Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən MDB-nin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası sentyabrın 17-də başa çatıb.
Azərbaycan Respublikası tərəfindən iclasa sədrlik edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov iclasın yekun qərarı barədə iştirakçı dövlətlərin nümayəndələrini ətraflı məlumatlandırdı.
İclasın yekun qərarı müzakirəyə çıxarıldı, təkliflər də nəzərə alınmaqla yekdilliklə qəbul edildi. Qərarda iştirakçı dövlətlər arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmağın önəmi qeyd olunur. İştirakçı dövlətlərin qanunvericiliyindəki müsbət dəyişikliklərin əhəmiyyəti qeyd olunmaqla bərabər, neft-qaz sahəsində, o cümlədən mürəkkəb və təhlükəli istehsalat obyektlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da konkret istiqamətlərdə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılır.
Sonda iclasın yekun qərarının imzalanma mərasimi keçirildi.
Həmin gün qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi və Naxçıvan Biznes Mərkəzi ilə tanış oldular. Fizioterapiya Mərkəzinə gələn qonaqlara xəstəxana barədə ətraflı məlumat verildi. Bildirildi ki, 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Yaradılmış şərait hər il dünyanın bir sıra ölkələrindən müalicə olunmaq, şəfa tapmaq üçün bura gələnlərin sayını artırıb.
Sonra qonaqlar muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malik olan Naxçıvan şəhərindəki Biznes Mərkəzində oldular. Bildirildi ki, burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes forumların, işgüzar görüş və konfransların yüksək səviyyədə təşkilinə imkan verir.
Bununla da, MDB-nin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası öz işini yekunlaşdırdı.
Xatırladaq ki, təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş 2001-ci il sentyabrın 28-də Moskvada MDB dövlətlərinin hökumət başçıları tərəfindən qəbul edilib. Bu sazişin həyata keçirilməsi üçün Sənaye Təhlükəsizliyi üzrə Dövlətlərarası Şura yaradılıb. Şuranın iclasları hər il sazişin iştirakçısı olan dövlətlərin birində keçirilir. Sənədə müvafiq olaraq, MDB-nin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası sentyabrın 16-17-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirildi.
Rauf Əliyev