Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində tədbir keçirilmişdir.
Nazirliyin əməkdaşları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad etmiş, sonra nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxmışlar.
Yığıncaq nazirliyin akt zalında davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov nazirliyin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edərək onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.
Vəli Ələsgərov nazirliyin yaranması haqqında danışaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında xalqın dəstəyi ilə milli dövlətçiliyin bərpası uğrunda apardığı böyük siyasi fəaliyyətində ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasını mühüm prinsip kimi qəbul etmiş, muxtar respublikamızın müdafiəsinin və təhlükəsizliyinin təşkili məqsədilə xüsusi xidmət və hüquq-mühafizə orqanlarının yenidən qurulmasını özünəməxsus peşəkarlıqla həyata keçirmişdir. Dahi şəxsiyyət xüsusi xidmət orqanlarımıza rəhbərlik etdiyi və Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərdə milli təhlükəsizlik orqanlarını formalaşdırmış, milli dövlətçilik ənənələrini yaşadacaq gələcək nəsillər üçün müqəddəs və zəngin irs yaratmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq və dövlətçilik naminə qətiyyətli və yorulmaz xidməti nəticəsində blokada şəraitində olmasına baxmayaraq, bu gün diyarımız dinamik sosial-iqtisadi inkişafa nail olaraq tərəqqi yolunda irəliləməkdədir. Bu tərəqqi bütün sahələrlə yanaşı, xüsusi xidmət orqanlarımızı da əhatə etmiş, milli təhlükəsizliyimizə olan təhdidlərlə, həmçinin cinayətkarlıqla mübarizədə imkanları genişləndirmişdir. Muxtar respublika rəhbərinin qayğısını daim üzərində hiss edən nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi cari ildə də davam etdirilmiş, qarşıya qoyulan vəzifələrin daha çevik və keyfiyyətlə yerinə yetirilməsinə istiqamətlənmiş mühüm struktur islahatları həyata keçirilmişdir.
Bildirilmişdir ki, Milli Təhlükəsizlik Nazirliyi keçən dövr ərzində ümumi inkişafa yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmiş, dövlətimizin milli mənafelərinin qorunmasında mühüm rolu olan aparıcı dövlət orqanlarından birinə çevrilmişdir. Əks-kəşfiyyat xətti üzrə əməliyyat şəraiti diqqət mərkəzində saxlanılaraq narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya və mütəşəkkil cinayətkarlıqla bağlı digər sahələrdə də mübarizə ardıcıl davam etdirilmişdir.
Sonra çıxışlar olmuşdur.
Tədbirin sonunda xidmətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılmış, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti