“ABŞ və Fransa alimlərinin naxçıvanlı elm adamları ilə birlikdə Naxçıvanda arxeoloji tədqiqatlar aparması təkcə tariximizin öyrənilməsi baxımından deyil, həm də qədim tariximizin dünyada təbliği baxımından əhəmiyyətlidir. Həm Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba Gilan” arxeoloji ekspedisiyası, həm Azərbaycan-ABŞ, həm Azərbaycan-Fransa, həm də AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir”.
Bu fikirləri Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən Naxçıvan ərazisində bu il aparılan tədqiqatların nəticələrinə həsr olunmuş yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. Akademik qeyd edib ki, təqribən, 150 ilə yaxındır, Naxçıvan ərazisində arxeoloji tədqiqatlar aparılır. Ancaq Naxçıvanda çoxlu abidələr var ki, hələ də öz tədqiqini gözləyir. 2006-cı ildən Naxçıvanda həm də beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir. Azərbaycan-Fransa arxeoloji ekspedisiyası isə, əsasən, I Kültəpə və Duzdağ ətrafında araşdırmalar aparır.
Fransız arxeoloq Katerine Marro yığıncaqda çıxış edərək bu il aparılan arxeoloji tədqiqatların nəticələrinin xüsusilə maraq doğurduğunu deyib. O, diqqətə çatdırıb ki, bu il ekspedisiya üzvləri, əsasən, Naxçıvanda heyvandarlıq və mədənçiliyin tarixinin öyrənilməsinə daha çox diqqət yetiriblər. Həm Kültəpə, həm Duzdağ ətrafında aparılan qazıntılar, həm də Sirabçay hövzəsində aparılan tədqiqatlar bu ərazilərdə böyük bir mədəniyyətin mövcudluğundan, heyvandarlığın və mədənçiliyin qədim tarixindən xəbər verir.
Hesabat yığıncağında Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu il qazıntıların getdiyi ərazilər, aşkarlanmış maddi-mədəniyyət nümunələri və nəticələr haqqında slaydlar vasitəsilə elmi ictimaiyyətin nümayəndələrinə məlumat verib. Bu il Duzdağ ətrafında aparılan tədqiqatların xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdıran arxeoloq qazıntılar nəticəsində bu ərazilərdən keramika nümunələrinin, ağac dirək qalıqlarının, Dəmir dövrünə aid olduğu ehtimal edilən həsir səndəllərin, taxıl qalıqlarının aşkara çıxarıldığını deyib. O qeyd edib ki, ümumilikdə, bu ərazidə aşkarlanan maddi-mədəniyyət nümunələri Naxçıvan ərazisində mədənçiliyin tarixinin eramızdan əvvəlki minilliklərdən başladığının bariz sübutudur. V.Baxşəliyev bu il Kültəpədə aparılan arxeoloji tədqiqatlar zamanı görülən işlər və Sirabçay hövzəsindəki arxeoloji tədqiqatlar haqqında da məlumat verib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, arxeoloji ekspedisiyanın bu il əldə etdiyi nəticələr müzakirə edilib.
Elnur KƏLBİZADƏ