Sentyabrın 19-da Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində ixtisas kursunu başa vurmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Polkovnik Mənsum Əhmədov çıxış edərək bildirib ki, ölkəmizdə milli ordu quruculuğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ordu quruculuğuna başlayan ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Qeyd olunub ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 2013-cü ilin dekabr ayında Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, bu ordunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr hazırlığı istiqamətində atılan uğurlu addımlar muxtar respublikanın etibarlı müdafiəsini təşkil etmək üçün daha geniş imkanlar açıb.
Vurğulanıb ki, bu gün ixtisas kursunu tam başa vurmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kurs dövrü müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlara yiyələniblər. Onlar müxtəlif hərbi hissələrdə öz xidmətlərini layiqincə davam etdirəcəklər.
Məzunlar adından çıxış edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rövşən Məmmədov Vətənə şərəflə xidmət edəcəklərinə söz verib.
Valideyn Mərdan Abbasov məzunlara xoş arzularını çatdırıb, övladının hərbçi olmasından böyük qürur hissi duyduğunu deyib.
Sonra məzunlara ixtisas hazırlığı kursu bitirmələri haqda sertifikatlar təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub.
Muxtar MƏMMƏDOV