Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı bütün sahələri əhatə etməklə bərabər, burada fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının da işinə hərtərəfli şərait yaratmışdır. Son illər muxtar respublikada dövlət idarə və müəssisələri üçün xeyli sayda yeni inzibati binalar tikilmiş, mövcud binaların əksəriyyəti əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Əlbəttə ki, yeni iş yerlərində müasir tələblərə uyğun infrastrukturun yaradılması vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinə imkan verir.
Qısa zaman çərçivəsində öz fəaliyyəti ilə seçilən dövlət orqanlarından biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə yaradılmış Dövlət Miqrasiya Xidməti muxtar respublika ərazisində miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət qurumudur. Xidmətin fəaliyyət çərçivəsinə muxtar respublikada miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər də daxildir.
Naxçıvan Muxtar Respublikasının mühüm geostrateji ərazidə yerləşməsi miqrasiya proseslərinin effektiv idarə edilməsi ilə yanaşı, həm də muxtar respublikaya gəlib-gedən əcnəbilərin, habelə vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsini zəruri edir. Bu sahədə həyata keçirilən mütərəqqi tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəsmi saytında (www.miqrasiya.nakhchivan.az) aktiv şəkildə vətəndaşlara Naxçıvan Muxtar Respublikasında müvəqqəti olma müddətinin uzadılmasını, müvəqqəti və daimi yaşamaq (immiqrant statusu almaq), əcnəbinin Naxçıvan Muxtar Respublikası ərazisində haqqıödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədilə iş icazəsinin alınmasını və müddətinin uzadılmasını, Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətlərin və sənədlərin qəbulunu, həmçinin cərimələrin internet vasitəsilə ödənilməsini təklif edir.
Naxçıvan Muxtar Respublikasının turizm potensialının artırılması, müxtəlif turizm növlərinin inkişaf etdirilməsi istiqamətində görülən və yaxın gələcəkdə görüləcək işlər bura gələn turistlərin miqrasiya məsələlərinin rahat, təhlükəsiz və müasir standartlara uyğun şəkildə təminatını da ön plana çıxarır. Dövlət Miqrasiya Xidməti tərəfindən bu istiqamətdə atılan addımlar öz əhəmiyyəti ilə seçilir. Xidmətin Vahid Miqrasiya Məlumat Sistemi üzərindən “Mehmanxana qeydiyyatı alt sistemi” proqram təminatının fəaliyyəti qeyd olunan məsələlərin həllində mühüm rol oynayır. Sistem muxtar respublika ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxanalarda qurularaq istifadəyə verilib. Bu sistem vasitəsilə mehmanxanalar üzrə yerləşmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı Dövlət Miqrasiya Xidməti tərəfindən görülür və nəzarət aparılır. Eyni zamanda bu sistem vasitəsilə ölkə ərazisində 3 gündən artıq yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənədləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilərək icraata götürülür və qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1 iş günü ərzində onların olduğu yer üzrə qeydiyyata alınmaları barədə məlumat verilir. Bu sistem sənədlərin Dövlət Miqrasiya Xidməti ilə mehmanxanalar arasında elektron formada dövriyyəsinə, qeydiyyatına, hərəkətinin və icrasının səmərəli idarə olunmasına, dövriyyə zamanı vaxt itkisinin tənzimlənməsinə, əməkdaşın və bütövlükdə, təşkilatın işinin məhsuldarlığının və idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edir.
Müasir dövrdə istənilən əcnəbi üçün getdiyi ölkənin qanunvericiliyi ilə ilkin tanışlıq və mövcud imkanlardan heç bir bürokratik əngəl olmadan yararlanmaq böyük fürsət hesab olunur, eyni zamanda həmin ölkənin miqrantlara verdiyi dəyər kimi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə muxtar respublikanın gömrük məntəqələrində quraşdırılan elektron məlumat köşkləri bu dəyəri daha da artırır. Azərbaycanda ilk dəfə Naxçıvan Muxtar Respublikasında tətbiq edilən bu köşklər hazırda Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrindəki miqrasiya bölmələrində yerləşdirilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanında isə elektron məlumat köşkünün yerləşdirilməsi və istifadəyə verilməsi üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, məşhur “Delta” şirkətinin məhsulu olan elektron məlumat köşklərinin hündürlüyü 113 santimetr, monitorlarının eni 87, uzunluğu isə 56 santimetrdir. Elektron köşklərin ekranı sensorla (barmaq toxundurmaqla) idarə edilir. Köşklərin üzərində hazırlanmış proqram təminatı “Windows” əməliyyat sistemi üzərində qurulmuşdur ki, bu da zəruri olduğu halda, həmin proqram üzrə yerləşdirilmiş məlumatlarda müəyyən dəyişikliklər etməyə imkan verir. Haqqında bəhs olunan elektron köşklərdə əcnəbi və vətəndaşlığı olmayan şəxsləri maarifləndirmək məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı məlumatlar yerləşdirilmişdir:
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı;
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi;
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi.
Bundan əlavə, köşklərdə yerləşdirilmiş məlumatlarda Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmət növləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları da öz əksini tapmışdır. İstənilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün idarə olunması asan olan elektron məlumat köşklərinin proqram təminatı 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) tərtib olunmuşdur. Köşkdən istifadə zamanı əcnəbinin seçdiyi dil məlumatların eyni anda həmin dildə səslənməsinə də imkan verir. Xüsusi qidalandırma bloklarına qoşulmuş elektron məlumat köşkləri xidmətin kəsintisiz fəaliyyət göstərməsinə zəmanət verir.
Bu gün muxtar respublikamızda miqrasiya proseslərinin effektiv idarə olunması istiqamətində həyata keçirilən bu tədbirlər mövcud sahəyə göstərilən dövlət qayğısı ilə yanaşı, həm də innovativ yeniliyin təzahürü kimi qiymətləndirilməlidir.
Səbuhi HƏSƏNOV