Qayğı artır, torpaqlardan səmərəli istifadə edilir, gün-güzəran yaxşılaşır
Payız yavaş-yavaş yurdumuza qədəm qoymağa hazırlaşır. Təbiət artıq donunu dəyişməyə başlayır. Payız yaxınlaşdıqca insanların qayğıları da çoxalır. Xüsusilə də kənd yerlərində yaşayan insanlar yetişdirdikləri məhsulların tədarükünü başa çatdırmağa, qışa hazırlığı yekunlaşdırmağa, əkin sahələrinin gələn il üçün hazır vəziyyətə gətirilməsinə tələsirlər. Şərur rayonunun Sərxanlı kəndinə yolumuz belə günlərin birində düşdü. Kartof sahələrində, tərəvəz tarlalarında, biçənəklərdə böyük həvəslə çalışan insanlar gözümüzdən yayınmadı. Zəmilərdə isə ən çox nəzərimizi cəlb edən şum qaldıran, torpağın altını üstünə çevirən traktorlar idi.
Yadıma neçə illər qabaq buralarda gördüyüm mənzərələr düşdü. Texnikanın azlığı, suyun olmaması kənd adamlarının əlini işdən soyutmuşdu. Torpaqlar onlara verilsə də, imkansızlıq ucbatından əkilmirdi. Muxtar respublikaya yeni texnikaların gətirilməsi, genişhəcmli meliorasiya tədbirlərinin həyata keçirilməsi, torpaq mülkiyyətçilərinə kreditlərin, müxtəlif yardımların verilməsi, onların məhsuldar toxum sortları ilə təchiz olunması şərurluların, eləcə də sərxanlıların torpağa münasibətini kökündən dəyişdirdi. Bu gün hər bir qarış sahənin qədri bilinən bu yurd yerində hamı torpaqdan ikiəlli yapışıb. Sərxanlılar yaxşı dərk edirlər ki, torpaq ən etibarlı ruzi-bərəkət mənbəyidir, daimi iş yeridir, gün-güzəranın yüksəldilməsində qiymətli sərvətdir. Ona görə də bu sərvətin qədrini bilirlər.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Asəf Quliyevlə müəyyənləşdirdiyimiz vaxtda kəndin mərkəzində görüşdük. Həftənin şənbə günü olduğundan iməciliyə çıxmışdılar. Kənddə fəaliyyət göstərən qurumlarda çalışan insanlar doğma yurd yerində səliqə-sahman yaradır, abadlıq işləri görürdülər. Bu ümumxalq tədbirinə onların ürəkdən qoşulduqlarını hiss etmək çətin deyildi. Yeni tikilmiş sosial obyektlərin həyətlərində, yol kənarlarında əkilmiş meyvə və bəzək ağaclarının, gül kollarının kəndə verdiyi yaraşıqdan da bunu görmək olurdu. O həqiqətə bir daha inandım ki, hər bir insanı gördüyü işə əməyinin bəhrəsi daha dərindən bağlayır. Yaşıllaşdırma, abadlıq tədbirlərinin isə xeyrini bütün cəmiyyət görür. Ona görə də Sərxanlı kəndinin sakinləri də bir neçə ildir, geniş vüsət alan bu tədbirlərdə fəallıq göstərirlər.
Asəf Quliyevin dediklərindən:
– Kəndimizin ümumi sahəsi 125 hektardır. 168 təsərrüfatda birləşmiş 550 sakinin ruzi-bərəkət mənbəyinə çevrilən torpaqdan səmərəli istifadə olunur. Camaat əkin sahələrində bol kənd təsərrüfatı məhsulları yetişdirir, əsasən, əkinçilik və heyvandarlıq inkişaf etdirilir. Son illər kənd təsərrüfatı sahəsində çalışan insanlara göstərilən dövlət qayğısı aqrar sahədə böyük uğurlar qazanılmasına şərait yaradıb. Bundan başqa, suvarma sistemlərinin müntəzəm olaraq təkmilləşdirilməsi, ən müasir texniki avadanlıqların fermerlərin istifadəsinə verilməsi, məhsulun alıcı məsələsinin həlli də inkişafa təkan verib.
Digər yaşayış məntəqələrimiz kimi, Sərxanlıda da taxılçılığın iqtisadi cəhətdən xeyli gəlir gətirən sahə olduğu sınaqdan çıxarılıb. Odur ki, bu sahəyə maraq ildən-ilə artır. Cari ilin yekunları da kənd adamları üçün uğurlu olub. Qeyd edək ki, Sərxanlı taxılçıları 25,1 hektarda əkin keçirmiş, səpin zamanı məhsuldar sortlardan istifadəyə üstünlük vermiş, zəmilərə aqrotexniki qaydada qulluq etmiş, bol məhsul istehsalına nail olmuşlar. Torpaq mülkiyyətçiləri Həsən Qurbanov, Samil Rəhimov, Adil Orucov və başqaları daha çox taxıl tədarük ediblər. Kənd sakini Qəzənfər Quliyevin söhbəti:
– Kəndin bərəkətli torpaq sahələri var. Sakinləri də əməksevər, fədakar, torpağa bağlıdırlar, kəndin müəllimi də, həkimi də, digər peşə sahibi də bu qiymətli sərvətdən möhkəm yapışıb. Onlara bol məhsul istehsalı üçün hərtərəfli şərait yaradılıb. Təbii imkanlar, dövlət qayğısı, torpağa məhəbbət hissi olan yerdə isə hər cür bolluq yaradılmasına, yaxşı gün-güzəranın təmin edilməsinə nail olmaq mümkündür. Mən həm də traktorçuyam. Öz texnikamla həmkəndlilərimə kömək etməklə bərabər, 2 hektar sahədə taxıl əkmişdim və yaxşı da məhsul əldə etdim. Payız əkini üçün toxumluq normasını və ailəmin illik tələbatını ayırdıqdan sonra yerdə qalanını satır, digər ehtiyaclarımı ödəyirəm. Artıq şum işinə başlamışıq. Çünki ata-babalarımız deyiblər ki, taxıl iki yay görməlidir. Ona görə də Sərxanlıda taxıl əkənlərin hamısı çalışıb ki, yay şumunu vaxtında yekunlaşdırsın.
Həsən Qurbanov da taxılçılıqda xeyli təcrübə əldə edən torpaq mülkiyyətçisidir. Onun da bu sahədəki uğuru qənaətbəxşdir:
– Taxılçılıq Sərxanlı camaatının tarixən məşğul olduğu təsərrüfat sahəsidir. Son illər isə dövlət qayğısı bu sahəyə marağı daha da gücləndirib. Bu qayğını həm də onlar rayonda fəaliyyət göstərən un dəyirmanlarının, çörəkbişirmə sexlərinin timsalında görürlər. Əvvəllər buğda əkininə bir o qədər də fikir verilmirdi, çünki tədarük olunan məhsulun üyüdülməsində çətinliklərlə qarşılaşırdıq. Ancaq bu problemin aradan qaldırılması və taxılçılıqda qazanılmış təcrübənin tətbiqi bol və keyfiyyətli məhsul istehsalına şərait yaradıb. Təkcə bu il hər hektardan 35 sentner “sarı kəhrəba” götürmüşük.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən quruculuq siyasəti bütün bölgələrimiz kimi, Şərur rayonunun kəndlərini də öz ağuşuna alıb. Kompleks tikinti-quruculuq işləri aparılmış yaşayış məntəqələri sırasına keçən il Sərxanlı kəndi də qoşulub. Kənddə 234 şagird yerlik tam orta məktəb binası, həkim ambulatoriyası, kənd mərkəzi və xidmət mərkəzi istifadəyə verilib. Yeni obyektlərin istifadəyə verilməsi əhalinin sosial problemlərinin həlli baxımından böyük əhəmiyyət kəsb edib. Yaradılmış şərait imkan verir ki, kənddə məskunlaşma artsın, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşsın.
Yeni məktəb binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir ölkənin inkişafı təhsildən başlayır. Təhsil ümumxalq işinə çevrilməli, cəmiyyət, dövlət, vətəndaşlar bu sahənin inkişafında yaxından iştirak etməlidir. Bu gün orta məktəblərdə təhsil alan gənclər bilikli və savadlı olmaqla yanaşı, öz qabiliyyətlərinə uyğun peşəyə də yiyələnməli, onu dərindən öyrənməlidirlər. Bu mənada təhsilin inkişafı həm də ölkənin, cəmiyyətin, xalqın inkişafı deməkdir”.
Qarşıya qoyulan məqsəd aydındır. Qalır ki, kollektiv göstərilən qayğıya əməli işi ilə cavab vermək üçün yaradılan şəraitdən səmərəli istifadə etsin, gələcəyimiz etibar olunacaq bugünkü məktəblilərin intellektual səviyyədə yetişmələri üçün səyini əsirgəməsin. Pedaqoji kollektiv bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. 2012-2013-cü dərs ilində məktəbi bitirən məzunlardan ikisi ali məktəblərə, ikisi orta ixtisas məktəblərinə qəbul olunub. Bu il isə 3 məzun ali məktəb tələbəsi adını qazanıb, orta ixtisas məktəblərinə qəbul olunanlar da var.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəbdə müəllim və şagirdlərin ixtiyarına 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı verilib. Təhsil ocağında yaradılan zəngin kitabxananın fondunda 7 min 452 kitab vardır. Yeni binada informasiya-kommunikasiya texnologiyaları ilə təminat da diqqətdə saxlanılıb, 14 kompüter quraşdırılıb və internetə qoşulub. Məktəb binasında elektron lövhəli siniflər də yaradılıb, dərslərin bu siniflərdə tədrisi təşkil olunub. Tədris prosesində əyani vəsaitlərdən və elektron dərsliklərdən geniş istifadə olunur. Kimya, biologiya və fizika laboratoriyalarında quraşdırılan avadanlıqlar bu fənlər üzrə biliklərin daha dərindən mənimsənilməsinə kömək edir, hərbi kabinədə və idman zalında yaradılan şərait şagirdlərin vətənpərvər, ilkin hərbi biliklərə malik və sağlam gənclik kimi böyüməsinə imkan verir.
Sərxanlının 80 yaşlı sakini, ömrünü pedaqoji fəaliyyətə həsr etmiş Vəli Əliyev deyir:
– Ustasız sənətkarlıq, sərkərdəsiz ordu, təhsilsiz isə inkişaf ola bilməz. Əbəs yerə demirlər ki, təhsilə qayğı olmayan ölkədə inkişafdan danışmaq mümkün deyil. Qürur hissi duyuram ki, bu gün kəndimizdə belə gözəl, hər cür şəraitə malik məktəb binası tikilib.
İki mərtəbədən ibarət həkim ambulatoriyasının istifadəyə verilməsi də kənd sakinlərinin böyük sevincinə səbəb olub. Tibb işçiləri kənddə gigiyenik qaydalara əməl edilməsini diqqətdə saxlayır, səhiyyə maarifi işinə ciddi önəm verirlər. Ambulatoriya lazımi tibbi avadanlıqlarla təmin olunub. Hazırda burada 9 tibb işçisi sakinlərə xidmət göstərir.
Quruculuq tədbirlərindən biri də ikimərtəbəli yeni kənd mərkəzinin binasıdır. Mərkəzdə 4 mindən artıq fondu olan kitabxananın, polis və baytarlıq məntəqələrinin, eləcə də rabitə evinin fəaliyyəti təşkil olunub. Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi üçün iş otaqları, 70 yerlik iclas zalı yerləşir.
Sərxanlıda böyük sevinc hissi yaşadan yeni obyektlərdən biri də xidmət mərkəzidir. Burada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Beş nəfərin çalışdığı xidmət mərkəzində muxtar respublikada istehsal olunan keyfiyyətli məhsulların satışına üstünlük verilir.
İnsanları zəhmətkeş və qonaqpərvər, süfrələri bərəkətli, təbii gözəllikləri gözoxşayan bu kənddən bir-iki saat ərzində aldığım təəssüratlar belə oldu. Hiss etdim ki, öz qayğıları ilə yaşayan, qurub-yaradan Sərxanlı sakinləri doğulduqları, məskən saldıqları yurd yerinə qəlbən bağlanan insanlardır. Təbii ki, bunun arxasında sosial-iqtisadi inkişafımız, düzgün müəyyənləşdirilmiş siyasət və hərtərəfli dövlət qayğısı dayanır. Kənd adamları muxtar respublikamızda gedən prosesləri ürəkdən dəstəkləyirlər. Regionda insan amilinə qayğı onları da muxtar diyarımızın daha da çiçəklənməsinə töhfələrini verməyə ruhlandırıb. Qayğı olan yerdə zəhmətə qatlaşıb yaxşı yaşamaq, firavan həyat sürmək isə daha asandır. Elə Sərxanlı sakinləri kimi.
Cəfər ƏLİYEV