23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 19-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə Multikulturalizm və Dini Məsələlər üzrə komissiyaların fəaliyyətinə həsr olunmuş müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək diqqətə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə Multikulturalizm və Dini Məsələlər üzrə komissiyalar yaradılmışdır.
Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə Multikulturalizm və Dini Məsələlər üzrə komissiyaların tərkibi barədə müşavirə iştirakçılarını məlumatlandırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Mirhəşim Seyidov çıxış edərək demişdir ki, komissiyaların yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsindən ibarətdir.

Mirhəşim Seyidov xatırlatmışdır ki, “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə 2011-ci il oktyabrın 10-da keçirilən Beynəlxalq Humanitar Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında multikulturalizmlə bağlı demişdir: “Multikulturalizmin dəyərləri, onun əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir”.
“Qeyd olunanları nəzərə alaraq Multikulturalizm və Dini Məsələlər üzrə komissiyaların üzərinə Naxçıvan Muxtar Respublikasında həm multikulturalizm, həm də dini məsələlərin tənzimlənməsi baxımından mühüm vəzifələr düşür. Bu vəzifələri icra etmək üçün komissiyalar müvafiq iş planı hazırlamalı, iş planları icra edilməlidir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, dini etiqad azadlığının həyata keçirilməsi üçün təminatlar yaradılmış, hər kəsin dini qurum və icmalarda etiqad hüququ təmin olunmuşdur. Komissiya yerlərdə din-dövlət münasibətlərinin hüquqi əsaslarını, “Dini etiqad azadlığı haqqında” qanunvericiliyin düzgün mənimsənilməsi və tətbiqini müntəzəm nəzarətdə saxlamalıdır.
Bildirilmişdir ki, bu gün muxtar respublikamızda dini etiqad azadlığından və multikulturalist mühitdən sui-istifadə halları yoxdur. Amma bu, o demək deyil ki, bu sahədə iş aparılmamalıdır. Əksinə, komissiya bu sahəyə xüsusi nəzarət etməli, qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qarşı müvafiq tədbirlər görməlidir.
Müasir gəncliyin milli-mənəvi dəyərlərə, adət-ənənələrə sadiq qalmaq şərti ilə ümumbəşəri dəyərləri və tələbləri dərk edən şəxsiyyət kimi tərbiyə olunmasının multikulturalizmin formalaşması baxımından əhəmiyyətini vurğulayan Mirhəşim Seyidov komissiyaların gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təhsil müəssisələrində müvafiq tədbirlər keçirməli olduqlarını nəzərə çatdırmışdır.
Qeyd olunmuşdur ki, din də multikulturalizmin mühüm elementlərindən biri kimi çıxış edir. Dinin düzgün istiqamətdə təbliğinə xüsusi diqqət yetirilməli, dini məsələlərlə bağlı tədbirlər keçirilməlidir. Dini bayramların, ayinlərin və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə uyğun şəkildə keçirilməsi təmin olunmalıdır. Dini mərasimlərdə oxunan ayə və duaların bəzən Azərbaycan dilində izahı verilmir. Ona görə də mərasimdə olanlar oxunanların mənasını anlamırlar. Komissiya belə halların qarşısını almalı və çalışmalıdır ki, dini mərasimlərdə oxunan “Quran” ayələrinin və duaların Azərbaycan dilində də izahı verilsin. Dini mərasimlər maarifləndirici xarakter almalıdır. İnsanlarda bədbinlik əhval-ruhiyyəsi yaradan mövzularda yox, vətənpərvərlik, qəhrəmanlıq mövzusunda söhbətlər aparılmalıdır.
Hazırda muxtar respublikada 209 məscid fəaliyyət göstərir ki, bunun da 72-si ölkəmiz müstəqillik qazandıqdan ötən dövr ərzində tikilmiş, 95 məscid və 23 pir isə yenidən qurulmuş və ya bərpa olunmuşdur. Komissiya muxtar respublikada mövcud olan məscidlərin qorunmasına, onların binalarının yaxşı saxlanılmasına xüsusi nəzarət etməli, bu məqsədlə iş planına uyğun olaraq yoxlamalar təşkil etməlidir.
Muxtar respublikada məscidlərin və din xadimlərinin qeydiyyatı davam etdirilir. Qeydiyyatdan keçmiş 638 din xadiminə vahid geyim forması verilmişdir. Dini mərasimləri idarə edənlərin attestasiyadan keçirilməsi və xüsusi geyim forması ilə təminatı, eləcə də mərasimlərdə bu geyim formasına əməl olunması komissiyanın nəzarətində olmalıdır. Din xadimlərinin biliklərinin artırılması xüsusilə diqqətdə saxlanılmalı, onlar müvafiq kurslara cəlb edilməlidir.
Qeyd olunmuşdur ki, komissiyalar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Ağsaqqallar Şurası ilə birlikdə təkcə rayon mərkəzlərində deyil, eləcə də yeni tikilmiş kənd mərkəzlərində də müvafiq maarifləndirici söhbətlərin aparılmasını təmin etməlidirlər.
Komissiyaların multikulturalizmin və dini məsələlərin düzgün təbliği istiqamətində mətbuatda maarifləndirici məqalələrlə çıxış etməsinin, eləcə də televiziyada bu mövzuda verilişlərin təşkilinin vacibliyini bildirən Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə yaradılmış komissiyaların üzvlərinə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulamışdır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR