Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” imzaladığı Sərəncam hər bir kəsi ürəkdən sevindirdi. Biz tədqiqatçıları da həmçinin. Bu sərəncam alimlər qarşısında dərin elmi axtarışlar və ciddi tədqiqatlar aparmaq kimi vəzifələr qoyub. Sərəncamda deyildiyi kimi: “Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır”.
Azərbaycanın zəngin milli dövlətçilik tarixi çox qədimdir. Milli dövlətçilik tariximizdə xanlıqlar dövrü özünəməxsus yer tutur. Çünki tarixi reallıq ucbatından yaradılan kiçik feodal dövlətlər – xanlıqlar Azərbaycan torpaqlarının yadellilər tərəfindən işğal edilməsinə qarşı mübarizə aparıb və cəsurluqla döyüşüblər. Həmin xanlıqlarda dövlət atributlarını müəyyənləşdirən rəmzlərə (simvollara) böyük hörmət və sədaqət göstərilib. Müasir Azərbaycan tarixşünaslığında xanlıqlar və onlara mənsub olan milli dövlətçilik atributları ilə bağlı xeyli sayda tədqiqat əsərləri yazılıb nəşr olunsa da, bir sıra məsələlər var ki, onlar öz elmi təhlilini gözləməkdədir.
Naxçıvan xanlığının tarixi uzun illər kompleks şəkildə araşdırılmadığından, necə deyərlər, bir əyalət tarixi kimi unudulmuşdu. Bu azmış kimi Sovet hakimiyyəti illərində xalqımızın dövlət atributlarını müəyyənləşdirən simvollara məxsus bayraq, ştandart (döyüş bayrağı), bunçuk, tug, qılınc, möhür və sairə qarşı olan biganəlik onların itib-batmasına, həmçinin məhvinə səbəb olub.
Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra aparılan ciddi tarixi araşdırmalar göstərdi ki, Naxçıvan xanlığı orijinal tarixi mərhələ yaşayıb. Bildiyimiz kimi, Azərbaycan xanlıqları içərisində təkcə Quba və Naxçıvan xanlıqlarının ərazisində iki şəhər mövcud olub. Amma araşdırmalar göstərdi ki, Naxçıvan xanlığı ərazisində üç şəhər var imiş: Naxçıvan, Ordubad və Əylis şəhərləri.
1752-ci ildə Azad xan Əfqanlı hücum edərək Əylis şəhərini dağıdıb. Sonralar onun yerində Aşağı və Yuxarı Əylis kəndləri yaranıb. Naxçıvan xanlığında milli dövlətçilik rəmzlərinə böyük sevgi və qayğı olduğu haqda dəyərli məlumatlar da aşkar edildiyindən biz bununla bağlı bildiklərimizi qəzetimizin oxucuları ilə bölüşmək istədik.
Əvvəlcə qeyd edək ki, Naxçıvan Kəngərlilərinin hərb tarixi çox zəngindir. Azərbaycanın, Rusiyanın, Gürcüstanın və digər ölkələrin mərkəzi dövlət arxivlərində onların fəaliyyəti ilə bağlı çoxlu sənədlər saxlanılır. Onların xeyli hissəsini öyrəndikdən sonra aşkar oldu ki, bu sahədə daha ciddi araşdırmalar aparmalıyıq. Çünki Naxçıvanın Kəngərli süvarilərinin hərb tarixinə təkcə bizim respublikada yox, xarici ölkələrdə də böyük maraq vardır. Və bu maraq təsadüfi deyil.
Kəngərli süvarilərinin hərb tarixi isə bir neçə ili yox, uzun yüzillikləri adlayıb gəlmiş və Naxçıvan xanlığının müstəqil fəaliyyət göstərdiyi illərdə daha da cilalanmışdır. Bu hərb tariximizdə sırf Naxçıvanla bağlı məsələlər vardır. Bu haqda bir az sonra.
1827-ci ildən sonra arada bir az fasilə olsa da, 1830-cu ildən sonra Rusiya imperiyasına birləşdirilən Naxçıvan yenə də öz süvari tarixi ilə öndə olub. Əslində, “bir az fasilə” adlandırdığımız zaman kəsiyində Kəngərli süvariləri məcburən iki müharibədə iştirak ediblər: 1826-1828-ci illərdə II Rusiya-İran və 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibələrində. Bəzən bir sıra, xüsusilə xarici tədqiqatçılar belə bir fikri aşılamağa çalışırlar ki, Naxçıvanın Kəngərli süvarilərinin hərb tarixi Rusiya imperiyası dövründə yaranıb. Bu səbəbdəndir ki, Naxçıvan xanlığının işğalından sonrakı dövrlərdə Kəngərli süvarilərinə Rusiya imperiyası tərəfindən bağışlanan bayraqlara ögey baxanlar da tapılır. Bizcə bu, doğru hal sayıla bilməz. Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvanın Rusiya ilə birgə hərb tarixi vardır. Azərbaycanlılar isə bu hərb tarixində öz hünərləri ilə xüsusi mövqe tutublar. Ona görə də Naxçıvan Kəngərlilərinin dəstə önündə apardıqları bayraqlarda milli dövlətçilik rəmzlərindən də gen-bol istifadə olunub.
Qeyd edək ki, Rusiya imperiyasının məqsədlərindən biri də xanlıqların tarixinin getdikcə unutdurulması olub. Naxçıvanın axırıncı xanı Kərim xanın əmri ilə Abbasabad qalasında 1827-ci ildə Kəngərli batalyonu önündə aparılan bayraq şahzadə Abbas Mirzənin naxçıvanlılara bağışladığı bayraq idi. Həmin bayraqda bəzi kənar rəmzlər olsa da, o bayraq Naxçıvan xanlığının əhalisindən təşkil olunmuş Kəngərli batalyonunun döyüş bayrağı idi və sonralar elə “Kəngərli batalyonunun döyüş bayrağı” adı ilə Tiflisdəki hərbi muzeydə nümayiş etdirilib. 1914-cü ildən sonra bayrağın Rusiyaya aparıldığı bildirilir. Bu bayrağın parçası qırmızı rəngli mahuddan ibarət olub.
Qeyd edək ki, Kəngərli süvarilərinin döyüş atlarının başlarına geydirdikləri kaporlar da qırmızı rəngli idi. Bu məsələyə də təkrar qayıdacağıq.
Rusiya imperiyasının Naxçıvanda hakimiyyəti dövründə, daha doğrusu, 1829-cu il iyunun 19-dan başlayaraq Naxçıvanın Kəngərli süvariləri Rusiyanın apardığı müharibələrdə döyüşməyə başlayıb. Onların Qara dəniz kazakları ilə eyni alayda döyüşmələrinə baxmayaraq, hamısı milli süvari geyimində idilər və süvari dəstənin önündə özlərinə məxsus bayrağı aparırdılar.
Biz bu bayraqlardan biri haqqında ətraflı danışmaq istəyirik. Milli Azərbaycan Tarixi Muzeyində həmin bayrağın bir surəti (rəngi solmuş olsa da) bərpa edilib saxlanılır. “Azərbaycan bayraqları” kataloqundakı məlumatdan: “Bu bayraq atlı-müsəlman alaylarına verilən bayraqlardan öz yaşıl rəngi və bəzi elementləri ilə fərqlənir. Qanovuz ipək parçadan olan dördkünc bayrağın ölçüləri 134x128 santimetrdir... Digər alay bayraqlarından fərqli olaraq, bu bayrağın yuxarı kənarında verilmiş ərəbdilli yazı lent üzərində deyil, bayraq parçasının üstündə verilmişdir: – “Xeyirxahlıq xeyirxahlıqla mükafatlandırılır. Ədalətli sultan Allahın yerdə kölgəsidir. Əl-Murad Kəngərli”. Bayrağın qalan elementləri digər alay bayraqlarında olduğu kimidir. Yalnız bayraq ağacı qara rəngə boyadılmışdır”.
Haqqında danışmaq istədiyimiz bu bayrağın yaşıl rəngli olması başqa bir arxiv sənədində də öz təsdiqini tapıb. XIX əsrin Rusiya və Azərbaycan hərb tarixini araşdıran alim Hacı Murad İbrahimbəyli 1969-cu ildə çap etdirdiyi kitabında yazır: “Azərbaycanlı döyüşçülər qızıl və gümüş düyməli çərkəzi çuxalar geyinmişdilər. Onlar bir-birlərindən şalvarları və üzərinə rəngli mahud parçadan ulduzlar tikilmiş uca papaqları ilə seçilirdilər. Hər bir alaya hər iki üzünə Azərbaycan dilində yazılmış, bərli-bəzəkli xüsusi bayraq bağışlanmışdı. Hər bir alayın və Kəngərli süvarilərinin bayraqlarının rəngi döyüşçülərin papaqlarının üzərindəki ulduzun rəngi ilə eyni idi. Bayraqlar qalın ipək parçadan hazırlanmışdı, hər üç tərəfdən qızılı saçaqları vardı. Bayraq ağaclarına iki əl şəkli bərkidilmişdi. Alayların əsrarəngiz görünüşü vardı. Döyüşçülər mütənasib bədənli idilər və gözəl geyinmiş, silahlanmış və əsl Qarabağ kəhərlərinin üstündə oturmuşdular. Nikolay Rusiyasının yüksək dairələri və o cümlədən xaricilər Azərbaycan polklarına heyran olmuşdular”.
Sonra müəllif digər alayların ulduzlarının rənglərini də təsvir edir. Yazır ki, Kəngərlilərin papaqlarındakı ulduz yaşıl rəngli idi. Əlbəttə, H.M.İbrahimbəyli arxiv sənədlərindəki məlumatları yazıya alıb.
Bütün bunlardan aydın olur ki, qraf İ.Paskeviçlə dost olan I Ehsan xan Kəngərli Naxçıvanın Kəngərli süvarilərinin döyüş bayrağının hazırlanmasında babalarına – Naxçıvanın Kəngərli xanlarına məxsus milli elementləri saxlamağa çalışıb və buna nail olub. Bayrağın üzərindəki Rusiya çarının tacı və ikibaşlı qartal, həmçinin Avropa döyüş mədəniyyətinə məxsus qalxan (Şərqdə, o cümlədən Naxçıvanda belə uzunsov döyüş qalxanından istifadə etməmişlər – müəllif) istisna olmaqla, bu bayraq Naxçıvan xanlığının zəfər tarixindən xəbər verir. Ümumiyyətlə, bayraqların, o cümlədən Naxçıvan xanlığında olan döyüş bayraqlarının rəngləri və parça üzərindəki şəkillər, yazıların hamısı rəmzlər hesab edilir. Bayraqşünasların dili ilə desək, bunlar “heraldik rəmzlər”dir.
Xəlifə Əl-Murad I Kalbalı xanın ulu babası Murad xandır. Bu haqda ətraflı yazmışıq. Qeyd edək ki, onun adının qarşısında “əl” komponentinin işlənməsi Şərq aləmindəki incəliklərdən xəbəri olmayan rusiyalı məmurları, kəşfiyyatçı tarixçiləri, etnoqrafları çaşdırmış və onlar Kəngərlilərin, guya, Ərəbistan yarımadasından, yaxud Osmanlı Diyarbəkirindən gəldiklərini yazmışlar. Amma hərtərəfli axtarışlarımız, əldə etdiyimiz arxiv sənədləri bunların uydurma olduğunu sübuta yetirdi. Kəngərlilər Naxçıvanın çox qədim zamanlardan sakinləridirlər. Şərq aləmində ərəb dili dini dil sayıldığından Səfəvi imperiyasında da yazıda işlədilirdi. “Xəlifə” sözü isə ərəbcədən tərcümədə “başçı, rəhbər” deməkdir.
Murad xanın yuxarıda verdiyimiz müdrik kəlamı 1829-30-cu illərdə əksər müsəlman polklarının bayraqlarının üzərində də onun adı olmadan yazılıb. Naxçıvan Kəngərlilərini küsdürmək istəməyən Rusiya sahibi-mənsəbləri Naxçıvan xanlığına məxsus bəzi rəmzləri bayraq üzərində saxlamağa məcbur olublar.
Məlumdur ki, yaşıl rəng islamı, ümidi və azadlığı... ifadə edir.
Naxçıvan xanlığına məxsus bayraqlardan birinin göy rəngli olması Rusiyanın apardığı Qafqaz müharibələrinin salnaməçisi, hərbi tarixçi V.A.Pottonun yazdığı çoxcildliyin dördüncü cildində (s.202) öz təsdiqini tapır. O yazır ki, Kəngərli süvarilərinin şiş papaqlarındakı ulduzlar göy rənglidir. Qeyd etmək yerinə düşər: V.A.Pottonun kitabı 1888-ci ildə Tiflisdə çap edilsə də, kitabdakı sənədlər 1833-cü ili xarakterizə edir. Sonralar, yəni 1854-cü ildə Naxçıvanın Bəy Drujinasına rəhbərlik edən II Kalbalı xan Kəngərli-Naxçıvanskiyə bağışlanan fəxri döyüş bayrağı göy rəngli idi. Artıq burada Kəngərli süvarilərinə başçılıq edən İsmayıl xan və Kalbalı xan Kəngərli-Naxçıvanskilər ulu babalarının döyüş bayraqlarına məxsus bir rəmzi – göy rəngi saxlatdıra bilmişdilər. Bu bayrağın da surəti Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır (inventar № 468).
Əvvəlki yaşıl bayraq sovet illərində baxımsızlıq ucbatından saralsa da, göy rəngli bayraq yaxşı qalıb. Bayraqşünaslıq elminə görə, göy rəng şan-şöhrət və sədaqət rəmzidir.
Uzun illərin axtarışlarından sonra Naxçıvan Kəngərli süvarilərinin döyüş atlarının başlarına geyindirdikləri kaporun fotoşəklini Bəyazid döyüşlərinin iştirakçısı Əşrəf ağa Kəngərlinin şəxsi arxivində tapdıq. Kaporun fotoşəkli dünya elm aləmində və mətbuatında ilk dəfə “Şərq qapısı” qəzetində dərc edilir. 1892-ci ildə çəkilmiş fotoşəkildən görünür ki, kapor qırmızı yaylıq deyil, zövqlə toxunmuş, hazırlanmış bir orijinal etnoqrafik incidir. Bu incinin açılması öz tədqiqatçısını gözləyir. Dünya hərb tarixində heç bir süvari dəstəsində və ya buna oxşar formada kapora rast gəlmədik. Naxçıvanın nə qədər zəngin və heyrət ediləcək süvari hərb tarixi varmış! Qırmızı rəng haqqında da çox deyirlər, yazırlar. Qırmızı rəng igidlik, cəsurluq, böyükürəklilik, dözümlülük və bütün bunların məcmusu olan məhəbbətin rəmzidir. Kaporla bağlı axtarışlarımız davam etməkdədir.
Aparılan axtarışlar cəsarətlə söyləməyə imkan verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə bayrağı qəbul edilərkən milli dövlətçilik tariximizin mühüm mərhələsi olan xanlıqlar dövründə istifadə edilən bayraqların, xüsusilə Naxçıvan xanlığı bayraqlarının rənglərindən istifadə edilib. Burada bir tarixi qanunauyğunluq da var. Heç də təsadüfi deyil ki, Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra üçrəngli dövlət bayrağımız ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qaldırıldı.
235 illik dövlətçilik tarixinə sahib olan Səfəvilər dövlətində Naxçıvanın Kəngərli süvarilərinə böyük inam və etibar var idi. Kəngərlilər də 1920-ci ilədək Şah İsmayılın ənənələrinə sadiq qaldılar. Ən başlıcası, Azərbaycanı və onun ayrılmaz hissəsi olan Naxçıvanı yağılardan qorudular.
Yeri gəlmişkən, Naxçıvan xanlığına və Kəngərli süvarilərinə aid arxiv sənədlərini araşdıranda ürəyimdə bir arzum olub. Müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda hərbi paradlarda Kəngərli süvariləri də olsunlar və onlar özlərinin orijinallığı ilə yenə də hamını heyran qoysunlar.
Naxçıvanın Kəngərli süvariləri həmişə milli dövlətçiliyimizi qoruyublar. Ona görə də onların özləri ilə döyüşə apardıqları bayraqların və Xan Sarayı üstündə dalğalanan bayrağın (bayraqların) axtarışındayıq. İnanırıq ki, Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərində olan muzeylərdə, həmçinin İranın Tehran şəhərindəki Qiymətli Cavahirlər Muzeyində axtarışlar aparılarsa, Naxçıvan xanlığına məxsus bayraqlardan nümunələr tapıla bilər. Və Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində nümayiş etdirilə bilər.
Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru