Son 19 ildə muxtar respublikada aparılan genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ulu diyarımız Naxçıvan yüksələn xətt üzrə inkişaf etmişdir. Bu inkişafın əldə olunmasında bölgədə həyatın bütün sahələrinə, o cümlədən elmimizə, təhsilimizə, mədəniyyətimizə göstərilən yüksək dövlət qayğısı mühüm və əhəmiyyətli rol oynamışdır.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında elmimizin baş qərargahı kimi dəyərləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmış, bundan sonra elmin müxtəlif sahələri üzrə aparılan elmi-tədqiqat işləri sistemli xarakter almış, aparılan araşdırmaların kəmiyyət və keyfiyyəti xeyli yüksəlmişdir. AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində Dissertasiya şuraları yaradılmış, müxtəlif elm sahələri üzrə 30-dan çox elmlər doktoru, 200-dən çox fəlsəfə doktoru hazırlanmışdır. Ərazidə çoxlu arxeoloji ekspedisiyalar, o cümlədən iki beynəlxalq ekspedisiya tədqiqatlar aparmış, uğurlu nəticələr əldə edilmişdir. Naxçıvan şəhərində müxtəlif vaxtlarda beynəlxalq konfrans və simpoziumlar keçirilmişdir. 1202 tarix-mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılmış, 60-dan artıq memarlıq abidəsi yüksək səviyyədə bərpa olunmuşdur. Bir sıra nəşriyyatlar işə başlamış, çoxlu elmi jurnallar işıq üzü görmüşdür. Alimlərimiz tərəfindən fundamental ümumiləşdirici əsərlər hazırlanmış, çoxlu monoqrafiyalar, kitablar, dərsliklər və metodik vəsaitlər nəşr etdirilmişdir. Nəticədə, Naxçıvan Muxtar Respublikası inkişaf etmiş elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir.
Qeyd olunan bu uğurların qazanılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı bir sıra fərman və sərəncamların böyük rolu olmuşdur. Mühüm siyasi-tarixi əhəmiyyətə malik dövlət sənədləri olan bu fərman və sərəncamlar alimlərin diqqətini müəyyən istiqamətlərə, aktual problemlərə yönəltmiş, nəticədə, bir sıra uğurlu işlər həyata keçirilmiş, tariximizin və mədəniyyətimizin müxtəlif problemlərinə dair sanballı nəticələrin əks olunduğu dəyərli əsərlər ərsəyə gəlmişdir.
Elmi ictimaiyyətə yaxşı məlumdur ki, muxtar respublikada hər hansı bir məsələ ilə əlaqədar lazımi şərait yarandıqda, məqam yetişdikdə Ali Məclisin Sədri onunla əlaqədar qərarlar qəbul etmiş, mühüm sərəncamlar imzalamışdır. Məsələn, Naxçıvan Muxtar Respublikasında alimlərin tədqiqatlarının nəticəsi olaraq, zəngin elmi xəzinə yarandığını, böyük nailiyyətlər əldə olunduğunu nəzərə alaraq bu nailiyyətləri bir yerə toplamaq, qoruyub gələcək nəsillər üçün saxlamaq, sistemli şəklə salmaq, kütləvi informasiya vasitələri ilə yaymaq, təbliğ etmək, ən yaxşılarını mükafatlandırmaq üçün təqdim etmək, onların fondunu, arxivini yaratmaq məqsədilə Ali Məclisin Sədri 17 fevral 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında Sərəncam imzalamışdır. Yaxud da Azərbaycanın tərkib hissəsi kimi Naxçıvanın tarix və mədəniyyətinin müxtəlif problemləri ilə əlaqədar geniş tədqiqat işlərinin aparılmasını, uğurlu nəticələr əldə edilməsini, bununla əlaqədar çoxlu monoqrafiyalar, kitablar, məqalələr yazılaraq elmi dövriyyəyə daxil edilməsini, muxtar respublikada yaradılan zəngin elmi-tədqiqat bazasının və kadr potensialının Naxçıvan tarixi ilə əlaqədar ümumiləşdirici bir əsərin hazırlanmasına və nəşrinə imkan verməsini nəzərə alaraq Ali Məclisin Sədri 6 avqust 2012-ci ildə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncam imzalamışdır.
Bu baxımdan Ali Məclis Sədrinin 23 avqust 2014-cü ildə imzaladığı “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, Mükafat Komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq olunması haqqında” və 4 sentyabr 2014-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi haqqında” fərmanlar Naxçıvan Muxtar Respublikasında elmə, texnikaya, mədəniyyətə və ədəbiyyata dövlət qayğısının yeni təzahürü kimi diqqəti cəlb edir. İmzalanan fərmanlarla elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikası mükafatları təsis edilmiş, bununla əlaqədar Mükafat Komissiyası yaradılmış, həmçinin Ali Məclisin Sədri yanında Bilik Fondu təsis edilmiş, Mükafat Komissiyasının Əsasnaməsi, Bilik Fondunun isə Nizamnaməsi təsdiq olunmuşdur.
Öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutan, Naxçıvan Muxtar Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, Azərbaycançılıq məfkurəsinin, o cümlədən Naxçıvanşünaslığın mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, dövlət siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan, hüquqi şəxs kimi dəyərləndirilən Bilik Fondunun yaradılması, eyni zamanda Əsasnaməsinə görə, iki ildən bir Naxçıvan Muxtar Respublikasının yaradıldığı gün – 9 fevral ərəfəsində dövlət büdcəsinin vəsaiti hesabına verilməsi nəzərdə tutulan, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə hər biri 5000 (beş min) manat məbləğində 5 (beş) Naxçıvan Muxtar Respublika Mükafatının təsis edilməsi muxtar respublikada elmimizə, elmi ictimaiyyətə dövlət qayğısının yeni və möhtəşəm bir təzahürüdür.
Fərmanların imzalanmasından az sonra, 16 sentyabr 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili ilə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov çıxış edərək imzaladığı fərmanlarla Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, Mükafat Komissiyasının, Bilik Fondunun yaradılmasında məqsəd və qarşıda duran vəzifələrdən danışmış, bununla bağlı bir sıra tövsiyə və tapşırıqlar vermişdir: “Fond muxtar respublika əhalisinin maarifləndirilməsi məqsədi ilə tədbirlər təşkil etməli, əhaliyə dolğun biliklər çatdırmalıdır. Həmçinin Naxçıvanşünaslığın mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etməlidir. Xeyriyyə marafonlarının və mədəni-kütləvi tədbirlərin keçirilməsi Bilik Fondunun fəaliyyət istiqamətlərindən olmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə gənclərlə işin təşkili üçün tədbirlər planı hazırlanmalıdır. Gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməlidir”.
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının qarşısında duran vəzifələrdən bəhs edərkən Ali Məclisin Sədri qeyd etmişdir ki, komissiya ilkin olaraq zəruri təşkilati işlər görməli, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə ən dəyərli əsər, yaxud layihələrin seçilməsinə ciddi yanaşmalı və tələbkar olmalıdır. Diqqət etmək lazımdır ki, mükafata təqdim edilən əsərlər elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlər olsun. Onlar fundamental və tətbiqi elmi araşdırmaların nəticələrini özündə əks etdirməlidir.
Ali Məclisin Sədri çıxışında əməkdaşı olduğum Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin də qarşısında mühüm vəzifələr qoymuşdur: “Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə birlikdə təhlil və tədqiqatların aparılmasına da xüsusi yer ayırmalı, dövlət siyasətinin mahiyyəti ilə bağlı materialların hazırlanaraq mətbuatda yayılmasını diqqətdə saxlamalı, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etməlidir”.
Həmçinin müşavirədə Bilik Fonduna Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, dövlət idarə və təşkilatları, ali təhsil müəssisələri ilə birlikdə mükafat üçün təqdim edilən əsərlərin ciddi şəkildə müzakirə olunması haqqında da tapşırıq verilmişdir.
Haqqında bəhs olunan fərmanlar və bu fərmanlar əsasında yaradılan qurumlar, onların Əsasnaməsi və Nizamnaməsi muxtar respublikanın elmi ictimaiyyəti tərəfindən razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Heç şübhəsiz ki, Ali Məclis Sədrinin imzaladığı bu fərmanlar Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat işlərinin genişlənməsinə, daha da sistemli xarakter almasına və canlanmasına, səmərəliliyinin və keyfiyyətinin yüksəlməsinə səbəb olacaq, yüksəksəviyyəli əsərlər yaratmaq üçün indiyədək bir sıra dəyərli əsərlər yazmış və yazmaqda olan alimlərimiz arasında yaxşı mənada yarış başlanacaqdır. Bu isə, nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasında elmimizin, mədəniyyətimizin və ədəbiyyatımızın daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
AMEA Naxçıvan Bölməsinin yaradılması münasibətilə 12 avqust 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə xalqımızın ümummilli lideri Heydər Əliyev belə bir fikir söyləmişdi: “Mən bəzən çox vacib sərəncamlar verirəm. Ancaq çox təəssüflər olsun ki, icraçılar o sərəncamın ruhunun səviyyəsinə qalxa bilmirlər. Onun hərfi mənasını da düzgün anlaya bilmirlər. Görürsən ki, gözəl sərəncam, gözəl təşəbbüs bir müddətdən sonra batmağa məruz qalır”. Məhz buna görə tədqiqatçılarımız göstərilən dövlət qayğısına cavab olaraq öz bilik və bacarıqlarını maksimum səfərbərliyə alaraq səylə çalışmalıdırlar ki, elmimiz və mədəniyyətimiz üçün çox böyük əhəmiyyət kəsb edən bu fərmanların ruhunun səviyyəsinə qalxsınlar və fərmanlardan irəli gələn vəzifələrin, həmçinin Ali Məclisdə keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən verilən tapşırıqların uğurlu həllinə nail ola bilsinlər.
Heç şübhəsiz ki, Ali Məclisin Sədri tərəfindən imzalanan bu mühüm dövlət sənədləri Naxçıvan Muxtar Respublikasında yaradılan münbit elmi mühitin daha da inkişaf etməsinə öz layiqli töhfəsini verəcək, bu istiqamətdə aparılan işlərin səviyyəsinin yüksəlməsinə, keyfiyyətinin artmasına səbəb olacaq, yaradıcı ziyalıları daha sanballı əsərlər yaratmağa həvəsləndirəcək və bu işlərin yerinə yetirilməsinə zəmin yaradacaqdır.
Fəxrəddin SƏFƏRLİ, AMEA-nın müxbir üzvü