23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizin zəngin təbii sərvətlərindən müstəqilliyimizin möhkəmləndirilməsi və iqtisadiyyatımızın inkişafı üçün məqsədyönlü şəkildə istifadə edilməsi ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən biridir. Ulu öndərimizin sayəsində xalqımız öz sərvətlərinin əsl sahibinə çevrilmişdir. Xalqımızın böyük oğlunun müdriklik və uzaqgörənliklə işləyib hazırladığı, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi neft strategiyası artıq 20 ildir ki, ölkəmizin iqtisadi tərəqqisinə, insanlarımızın rifahına xidmət edir.

1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimizin şərəfli missiyasının əsas hədəflərindən biri də o zamana qədərki xaos və anarxiya mühitində məhv olmuş iqtisadiyyatı yenidən canlandırmaq, insanları düçar olduqları maddi çətinliklərdən xilas etmək idi. Bu fəaliyyətin tərkib hissəsi kimi ümummilli liderimizin işləyib hazırladığı neft strategiyası yeni minillik ərəfəsində bütün dünyanın diqqətini Azərbaycana cəlb etmişdi.

1994-cü ilin 20 sentyabrında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan sazişin imzalanması və onun gerçəkləşməsi Azərbaycanı davamlı inkişaf yoluna çıxarmışdır. Ümummilli liderimizin çox gərgin əməyi sayəsində Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynamışdır. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində ulu öndər Heydər Əliyev bu tarixi hadisəyə qiymət verərək demişdir: “Mən bu müqavilənin hazır­lanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.
Azərbaycanda neft hasilatı 150 illik tarixə malik olsa da, xalqımız yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə ulu Heydər Əliyev dühasıdır. Hələ sovet dönəmində Azərbaycana rəhbər təyin olunduğu ilk günlərdən başlayaraq neft sənayesinin inkişafına xüsusi diqqət göstərən uzaqgörən siyasi lider respublikamızda nəhəng neft infrastrukturu formalaşdırmaqla gələcək neft strategiyasının əsasını qoymuşdur. Buna görədir ki, XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin sürətli inkişaf dövrü kimi tarixə düşmüşdür. Həmin illərdə dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, suda tikinti işlərini aparmaq üçün xüsusi gəmilər, texnika və avadanlıq alınmış, Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük irəliləyişlər olmuşdur.
Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də ulu öndərin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, həmin illərdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də ümummilli liderimizin gördüyü işlər onun gələcəyə hesablanmış planlarının – Azərbaycanı müstəqil dövlətçiliyə, iqtisadiyyatımızı qlobal layihələrə və xalqımızı rifaha doğru aparmaq niyyətinin əsasını təşkil edirdi.
Məhz həmin dövrdə böyük uzaqgörənliklə yaradılan neft infrastrukturu, kəşf edilən yataqlar 20-25 il sonra müstəqil Azərbaycanın gələcəyi üçün əvəzsiz əhəmiyyəti olan neft müqavilələrinin imzalanmasında baza rolunu oynadı. Eyni zamanda danılmaz həqiqətdir ki, yenicə müstəqillik əldə etmiş, iqtisadiyyatı böhran içində olan, müharibə şəraitində yaşayan bir ölkənin aparıcı dövlətlərin diqqətini belə bir nəhəng layihəyə cəlb edə bilməsi beynəlxalq aləmdə Heydər Əliyev şəxsiyyətinə böyük hörmətin və dahi şəxsiyyətin parlaq diplomatiyasının nəticəsi idi.
“Əsrin müqaviləsi”nin imzalanmasına qədər uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında hörmətli İlham Əliyevin misilsiz xidmətləri xüsusilə qeyd edilməlidir. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf etmişdir.
Cənab İlham Əliyev Azərbaycanda həyata keçirilən enerji layihələrinin ölkəmizin gələcək inkişafındakı rolunu belə qiymətləndirmişdir: “Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir. Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”.
Azərbaycan neftinin dünya bazarına səmərəli nəqli məsələsi neft strategiyasının ən vacib istiqamətlərindən birini təşkil edir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədilə əlverişli mar­şrutun seçilməsi ümummilli liderimizin misilsiz xidmətləri sırasındadır. Enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən beynəlxalq layihələrin tərkib hissəsi kimi neft və qaz kəmərlərinin yeni regional sisteminin yaradılması və istismarında Azərbaycanın aparıcı mövqeyinin təmin edilməsi Heydər Əliyev strateji xəttinin uğurudur.
Ulu öndərimizin qətiyyəti və cəsarətli siyasəti sayəsində çox böyük maneələrə baxmayaraq, 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur. Təxminən, üç il sonra, 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilmiş və boru xəttinə ilk neft vurulmuşdur. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilmişdir. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmış və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınmışdır.
“Üç dəniz əfsanəsi” adlandırılan, strateji əhəmiyyəti ilə seçilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zaman kəsiyində Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir dövlətin müstəqilliyinin dayanıqlı olması onun iqtisadi potensialından da asılıdır. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan ulu öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür”.
Azərbaycanın milli sərvətlərinin, o cümlədən neftin ölkənin hər bir vətəndaşına, eləcə də gələcək nəsillərə xidmət etməsinin vacibliyi ümummilli liderimiz tərəfindən dəfələrlə vurğulanmış və bunu təmin edəcək mexanizmin formalaşdırılması üçün 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzalanmışdır. Dövlət Neft Fondunun yaradılması və fəaliyyətə başlaması ulu öndərimizin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə verdiyi ən qiymətli töhfələrdən biridir. Dövlət Neft Fondunun aktivlərinin hazırda 36 milyard dolları ötməsi həmin tarixi qərarın nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiq edir. Dünya Bankının proqnozlarına görə, yaxın 5 ildə fondun aktivləri 50, sonrakı 15 ildə isə 100 milyard dolları ötəcəkdir.
1994-cü ildə bağlanmış müqavilələr Azərbaycana onun neft şöhrətini yenidən qaytarmışdır. “Əsrin müqaviləsi” ölkədə digər irimiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Bu layihələrin gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı tərəfdaşlar və müttəfiqlər tapmış, iqtisadiyyatın bütün sahələrinə xarici investisiyaların sürətli axını başlanmışdır. Müqavilənin imzalanmasından ötən 20 il ərzində ölkənin təkcə neft və qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dollarına yaxın investisiya qoyulmuşdur.
Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir. Neft sektorunda səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq nəticəsində ölkəmiz neft-qaz ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal subyektə və etibarlı tərəfdaşa çevrilmişdir.
Neft gəlirlərinin artması ölkəmizin böyük həcmdə kapital resurslarına malik olmasına və dünyada nüfuzlu investor kimi fəaliyyətinə də imkan vermişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xaricdə fəaliyyətinin genişlənməsi, bir çox ölkə­lərin iqtisadiyyatına investisiya qoyuluşlarını həyata keçirməsi, beynəlxalq layihələrin maliyyələşdirilməsində əhəmiyyətli paya sahib olması ölkəmizin neft strategiyasının keyfiyyətcə yeni mərhələyə yüksəlməsindən xəbər verir.
Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında ölkəmizin söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Bu layihələr bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.
Ötən illərdə artan neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun da dinamik inkişafına təkan vermişdir. İqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, insan kapitalının formalaşdırılması sahəsində görülmüş işlər nəticəsində milli iqtisadiyyatın yeni, səmərəli strukturu formalaşmış, əhalinin həyat səviyyəsi və keyfiyyəti davamlı olaraq yüksəlmişdir. Əsaslı yüksəliş və tərəqqi dövrü kimi xarakterizə olunan son 10 ildə isə Azərbaycan iqtisadiyyatının həcmi üç dəfədən çox artmışdır ki, bu da dünyada analoqu olmayan bir göstəricidir. Sosial-iqtisadi inkişafa mühüm təsir göstərən məşğulluq probleminin həlli istiqamətində ölkə­mizdə böyük uğurlar əldə edilmişdir. Ötən on il ərzində Azərbaycanda bir milyondan çox yeni iş yerləri açılmışdır ki, bunun da əksəriyyəti daimi iş yerləridir. Artıq ölkəmizin tarazlı inkişafı təmin edilmişdir. Yeni iş yerlərinin əksər hissəsinin regionlarda yaradılması da bu faktı təsdiqləyir.
Son illərdə ölkəmizin bütün ərazilərində genişlənməkdə olan qurucu­luq prosesi Naxçıvan Muxtar Respublikasında da özünü qabarıq şəkildə göstərir. Muxtar respublikada aparılan ardıcıl və sistemli islahatlar nəticəsində 1995-ci illə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 54 dəfə, sənaye məhsulu 95 dəfə, kənd təsərrüfatı istehsalı 9 dəfə, investisiyalar 340 dəfə artmışdır. İstehsal imkanlarının davamlı olaraq artırılması hesabına hazırda muxtar respublikada 349 növdə məhsul istehsal olunur və 334 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Tələbatdan artıq istehsal edilən məhsullar hesabına ixrac potensialımız yüksəlmiş, xarici ticarət dövriyyəsi 1995-ci illə müqayisədə 27 dəfə artmışdır.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası da davamlı inkişafla nəticələnmiş, iqtisadi fəallıq artmış, sahibkarlar üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni müəssisələr yaradılmış, məşğulluq səviyyəsi yüksəlmişdir. Muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində belə, sosial obyektlərin inşası, nəqliyyat-kommunikasiya infrastrukturunun yenilənməsi, sosial məsələlərin həlli, yeni texnologiyaların tətbiqi insanların rifahını yüksəltmişdir.
Artıq muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Enerji təchizatı sistemində aparılan işlər və yeni elektrik stansiyalarının qurulması hesabına muxtar respublika öz tələbatını daha səmərəli mənbələr hesabına ödəməklə yanaşı, enerji ixrac etmək qabiliyyətini də ilbəil artırmaqdadır. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin tam şəkildə elektrik enerjisi və təbii qazla etibarlı şəkil­də təmin edilməsi “Əsrin müqaviləsi”ndən başlanan quruculuq və inkişaf yolunun bəhrələridir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. …Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir”.
Muxtar respublikamızda iqtisadi sahədə qazanılan uğurlar sosial və mədəni yüksəlişə də yol açmış, insan kapitalının inkişafı, mədəni-intellektual potensialın güclənməsi, mənəvi dəyərlərin qorunması və təbliği, elm, mədəniyyət, incəsənət, idman, sağlamlıq və digər sahələrdə mühüm nailiyyətlər qazanılmışdır. İqtisadiyyatın məqsədli dövlət proqramları əsasında inkişafı, davamlı iqtisadi artım, sürətli sənayeləşdirmə, kompleks quruculuq, mövcud potensialdan səmərəli istifadə, insan amilinə diqqət muxtar respublikanın müasir iqtisadi mənzərəsinə xas olan əsas cəhətlərdir.

Reallıq bundan ibarətdir ki, ötən dövr ərzində uğurla həyata keçirilən milli neft siyasəti hələ uzun illər bundan sonra da dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət edəcək, sabitlik və inkişaf təmin olunacaqdır. Ölkə başçısının qətiyyətlə dediyi aşağıdakı fikirlər hər bir vətəndaşın ölkəmizin gələcəyinə olan inamını daha da möhkəmləndirir: “Əminəm ki, neft Azərbaycana sülh, sabitlik gətirəcək, regionda əməkdaşlığın daha da genişlənməsinə yaxşı şərait yaradacaq, Azərbaycan siyasi, iqtisadi cəhətdən güclü dövlətə çevriləcək, onun regiondakı, beynəlxalq münasibətlərdəki mövqeləri daha da güclənəcək, dostlarımız ilə tərəfdaşlıq əlaqələrimiz daha da möhkəmlənəcəkdir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR