Muzeylər tariximizin və mədəniyyətimizin təkcə saxlanc yeri deyil, həm də təbliğ edildiyi məkanlardır. Bir xalqın sahib olduğu muzeylərin zənginliyi həmin xalqın tarixinin və mədəniyyətinin zənginliyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Elə bu məqsədlə də muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün “Muzey günləri” tərtib olunub. “Muzey günləri”ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar. Bu tədbirin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən muzeylərlə ictimaiyyət arasında əlaqənin möhkəmləndirilməsindən, görkəmli şəxsiyyətlərimiz, qədim tariximiz və zəngin mədəni irsimiz haqqında kollektivləri məlumatlandırmaqdan ibarətdir.
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. “Xan Sarayı”nın binası yenidən qurulmuş, bu mədəniyyət müəssisəsinin fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə verilmişdir. 2010-cu il dekabrın 17-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin açılışı olmuşdur. Muzeyin yaradılmasında əsas məqsəd Azərbaycanın milli dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğidir.
Kollektivlər həmçinin hədiyyələr mağazası və qədim musiqi alətlərinin hazırlanması sexinin fəaliyyəti ilə də tanış olmuşlar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin əməkdaşları Heydər Əliyev Muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Ombudsman Aparatı və Dövlət Gömrük Komitəsinin əməkdaşları Açıq Səma Altında Muzeydə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Daxili İşlər Nazirliyinin kollektivləri Ədəbiyyat Muzeyində, Naxçıvan Muxtar Respublikası Vergilər və Maliyyə nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İqtisadiyyat və Sənaye Nazirliyinin kollektivi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birlikdə Dövlət Xalça Muzeyində olmuşlar.
“Şərq qapısı”