Bu fikirləri Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclasının iştirakçıları səsləndirdilər
Xəbər verdiyimiz kimi, sentyabrın 16-17-də muxtar respublikamızda növbəti mühüm beynəlxalq tədbir – Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası keçirildi. İclasda mühüm məsələlər müzakirə olundu, əhəmiyyətli qərarlar qəbul edildi.Müxtəlif ölkələrdən gələn qonaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerlərində də oldular. Şəhərin gözəlliyi, abadlığı, təmizliyi, tarixi abidələr qonaqlarda çox böyük təəssürat yaratdı. Onlarla söhbət edərkən Naxçıvan Muxtar Respublikası barədə təəssüratlarını öyrəndik.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşdü Səfərov:
– Biz qonaqlarla Naxçıvan şəhərini gəzdik, tarixi yerlərdə olduq. Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq məndə, həmçinin qonaqlarda çox böyük təəssürat yaratdı. Burada insanların şəfa tapması, rahat müalicə olunması üçün hər cür şərait mövcuddur. Bura təkcə biz azərbaycanlılar üçün deyil, həm də bütün dünya xalqları üçün əhəmiyyətli şəfa mənbəyidir. Naxçıvan şəhərinin gözəlliyini isə ifadə etməyə söz tapa bilmirəm. Dünyaya dahilər bəxş etmiş bu diyar bu gün həm də nümunəvi şəhər mədəniyyəti ilə hər bir qonağın diqqətini cəlb edir. Bu gün gözəl, güllü-çiçəkli Naxçıvan şəhəri hər bir azərbaycanlının fəxrinə çevrilib.
Rusiya Federasiyasından Sənaye Təhlükəsizliyi üzrə Dövlətlərarası Şuranın üzvü, Rusiya Ekoloji, Texnoloji və Atom Nəzarəti üzrə Federal Xidmətin rəhbəri Aleksey Vladislavoviç Alyoşin:
– İclasın Naxçıvanda keçirilməsinin bir əhəmiyyəti də o oldu ki, biz çox qədim tarixə malik olan Naxçıvan ilə tanış olmaq, onun tarixi barədə ətraflı məlumat əldə etmək imkanı qazandıq. Naxçıvan şəhərinin tarixi-memarlıq abidələri, Xalça Muzeyi, Xan Sarayı, Möminə xatın türbəsi, Naxçıvanqala məni valeh etdi. Yurdunuzun çox qədim tarixi olduğunu öyrəndik. Tarixi abidələrinizi qoruyub saxlamağınız, onları bərpa etməyiniz yüksək qiymətə, hörmətə layiqdir. Bu da xalqın öz tarixinə olan ehtiramının ifadəsidir.
Etiraf etməliyəm ki, əvvəllər Naxçıvan adını eşidəndə muxtar respublika barədə heç bir təsəvvürüm olmadığı üçün o qədər də diqqətimi cəlb etmirdi. Ancaq Naxçıvana gələndən sonra və çox gözəl, tarixi, abad, xüsusən təmiz, yaşıllıqlarla əhatə olunmuş şəhərinizi gördükdən sonra mən bu möhtəşəm diyarı həmişə böyük ehtiramla xatırlayacağam.
Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Departamentinin rəisi Aleksandr Nikolayeviç Kudryaşov:
– Üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Axırıncı dəfə 2009-cu ildə Azərbaycanda olmuşam və gördüm ki, ölkənizin hər tərəfində abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikasının isə bu baxımdan lider olduğunu deyə bilərəm. Əvvəllər Naxçıvan haqqında çox eşitmişdim. Ancaq muxtar respublikaya gəlmədiyim üçün qədim diyarınız barədə təsəvvürüm yox idi. Naxçıvana gəldikdən sonra, sözün həqiqi mənasında, buranın inkişafı məni valeh etdi. Naxçıvana heyran qaldım. Hər tərəfdə intensiv tikinti işləri gedir, bununla birlikdə şəhər çox təmiz saxlanılır.
Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olduq. Çox möhtəşəmdirlər. Ancaq mən əminəm ki, Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerləri bundan da çoxdur. Həmin yerləri gəzmək üçün xeyli vaxt lazımdır.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı sahəsində də böyük nailiyyətlər qazanılıb. Ərzaq məhsulları ilə təminata nail olunması gözəl haldır. Onu da deməliyəm ki, Naxçıvanda yetişdirilən meyvə-tərəvəzlər çox dadlıdır.
Mən bilirəm ki, bu qədim torpaq naxçıvanlıların qanı bahasına qorunub saxlanılıb, onların alın təri ilə abadlaşıbdır. Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikasının blokada şəraitində saxlanılması heç də doğru deyil. Hesab edirəm ki, müasir dövrdə yüklərin təyyarə ilə daşınması metodundan ancaq çox zəruri hallarda istifadə olunur. Naxçıvana isə neçə illərdir ki, yüklər, əsasən, təyyarələr vasitəsilə daşınır. Bu, qəbuledilməz haldır. Mənim arzum budur ki, uzun illərdir, davam edən bu münaqişə tərəflərin maraqları çərçivəsində həll olunsun və bununla birlikdə Naxçıvan Muxtar Respublikası da blokadadan xilas olsun.
MDB İcraiyyə Komitəsinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq, Yeni Çağırış və Təhdidlərə Müqavimət Departamentinin Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq şöbəsinin müşaviri Sergey Qriqoryeviç Mixnoveç:
– Naxçıvanın çox gözəl iqlimi var. Havası, suyu təmizdir. Bütün bunlar ekoloji baxımdan, insan sağlamlığının qorunması baxımından yüksək qiymətə layiqdir. Mənim diqqətimi xüsusilə mineral sular cəlb etdi. Dadı və tərkibi, hər halda, həm də faydalılığı çox gözəldir.
Bununla birlikdə, insanlarınız gülərüz, qonaqpərvər və mədənidirlər. Bu, ali insani xüsusiyyətlərdir ki, naxçıvanlılarda bu, var. Mən sizi əmin edirəm ki, Naxçıvanın gözəlliyini, abadlığını, möhtəşəm iqlimini görən, suyunu içən, insanları ilə ünsiyyət quran hər kəs təkrar bu diyara gəlmək istəyər. Sözün açığı, mən də Naxçıvana bir daha gəlmək arzusundayam.
Naxçıvanın tarixi abidələri ayrıca bir söhbətin mövzusudur ki, bununla bağlı saatlarla danışmaq olar. 5 minillik şəhər tarixi olan bir yurdun, onlarla tarixi abidələri olan bir diyarın valehedici bir mənzərəsi var.
Tacikistan Hökuməti yanında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Xidmətinin rəisi Sidjouddin Salomzoda:
– İlk dəfədir ki, Naxçıvana gəlmişəm. Düzünü desəm, şəhəriniz çox xoşuma gəldi. Naxçıvan çox gözəl tarixi şəhərdir. Təəccüb edirəm ki, 20 ildən çoxdur, blokadada olan bir məkan necə olur, bu səviyyədə sürətlə inkişaf edir? Məncə, bu, insan amili ilə bağlıdır. Vətəni sevmək, onun uğrunda çalışmaq, yüksəlişinə nail olmaq hər bir naxçıvanlının amalı olub. Məhz buna görə də qədim Naxçıvan bu cür sürətlə inkişaf edib.
Ümumilikdə, Azərbaycan Respublikası sürətlə inkişaf edir və bu məqamı Naxçıvanın timsalında görmək olar. Tarixi yerlərinizə göstərdiyiniz xüsusi diqqətə heyran qaldım. Min illərin tarixi ilə həmyaşıd olan abidələrinizi qoruyub saxlayıb, bərpa etmisiniz. Bu, məni çox sevindirir. Çünki Azərbaycan, Naxçıvan tacikistanlılar üçün də doğmadır, əzizdir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, dünyada Naxçıvan kimi gözəl, tarixi abidələrlə zəngin ikinci bir şəhər yoxdur.
Rauf Əliyev