Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsasıdır” mövzusunda elmi konfrans keçirilmişdir.
Elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, Azərbaycan əsrlər boyu özünün zəngin karbohidrogen ehtiyatları ilə diqqəti cəlb etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə neft gəlirlərinin Azərbaycanın inkişafına yönəldilməsi üçün təməl işlər görülmüş və ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra neft strategiyası ölkəmizin gələcəyini müəyyən edən əsas istiqamətə çevrilmişdir. Vurğulanmışdır ki, məhz 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etmişdir.
Elmi konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə “İqtisadi tərəqqiyə və sosial rifaha xidmət strategiyası” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, XX əsrin 90-cı illərində bazar münasibətlərinə keçidi şərtləndirən iqtisadi, siyasi, hüquqi islahatların gerçəkləşdirilməsi ilə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, habelə Xəzərin karbohidrogen ehtiyatlarından məqsədyönlü istifadə edilməsi nəticəsində ölkəmiz tədricən ümummilli böhranı aradan qaldırmağa, sabit inkişaf yoluna qədəm qoymağa müvəffəq ola bilmişdir. Ulu öndər Heydər Əliyevin enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun geosiyasi və geoiqtisadi mövqelərini daha da möhkəmləndirmiş, dövlətimizi dünyada sabit enerji təminatçısı kimi tanıtmışdır.
Vurğulanmışdır ki, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu müqavilə ilə əsası qoyulan neft strategiyası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir. Neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun seçilməsi də ümummilli liderimizin gərgin əməyi sayəsində reallaşmışdır. Ulu öndər Heydər Əliyevin dühasının məhsulu olan uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində artan neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafına da təkan vermişdir. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlmişdir. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilmişdir.
Ümummilli liderin neft strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz zaman keçdikcə güclənir, iqtisadi cəhətdən inkişaf edir, xalqın rifah halı yaxşılaşdırılır, neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər davamlı olaraq yüksəlmişdir. Son illər muxtar respublikada müasir infrastruktur qurulmuş, yeni müəssisələr yaradılmış, iş yerləri açılmış, ümumilikdə, regionun iqtisadi potensialı gücləndirilmiş, quruculuq işləri daha da sürətlənmişdir. Blokada şəraitində yaşayan muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin belə, fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin olunması əsası “Əsrin müqaviləsi” ilə qoyulan davamlı inkişaf yolunun nəticələridir.
Elmi konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Ulu öndər Heydər Əliyev milli neft strategiyasının banisidir”, bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Əsrin müqaviləsi”: reallığa çevrilən əfsanə”, Naxçıvan Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Nazim Əhmədov “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təminatçısıdır”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Anar Əhmədov “Azərbaycan iqtisadiyyatının dinamik inkişafının zəmanəti” mövzularında məruzələr etmişlər.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Elnur KƏLBİZADƏ