Sentyabrın 30-da “N” hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən, hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların buraxılış mərasimini “N” hərbi hissənin zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açıb.
Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini, general-mayor Vasif Kazımov müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların muxtar respublikamızın müdafiəsində cəsarətlə dayandıqlarını bildirib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Hacıqadir Qədirzadə çıxış edərək ehtiyata buraxılan hərbi qulluqçuları təbrik ediblər.
Çıxışlarda bildirilib ki, ehtiyata buraxılan gənclər Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün qorunması, muxtar respublikamızın təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının qarşısının alınmasında öz vəzifə borclarını şərəf və vicdanla yerinə yetiriblər. Ancaq unutmamalıyıq ki, torpaqlarımızın bir hissəsi düşmən tapdağı altındadır. Bizim ən böyük vəzifəmiz bu torpaqları işğaldan azad etməkdir. Ali Baş Komandan cənab İlham Əliyev bu yolda qətiyyətli addımlar atır. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, onun qətiyyətli Prezidenti, qüdrətli dövləti və güclü ordusu var.
Sonra ehtiyata buraxılan hərbi qulluqçulara hərbi biletlər təqdim olunub.
Tədbirin bədii hissəsində isə Naxçıvan Muxtar Respublikasının yaradıcı kollektivləri hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış ediblər.
Xəbərlər şöbəsi