin açılışında bununla bağlı dediyi sözləri xatırladım: “Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması aparılan abadlıq-quruculuq işlərindən, yaradılan müasir infrastrukturdan asılıdır. Belə ki, kəndlərin tamamilə qazlaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi, internetdən istifadə, televiziya yayımlarının həyata keçirilməsi insanların rahat yaşayışına və əhalinin daha sıx məskunlaşmasına səbəb olur. Bu gün Qahab kəndində yaradılan şərait də əhalinin problemlərinin vaxtlı-vaxtında həll olunmasına, onların öz təsərrüfatları ilə rahat məşğul olmalarına imkan verəcəkdir... Bu gün istifadəyə verilən yeni məktəb binası kənddə uşaqların yaxşı təhsil almasına, kənd mərkəzi dövlət qurumlarının fəaliyyətinin səmərəli təşkilinə, həkim ambulatoriyası insanların sağlamlığının qorunmasına, yol isə onların rahatlığının təmin olunmasına xidmət edəcəkdir. Ümumilikdə isə bütün bunlar kəndin inkişafına hesablanmış tədbirlərdir”.
Muxtar MƏMMƏDOV