23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyеv: Azərbaycanın dövlət müstəqilliyini qoruyan dövlət atributlarından hər biri bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik Nazirliyi isə xüsusi yer tutur.


Bu gün Azərbaycan sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan dövlətə çevrilmişdir. Bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Odur ki, indiki mərhələdə təhlükəsizlik məsələləri ölkə­miz üçün daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var”.
Ölkəmizdə milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təşkili və xidmətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər istər ötən əsrin 50-60-cı illərində bu sistemdə çalışdığı və sonradan ona rəhbərlik etdiyi dövrlərdə, istərsə də 70-ci illərdən başlayaraq ölkəmizə rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın mənafeyinə uyğun qurulmasını təmin etmiş, şəxsi heyətin Azərbaycana sədaqətlə xidmət edən kadrlarla komplektləşdirilməsinə nail olunmuşdur.
Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən anarxiya, Ermənistanın işğalçılıq siyasəti və səriştəsiz şəxslərin ölkəyə rəhbərliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran içərisində yaşadığı bir vaxtda ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtması muxtar respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam oyatmışdı. Ermənistan tərəfindən hərbi-iqtisadi blokadaya alınmış muxtar respublikanın düşmən əlinə keçməməsi, siyasi və iqtisadi böhrandan çıxarılması yalnız xalqımızın böyük oğlunun misilsiz və fədakar fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu öndər böyük siyasətçi kimi bu regionun hansı mürəkkəb geosiyasi və coğrafi şəraitdə yerləşdiyini, ermənilərin tarixən bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün hansı fitnələrə əl atdığını yaxşı bilirdi. Buna görə də dahi şəxsiyyət muxtar respublikanın təkcə sosial-iqtisadi cəhətdən inkişafını deyil, həm də hərbi-siyasi cəhətdən möhkəmlənməsini ön plana çəkmiş, muxtar respublikanın təhlükəsizlik və müdafiə problemlərinin həllinin vacibliyini nəzərə alaraq xüsusi xidmət orqanlarında təxirəsalınmaz islahatlar həyata keçirmişdir. Məhz bu səbəbdən 1992-ci il sentyabrın 20-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılması haqqında qərar qəbul edilmişdir.
Şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tabeliyində olmuş Naxçıvan MR DTK bazasında yaradılmışdı. Ona görə də, ilk növbədə, bu qurumun qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti də dəyişməli idi. Əgər muxtar respublika Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı, ümumilikdə, sovet imperiyasının mövcudluğunun və strateji maraqlarının təminatına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran başlıca vəzifə muxtar respublika ərazisində Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına qarşı olan təhdidlərin, xarici dövlətlərin xüsusi xidmət orqanlarının və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətlərinin qarşısının alınması, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması və terrorizmlə mübarizə idi. Başqa sözlə desək, nazirliyin ən ümdə və təxirəsalınmaz vəzifəsi xalqımızın mənafelərini, milli maraqlarını, eləcə də dövlətçiliyimizi müdafiə və mühafizə etməkdi.
Bu gün fəaliyyətini dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması kimi ali məqsədlər naminə səfərbər etmiş Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İndi nazirlik yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmır, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirir. Əməliyyat fəaliyyətinin bütün aparıcı istiqamətlərində həyata keçirilən tədbirlər nəticəsində cəmiyyətimizin təhlükəsizliyinə və milli maraqlarımıza qarşı yönəlmiş cinayətkar əməllərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. Həyata keçirilmiş əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirləri nəticəsində muxtar respublikada casusluq yolu ilə hərbi, iqtisadi və digər sahələrə dair məlumatlar toplamağa çalışaraq Azərbaycan Respublikasının maraqlarına qarşı yönəlmiş fəaliyyətlərin qarşısı alınmışdır. Muxtar respublika ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, qanunsuz odlu silah əldə edilməsi, eləcə də mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də uğurlar qazanılmışdır. Cari ilin birinci yarımili ərzində ayrı-ayrı şəxslər və qabaqcadan əlbir olmuş qruplar tərəfindən qonşu ölkələrdə qanunsuz əldə olunmuş külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə muxtar respublika ərazisinə gətirilməsinin qarşısı alınmış, ümumilikdə, 8 nəfər maddi sübutlarla birlikdə saxlanılmışdır.
Hazırda nazirlik öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanları qarşısında vəzifə kimi qoyduğu ümumprofilaktik və qabaqlayıcı tədbirlərin keçirilməsi istiqamətində qurmuşdur. Cəmiyyətin mənəvi saflaşması, vətəndaşların və xüsusən gənclərin sağlam vətənpərvərlik ruhunda yetişməsi üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. Bununla əlaqədar nazirlik və onun ərazi strukturları tərəfindən vətəndaşların qəbulu və gənclərlə görüşlər təşkil edilir, ölkə vətəndaşlarını aldadıcı vədlərlə qanunazidd və cinayətkar əməllərə cəlb etməyə çalışan müxtəlif mərkəzlər, eləcə də son dövrlərdə beynəlxalq aləmi təhdid edən qeyri-ənənəvi ekstremist təmayüllü təhlükələr haqqında geniş məlumatlar verilir. “Öncə vətəndir” devizi ilə muxtar respublikada yerləşən ali təhsil ocaqlarında təşkil olunmuş tədbirlərdə isə gənc­lərə ölkəmizin milli maraqları və onun müdafiəsi haqqında geniş məlumatlar çatdırılır.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi xüsusi xidmət orqanlarına xas spesifik kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətindən başqa, dövlət sirri təşkil edən məlumatların qorunması istiqamətində üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirir. Qədim diyarın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin daha səmərəli təşkilində, ən başlıcası, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında digər dövlət qurumları ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərilir.
Qazanılan bu uğurlara maddi-texniki bazanın gücləndirilməsi və əməkdaşların iş şəraitinin yaxşılaşdırılması nəticəsində nail olunmuşdur. Son illər milli maraq və təhlükəsizliyin müasir səviyyədə təminatı üçün nazirliyin fəaliyyətinin səmərəliliyinə xidmət edən bütün zəruri tədbirlər həyata keçirilmiş, işin günün tələblərinə və dəyişən əməliyyat şəraitinə uyğun təmin edilməsi üçün zəruri struktur islahatları aparılmışdır. Belə ki, nazirliyin strukturu və fəaliyyəti beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilərək istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə digər sahələr üzrə müvafiq vəzifələri icra edən struktur bölmələri yenidən təşkil edilmişdir. Bundan başqa, nazirliyin maddi-texniki bazası davamlı olaraq gücləndirilir, rayon şöbələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilir. Eləcə də kadr heyətinin vətənpərvər, ixtisaslı, bilikli gənclərlə komplektləşdirilməsi və səriştəli kadrların irəli çəkilməsi xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təşkilini daim diqqət mərkəzində saxlamış, bu sahənin inkişafına hərtərəfli qayğı göstərmişdir. Bu gün ulu öndərin müəyyənləşdirdiyi bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə milli təhlükəsizlik təmin olunmuş, sabitlik yaradılmışdır”.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti bundan sonra da dövlət müstəqilliyimizin, milli təhlükəsizliyin və mövcud sabitliyin qorunması istiqamətində Ali Baş Komandanın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələrin icrasında bütün qüvvəsini, imkan və gücünü səfərbər edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR