23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 29-da Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “90 il. Naxçıvan Muxtar Respublikası” miniatür kitabının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, muxtar respublika oxucularını təbrik etmiş, kitabın ərsəyə gəlməsində əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəkkürünü çatdırmışdır.
Bildirilmişdir ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər planında digər tədbirlərlə yanaşı, muxtar respublikanın 90 illiyinə həsr olunmuş kitabların nəşri də nəzərdə tutulmuş, ötən dövr ərzində “Naxçıvan tarixi” çoxcildliyinin I cildi, “Naxçıvan Muxtar Respublikası – 90” statistik toplusu, “Qədim-yeni Naxçıvanım”, “Naxçıvan xalq musiqisi” və digər kitablar nəşr olunmuşdur. Hazırda “Naxçıvan Muxtar Respublikasının yubileyləri”, “Naxçıvan tarixi” çoxcildliyinin II cildi, “Naxçıvan Muxtar Respublikasının təşkili: tarix və müasirlik” kitabları və “Naxçıvan 1924-2014” fotoalbomu nəşrə hazırlanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri demişdir ki, 2014-cü il aprelin 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi hörmətli Prezidentimizin iştirakı ilə dövlət səviyyəsində qeyd olundu. Yubileylə bağlı “Naxçıvan Muxtar Respublikası – 90” kitabı və “Naxçıvan” jurnalının xüsusi nömrəsi hazırlanaraq işıq üzü gördü. Bu günlərdə Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin xətti ilə çap olunan “90 il. Naxçıvan Muxtar Respublikası” adlı miniatür kitab da muxtar respublikanın yubileyinə həsr olunmuş növbəti çap məhsuludur. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışlarının öz əksini tapdığı, eləcə də fotoşəkillərin yer aldığı miniatür kitab Naxçıvan Muxtar Respublikasının yubileyinə layiqli töhfədir.
Sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək nəfis tərtibatla çap edilən miniatür kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndirmişlər.
“90 il. Naxçıvan Muxtar Respublikası” kitabının naşiri və tərtibatçısı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Zərifə Salahova muxtariyyətinin 90 illik yubileyini qeyd edən Naxçıvanın yüksək sürətlə inkişaf etdiyini, sosial-iqtisadi inkişafına görə Azərbaycanda liderliyini qoruduğunu, bütün sahələrdə nümunə göstərdiyini bildirmişdir.
Kitabın təqdimat mərasiminin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçirilməsinin onun üçün böyük mənəvi dəyəri olduğunu qeyd edən Zərifə Salahova ulu öndər Heydər Əliyevin həyatının hər anında canı qədər sevdiyi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana, onun inkişafına, təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirdiyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda Zərifə Salah­ova “90 il. Naxçıvan Muxtar Respublikası” miniatür kitabını Heydər Əliyev Muzeyinə hədiyyə etmişdir.
Qeyd edək ki, yüksək poliqrafik üslubda, nəfis tərtibatda çap olunan kitabda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncam, 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi, həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışı, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncamları yer almışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il aprelin 7-də Naxçıvana səfəri çərçivəsində iştirak etdiyi tədbirlərdən, açılış mərasimlərindən, görüşlərdən çəkilmiş fotoşəkillər də miniatür kitaba daxil edilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR