Bu il Naxçıvan Muxtar Respublikası yaradılmasının 90-cı ildönümünü qeyd edir. Bu 90 illik tarixə nəzər salsaq, görərik ki, muxtar respublikamız böyük bir yol qət etmişdir. Ancaq etiraf etmək lazımdır ki, qət edilən yolu zaman baxımından deyil, inkişaf baxımından dəyərləndirsək, görərik ki, son 20 ilə yaxın dövr daha böyük əhəmiyyət kəsb edir. Müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edən sürətli inkişaf muxtar respublikanın iqtisadi, siyasi və beynəlxalq nüfuzunu önə çıxarmaqla yanaşı, həm də 90 illik muxtariyyət tarixinin intibah dövrü kimi səciyyələndirilə bilər. Təbii ki, muxtariyyət illərinin çətin, mübariz, eyni zamanda şərəflə yazılmış tarixi yollarında həm də hər rayonun keçdiyi bir inkişaf yolu var. Böyük xalq qəhrəmanının adını daşıyan Babək rayonu ümummilli lider Heydər Əliyevin yaratdığı rayonlarımızdan biridir.
Babək rayonu 1978-ci il oktyabrın 23-də təşkil olunmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxan yeni rayonun təşkil olunması ideyası həm də həmin dövrdə muxtar respublikada aparılan geniş quruculuq tədbirlərinin tərkib hissəsi kimi xatırlanır. Keçmiş Naxçıvan rayonunun tərkibindən ayrılaraq təşkil olunan yeni rayona xalq qəhrəmanı Babəkin adının verilməsi isə dahi şəxsiyyətin qətiyyəti, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük siyasətin qələbəsi idi.
Yarandığı dövrdən ötən müddət ərzində Babək rayonu böyük inkişaf yolu keçmiş, Heydər Əliyev ideyalarının uğurlu nəticələrinin əyani ifadəsinə çevrilən bir bölgəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı rolu nəzərə alınaraq 2008-ci ilin 7 iyun tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında Sərəncam imzalamış və qəbul edilmiş tədbirlər planına əsasən, rayonun 30 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. Adıçəkilən sərəncamın mətnində Babək rayonunun yaradıldığı dövrdən başlayaraq əldə etdiyi sosial-iqtisadi göstəricilər statistik rəqəmlərlə ifadə edilmiş, müqayisəli təhlillə verilmişdir. Elə həmin mətndən bəzi məqamları oxucuların diqqətinə çatdırırıq. Qeyd edək ki, göstəricilər 2008-ci ilədək olan dövrü əhatə edir: “...Babək rayonunda sənayenin inkişafı artan dinamikaya malikdir. Əgər təşkil olunduğu 1978-ci ildə rayonda məhdud sayda sənaye məhsulu istehsal olunurdusa, 2008-ci ildə burada 40 adda sənaye məhsulu istehsal olunur. 1995-ci ildən ötən müddət ərzində rayonda 32 yeni sənaye və emal müəssisəsi yaradılmışdır ki, bu da rayonun sənaye potensialını daha da gücləndirmişdir. 1990-cı ildə muxtar respublikada istehsal olunan sənaye məhsulunun 8 faizi Babək rayonunun payına düşürdüsə, 2007-ci ildə bu göstərici 19 faiz təşkil etmişdir. Kənd təsərrüfatının inkişafındakı roluna görə Babək rayonu aparıcı rola malikdir. 1994-cü ildən etibarən rayon ərazisində aqrar islahatlar həyata keçirilmiş, əhali pay torpaqları ilə təmin olunmuşdur. Rayon ərazisində meliorasiya işini yaxşılaşdırmaq məqsədilə 1978-ci ildən ötən dövr ərzində 38 nasos stansiyası, 45 subartezian quyusu tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, 7 su anbarı yaradılmışdır. 2005-ci ildə Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunun 13 min 869 hektar sahəsinin suvarılması təmin olunmuş, 4 min 364 hektar yeni sahə əkin dövriyyəsinə daxil edilmişdir. Bütün bunlar aqrar sektorun inkişafına əhəmiyyətli təsir göstərmiş, rayon üzrə dənli və dənli-paxlalıların əkin sahəsi 1978-ci illə müqayisədə 2007-ci ildə 25 faiz, kartof əkini sahəsi 10 dəfə, tərəvəz əkini sahəsi 14 dəfə, bostan məhsullarının əkin sahəsi isə 21 dəfə çoxalmışdır. Öz növbəsində, məhsul istehsalı da yüksəlmiş, 1978-ci illə müqayisədə ötən il dənli və dənli-paxlalıların istehsalı 2 dəfə, kartof istehsalı 21 dəfə, tərəvəz istehsalı 10 dəfə, bostan məhsulları istehsalı 90 dəfə artmışdır... Xarakterikdir ki, 2007-ci ildə muxtar respublika üzrə kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 24 faizi, yaxud 28 milyon 904 min manatı Babək rayonunun payına düşmüşdür...”
İndi isə Babək rayonunun 2014-cü ilin ilk 7 ayında əldə edilmiş sosial-iqtisadi göstəricilərinə nəzər salaq. Muxtar respublikada sənaye məhsulları istehsalında mühüm yerə malik olan Babək rayonunda yanvar-iyul aylarında 66919,2 min manatlıq, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Qeyd edilən dövrdə rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 39119,2 min manat olmuşdur. Aqrar sahədə mühüm nailiyyət əldə etmiş rayonda hazırda məhsul yığımı davam edir. Cari ilin sentyabr ayının 1-nə olan məlumata görə, rayonun əkin sahələrində 341 hektar sahədən 5686 ton kartof, 1932 hektar sahədən 13 min 408 ton tərəvəz, 1505 hektar sahədən 16 min 449 ton bostan məhsulları yığılmış, 72 hektar sahədə isə təkrar əkinlər aparılmışdır. Yeri gəlmişkən, bu il rayonun taxıl zəmilərində 10364,8 hektar sahədən 31 min 725 ton məhsul yığılmışdır.
Muxtar respublikada aparılan genişhəcmli tikinti-quruculuq tədbirləri Babək rayonunu da öz ağuşuna alıb. “Muxtariyyət ili”nin əvvəllərində 70 mindən çox rayon sakininə xidmət göstərən 4 mərtəbəli rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir. Xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılmış, nümunəvi iş şəraiti yaradılmışdır. Burada Poliklinika, Ümumi stasionar, Ginekologiya və doğuş, Təcili və təxirəsalınmaz yardım şöbələri və Hemodializ bölməsi fəaliyyət göstərir. Xəstəxananın şöbələrində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası da əsaslı şəkildə yenidən qurularaq bura gələn tamaşaçıların istifadəsinə verilmişdir. Hər iki tikilinin ətrafı abadlaşdırılmış, ətrafda yaşıllıq zolaqları salınmış, yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Hazırda Babək qəsəbəsində rayon Rabitə İdarəsi üçün zirzəmi ilə birlikdə dördmərtəbəli bina tikilir. Müasir memarlıq üslubunda tikilən bina rabitə işçilərinin hərtərəfli fəaliyyəti üçün geniş imkanlar açacaq. Bundan əlavə, qəsəbədə Heydər Əliyev prospektində avtomobil yolunun genişləndirilməsi, yolun hər iki tərəfində piyada səkilərinin salınması, vətəndaşlara məxsus həyət evlərinin yola tərəf olan hissələrində divarların tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ötən ay imzaladığı Sərəncam isə rayon sakinlərinin əsl sevincinə səbəb olmuşdur. Sərəncama əsasən, rayonda 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq beş milyon manat ayrılması nəzərdə tutulmuşdur. Adıçəkilən yaşayış məntəqələrini birləşdirən dairəvi avtomobil yolunun yenidən müasir standartlara uyğun şəkildə qurulması mühüm əhəmiyyətə malikdir. Çünki əhalinin böyük bir hissəsinin yaşadığı həmin yaşayış məntəqələrini birləşdirən yol həm də rayondaxili əsas yol hesab olunur. Dairəvi yolun yenidən qurulması xalq qəhrəmanımızın adını daşıyan Babək rayonunun quruculuq xəritəsində xüsusi yer tutacaq. Xatırlatmaq yerinə düşər ki, həyata keçirilən quruculuq tədbirləri təkcə Babək qəsəbəsini deyil, kəndləri də əhatə edir. Hazırda rayonun Qahab, Naxışnərgiz, Qoşadizə və Güznüt kəndlərində kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzləri, Naxışnərgiz kəndində məktəb binası tikilir, Nehrəm, Qoşadizə və Güznüt kəndlərində isə məktəb binalarının yenidən qurulması davam etdirilir. Yaxın günlərdə Qahab kəndindəki obyektlərin istifadəyə verilməsi gözlənilir. Bir sözlə, əvvəlki illərdə olduğu kimi, “Muxtariyyət ili”ndə də Babək rayonu quruculuq tədbirlərindən öz nəsibini alacaq.
Bəli, bu yazıda Babək rayonunun muxtariyyət illərindəki inkişafının bəzi məqamlarından bəhs etdik. Unutmayaq ki, xalq qəhrəmanının adını daşıyan rayon həm də Kültəpə kimi qədim arxeoloji abidələri, “Sirab” və “Vayxır” kimi mineral suları, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan İslam Səfərli, Zəroş Həmzəyeva və adını çəkmədiyimiz digər məşhur şəxsiyyətləri ilə də tanınır. Ancaq unutmayaq ki, bütün bu tanınanların tanınmasında da elə bu rayonun yaradıcısı və inkişafının müəllifi olan böyük şəxsiyyət Heydər Əliyevin ideyalarının izi aydın görünür.
Səbuhi HƏSƏNOV