23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyеv: XXI əsr barış əsri, sülh əsri olmalıdır. Bütün münaqişələr, müharibələr aradan götürülməlidir. Artıq dünya sülh yolu ilə, tərəqqi yolu ilə getməlidir, inkişaf etməlidir.


Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Bu gün üçün isə sülh yaşı milyon illərlə ölçülən dünyada milyonlarla insanın həqiqət nəğməsidir. Necə ki gündəlik yaşamaq üçün çörəyə, suya və nəfəsə ehtiyac duyuruq, eyni şəkildə bəşəriyyətin sülhə, sevgiyə və tolerantlığa ehtiyacı vardır. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh də hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sabit şəraitdə yaşamalı olan insanlar, min təəssüflər ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.

 Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. 1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin etmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur.

Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına, regionda sabitliyin yaranmasına nail olmuşdur. Bu, həm dövlətimizin sülh arzusunun ifadəsi, həm də həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi.
Ulu öndərin rəhbərliyi ilə Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması yolunda ardıcıl tədbirlər görülmüşdür. Lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirərək beynəlxalq sülhün tələblərini pozur.
ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu. Ümummilli lider tolerantlıq, dünyəvilik istiqamətində milliliyi, Qafqazda sülhü qoruyub saxlamağı başlıca amil hesab edərək demişdir: “Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə, dünyanın bütün ölkə­ləri və xalqları ilə əl-ələ verib getməyə hazırıq”.
Ümummilli liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində “ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək” Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.­
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan edərək demişdir: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu zərurət həm də onunla bağlıdır ki, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazimizin 20 faizi işğal olunmuş, on minlərlə insan öldürülmüş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürül­müş, 1 milyondan çox insan tarixi-etnik torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlülük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq”.
Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmişdir. Dahi şəxsiyyətin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bunun ən gözəl nümunəsidir.
Ulu öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyildir ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”, – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
2004-cü il noyabrın 11-də Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə BMT Baş Məclisinə təqdim olundu. Həmin məruzənin məntiqi nəticəsi olaraq, 2006-cı il sentyabrın 7-də BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 285 saylı qətnaməni qəbul etdi. Bunun ardınca özünün 62-ci sessiyasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülhə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək bütün erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”ə dair 2008-ci il 14 mart tarixli 244 saylı qətnamə qəbul etdi.
21 sentyabr – Beynəlxalq Sülh Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunur. Təcavüzkar qonşu dövlət tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən 20 ildən artıqdır ki, Naxçıvan blokada vəziyyətində yaşayır. Bütün bunlara baxmayaraq, muxtar respublikamız yaradılmış ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir, yeni uğurlara doğru addımlayır. Artıq Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası planetin ən təhlükəsiz guşələrindən biridir.

Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR