“Əsrin müqaviləsi” gülünc gəldi çoxuna,
Ulu Heydərim baxdı kamanına, oxuna.
Od götürdü Od Oğlu Xəzərin sahilindən,
Oxu qoydu kamana Azərbaycan elindən.
Uçdu, uçdu yanar od, neçə ellər dolaşdı,
Neçə düzdən keçdi o, neçə də dağlar aşdı.
Yerin türk torpağından uçdu türk torpağına
Xəzərin sahilində çağlayan bu yanar od,
Düşdü Ceyhan elinə, düşdü türk torpağına.
Hamıya yuxu kimi gəldi bu uçuş, bu ad...
Ucalan türküm üçün bu, möhtəşəm bir qanad.
Bütün dünya danışdı, heyrət içində yandı,
Bu yolun varlığına ulu Heydər inandı.
İnandı, gün gələcək, türkün ali sözütək
Azərbaycan torpağı dünyada yüksələcək.
Düşmənlərim min hiylə, min ədavət yaratdı,
Bakıdan başlanan yol bir gün Ceyhana çatdı.
Çax-çux baş ağrıtsa da, döndü düşmən əzən daş,
Türkü istəməyənlər əzilsin yavaş-yavaş.
İnanmırdı düşmənim, çıxdıq dünya fövqünə,
Yaxşı gün arzulasan, çıxarsan yaxşı günə.
O, bir hikmət sahibi, O, bir nurdur, O, işıq,
Biz ki qaranlıqlarda işıqdan yaranmışıq.
Son misranı yazanda azan səsi gəlirdi,
Mənim ulu Heydərim göylərə yüksəlirdi.
Bizə ağız büzənlər görürdü biz kimik, kim.
Sərvətim yerə hakim, sərvətim göyə hakim.
Elman Həbibin “Heydərnamə” poemasından