Son illər hədər yerə Naxçıvan Muxtar Respublikasını Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki qədim diyarımız, həqiqətən də, özünün yüksəliş, inkişaf, intibah, qısaca, tarixinin qızıl dövrünü yaşayır. Bir sıra beynəlxalq ekspertlər Naxçıvanı həm də regional cazibə mərkəzi adlandırırlar. Səbəb isə çox sadədir: inkişaf olan məkanlarda əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər və sair istər insanların, istərsə də xalqların diqqətini cəlb edir, maraq yaradır. Hər kəsi təəccübləndirən digər bir mühüm amil isə bütün bu nailiyyətlərin 23 ildir, davam edən blokada şəraitində əldə edilməsidir.
Naxçıvan Muxtar Respublikasının ağır blokada şəraitində sosial-iqtisadi yüksəlişə nail olmasını izah etməyə çalışanlar, əsasən, üç məsələ ətrafında eyni mövqedən çıxış edirlər. Bunlardan birincisi, muxtar respublikada ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının dərhal, təxirə salınmadan yerinə yetirilməsi, ikincisi, qədim diyarın muxtariyyətidir. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması da mühüm amil kimi diqqəti cəlb edir. Təbii ki, bütün bunları böyük şövqlə həyata keçirmək üçün gərək insanlarda yüksək vətənpərvərlik ruhu, Vətən sevgisi, yurda, xalqa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət hissləri olsun. Əminliklə demək olar ki, Naxçıvanda bütün işlər Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində görülür.
Naxçıvan Muxtar Respublikasının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Məsələyə daha geniş prizmadan nəzər yetirsək, görərik ki, yuxarıda qeyd etdiyimiz amillər özündə böyük həqiqətləri əks etdirir. “Odlar diyarı”, həmçinin bütövlükdə, türk dünyası üçün çox böyük strateji əhəmiyyət kəsb edən Naxçıvan Muxtar Respublikasının yüksəlişi, sosial-iqtisadi baxımdan güclənməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, torpaq bütövlüyünün qorunması və digər mühüm məsələlər dahi rəhbər Heydər Əliyevin siyasi xəttinin əsas tərkib hissələrindən biri idi. Təsadüfi deyil ki, ulu öndərimiz 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan üçün taleyüklü məsələlərin həllinə xüsusi diqqət yetirmiş, Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xüsusi əhəmiyyət vermişdir.
Faktlara nəzər yetirsək, bunu daha aydın görə bilərik. Məsələn, 1965-ci ilə nisbətən 1968-ci ildə qədim diyarımızda sənaye məhsulu 20 faiz artdığı halda, 1970-ci ildə bu rəqəm 83 faiz olmuşdur. 1971-75-ci illərdə xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu 46 il (1925-70-ci illər) ərzində qoyulmuş əsaslı vəsaitdən xeyli çox olmuşdur.
Həmin illərdə Araz çayı üzərində iri su anbarı ilə birlikdə su elektrik stansiyası, Alt Trikotaj Məmulatları Fabriki, yeni mineral su zavodu, Şüşə Qablar Zavodu, Taxıl Məhsulları Kombinatı, Evtikmə Kombinatı, Dəmir-Beton Məmulatları Zavodu, şərabçılıq müəssisələri, süd zavodu, bütövlükdə, 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Naxçıvan Xalça Kombinatının, Şərur Konserv Zavodunun, yeni dəmir-beton məmulatları müəssisələrinin tikintisinin başa çatdırılması, mövcud müəssisələrin, xüsusən Naxçıvan Elektrotexnika Zavodunun, Ordubad Konserv Zavodunun və İpək Fabrikinin yenidən qurulması sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında 1969-cu ildə 1, 1970-1979-cu illərdə 13, 1981-1985-ci illərdə 7 (cəmi 21 iri müəssisə) sənaye müəssisəsi tikilmiş, bir neçə sənaye müəssisəsi əsaslı surətdə yenidən qurulmuşdur. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. 1970-ci illərdə muxtar respublikada sənayenin sahə quruluşunda xeyli dəyişikliklər baş vermişdir. Maşınqayırma və metal emalı, tikinti materialları və yeyinti sənayesinin ümumi məhsul istehsalında xüsusi çəkisi artmışdır.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra da Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi əhəmiyyət vermiş, onun yolunu davam etdirən vətənpərvər naxçıvanlılar müəyyənləşdirilmiş hədəflərə doğru inamla irəliləmişlər.
Naxçıvanın inkişafına səbəb olan digər amil: ulu öndərin tarixi tövsiyələri və muxtariyyət
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır. Ulu öndərimiz Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında respublikamız üçün mühüm əhəmiyyətə malik olan Naxçıvanın muxtariyyəti məsələsinə toxunaraq demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Xalqımızın böyük oğlu Heydər Əliyevin bu sözləri gələcək nəsillərə tarixi vəsiyyətdir, böyük şəxsiyyətin qarşımıza qoyduğu mühüm vəzifədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin bu məsələni xüsusi vurğulaması da səbəbsiz deyil. Çünki tarix də sübut edib ki, Naxçıvanın muxtariyyəti onun mövcudiyyəti ilə həmahənglik təşkil edir.
Qədim diyarın Azərbaycanın tərkibində saxlanılması məqsədilə muxtariyyətə nail olmaq yolunda qəhrəman, igid naxçıvanlılar çox böyük fədakarlıqlara qatlaşmış, çətinliklərə sinə gərmişlər və nəhayət, ümummilli məqsədə nail olmuşlar. 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan MSSR-ə çevrilmişdir.
Sonrakı proseslər göstərdi ki, məkrli düşmən Naxçıvanın muxtariyyətə nail olmaqla Azərbaycanın tərkibində qalması reallığı ilə heç vaxt barışmamışdır. Çünki ermənilər hələ sovet dönəmində muxtariyyətin ləğv edilməsi ilə bağlı mərkəzi hakimiyyət qarşısında məsələ qaldırmağa çalışmış, ancaq yenə də buna nail ola bilməmişlər. Onu da deyək ki, keçmiş ittifaq dövründə Naxçıvanın muxtariyyətinin saxlanılması məsələsində Heydər Əliyev amili çox mühüm rol oynamışdır. Ermənilər ulu öndərin Moskvada əsaslı siyasi dairələrdəki nüfuzu qarşısında aciz qalmış, heç bir istəklərini reallaşdıra bilməmişlər.
1980-ci illərin sonlarında Naxçıvan yenə təhlükələrlə üzü-üzə qaldı. 90-cı illərin əvvəllərində ermənilərin Naxçıvana basqınları bölgədə çox mürəkkəb və təhlükəli vəziyyət yaratmışdı. Ancaq muxtar respublikanın qarşılaşdığı vəziyyət, üzləşdiyi çətinliklər yenə də qorxmaz və igid övladların bacarığı ilə aradan qaldırıldı. Xüsusilə 1990-cı il iyulun 22-də dünya miqyaslı siyasi xadim Heydər Əliyevin Naxçıvana gəlməsi, yerli əhali ilə birlikdə olması bu diyarı gələcək bəlalardan qurtarmış, əhalinin inam və mübarizəsinə güc və qüvvət vermişdir.
Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, yeritdiyi uzaqgörən siyasət bölgəni və əhalini gözlənilən bəlalardan xilas etmişdir. Xarici təhlükənin aradan qaldırılması, daxili sabitliyin və inkişafın əsası bu illərdə qoyulmuşdur.
Naxçıvan yüksəliş, intibah dövrünə qədəm qoyur
Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra da Naxçıvan Muxtar Respublikasının inkişafını, onun təhlükəsizliyinin təmin edilməsini, mövcud problemlərinin həllini daim diqqət mərkəzində saxlamışdır.
Hər birimizə məlumdur ki, 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası ən ağır dövrünü yaşamış, təbii qazdan məhrum olan əhali fasilələrlə verilən elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalmışdı. Bununla birlikdə, blokada şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması, alternativ yollarla bir sıra problemlərin həll olunması istiqamətində işlər davam etdirilirdi. Təəccüblü burasıdır ki, məhz belə bir şəraitdə də inkişafa, necə deyərlər, yol açılmışdır.
Son 19 il ərzində həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
1996-cı ildən etibarən bir sıra sənaye müəssisələrinin fəaliyyəti bərpa olunmuş, yeni istehsal sahələri yaradılmış, əvvəllər istehsal edilməyən yeni sənaye məhsullarının istehsalına başlanılmışdır. Müqayisə üçün deyək ki, 2003-cü ildə muxtar respublikada 17,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 1993-cü ildəkindən 3,4 dəfə çoxdur.
1993-2003-cü illər ərzində muxtar respublikada əsas kapitala 147 milyon 394 min manat həcmində investisiya yönəldilmiş, həyata keçirilən islahatlar aqrar-sənaye potensialından səmərəli istifadə edilməsi üçün zəmin yaratmışdır.
Sosial-iqtisadi inkişafın Naxçıvan modeli 2003-2013-cü illərdə böyük uğurların əsasını qoymuşdur
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən sosial-iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində qədim diyarımızın əldə etdiyi uğurlar ardıcıl xarakter almışdır. Bununla da, 2003-2013-cü illərdə ərzaq və enerji təhlükəsizliyi tam təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikada investisiya potensialından tam və kompleks şəkildə istifadə olunmasını, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələrinin yaradılmasını, məşğulluq səviyyəsinin yüksəldilməsini, əhalinin təhsil, səhiyyə və digər sosial təminatlarının daha da yaxşılaşdırılmasını təmin etmişdir.
İqtisadi inkişafın əsas ölçüsü hesab olunan Ümumi Daxili Məhsul istehsalının həcmi 2013-cü ildə 2 milyard 339 milyon manat olmuşdur ki, bu da 2003-cü ildəki müvafiq göstəricini müqayisəli qiymətlərlə 8,4 dəfə üstələmişdir.
2013-cü ildə hər bir nəfərə düşən ÜDM-in həcmi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,9 dəfə artaraq 5423 manat səviyyəsində olmuşdur.
2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2,6 dəfə, informasiya və rabitə xidmətləri 10,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 11,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə, ixracın həcmi 96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər 8,8 dəfə, orta aylıq əməkhaqqı isə 9,8 dəfə artmışdır.
Muxtar respublika üçün ən önəmli olan məsələlərdən biri də enerji təhlükəsizliyinin təmin edilməsi idi. Sevindirici haldır ki, qeyd etdiyimiz illər ərzində bu məsələ öz həllini tapmışdır. Əldə edilən ən böyük uğurlardan biri və birincisi də budur. Əgər 2003-cü ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, aparılan məqsədyönlü islahatlar nəticəsində bu müəssisələrin sayı 7-yə çatdırılmış, hazırda Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilməkdədir.
Bu dövr ərzində muxtar respublikada 9 elektrik yarımstansiyası yaradılmış, 4 elektrik yarımstansiyası isə yenidən qurulmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin aprelin 7-də Naxçıvana səfəri zamanı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimi keçirilmişdir. Bu, Naxçıvanın elektrik enerjisi ilə təmin olunmasında növbəti uğurlu bir hadisə kimi yaddaşlarda qalmışdır.
14 illik fasilədən sonra 2005-ci il dekabrın 20-də muxtar respublikaya mavi yanacağın verilməsinin bərpa olunması isə əhalidə çox böyük sevinc hissləri yaratmışdır. İnsanlar, sözün həqiqi mənasında, uzun illərin çətinliklərindən xilas olmuşlar. Təkcə bu fakt əldə edilən uğurların miqyasını əks etdirməyə kifayət edər.
2014-cü ilin ilk 8 ayının nəticələri sosial-iqtisadi inkişafın növbəti göstəricisidir
Bu gün Naxçıvanın sosial-iqtisadi inkişafı sürətlə davam edir. 2014-cü ilin 8 ayının nəticələri də belə deməyə əsas verir. Təbii ki, qeyd olunan inkişaf, əsasən, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, gəlirlərinin artmasında özünü göstərir. Budur, ötən 8 ay ərzində də Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirlərinin artımı davam etməkdədir. Cari ilin yanvar-avqust aylarında muxtar respublikada gəlirlər 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 1 milyard 92 milyon 215 min manatdan çox olmuş, onun hər bir nəfərə düşən həcmi isə 1,5 faiz yüksələrək 2499,6 manat təşkil etmişdir.
İnfrastrukturun günün tələbləri səviyyəsində qurulması qədim diyarımızda əsas prioritetlərdən biridir. Fəxrlə deyə bilərik ki, bu və digər məsələdə muxtar respublika bu il də Azərbaycanda liderliyini qoruyub saxlamaqdadır. Ötən 8 ay ərzində infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 620 milyon 18 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 540 milyon 482 min manatı və ya 87,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Abadlıq-quruculuq işləri bu gün də sürətlə davam etdirilir.
Nəticə
Naxçıvan Muxtar Respublikasının inkişafını əks etdirən yüzlərlə faktlar var və təbii ki, bütün bunları bir məqaləyə sığdırmaq olmaz. Bu bir daha göstərir ki, 23 ildir, blokada şəraitində yaşayan qədim diyarımız bu gün çağdaş intibah dövrünü yaşayır, yüksək sürətlə inkişaf edir.
Ölkə rəhbəri cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın və ümumilikdə, türk dünyasının mühüm strateji məkanıdır. Qədim yurda göstərilən diqqət və qayğı Azərbaycanın milli maraqlarının tələbidir. Bu mənada 2003-cü ildən bu tərəfə dövlət başçımızın muxtar respublikaya 11 dəfə səfər etməsi, burada aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işləri ilə, dahilər yurdunun təhlükəsizliyinə dair məsələlərlə yerindəcə tanış olması, qarşıda duran vəzifələri müəyyənləşdirməsi, lazımi tapşırıqlarını və tövsiyələrini verməsi təsadüfi deyil. Hər səfərdə isə Naxçıvanda aparılan sosial-iqtisadi və mədəni quruculuq, çoxsaylı yeni iş yerlərinin açılması, əhalinin rifahının yüksəlməsi Prezident İlham Əliyevi həmişə razı salmış, məmnun etmişdir.
Azərbaycan Prezidenti bu il aprelin 7-də qədim diyara növbəti səfəri zamanı Naxçıvanda görülmüş işləri yüksək qiymətləndirərək demişdir: “Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Rauf Əliyev