Naxçıvan Muxtar Respublikasında sərnişin və yük daşınmalarının həyata keçirilməsində dəmiryol nəqliyyatının öz rolu var. Xüsusilə digər nəqliyyat növlərindən fərqli olaraq, müxtəlif növ daşımaların həyata keçirilməsində dəmiryol nəqliyyatı faydalı iş əmsalının yüksək olması ilə seçilir. Buna görə də muxtar respublikada bu nəqliyyat növünün maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, bu sahədəki mövcud potensialdan düzgün istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır. Payız-qış mövsümünə hazırlıq tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi dəmiryolçuların qarşıdan gələn mövsümə yaxşı hazırlaşdığından xəbər verir. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlara baxış keçirilib, cari və depo təmirləri keyfiyyətlə aparılıb. Cari ilin ötən 8 ayı ərzində 124 ədəd müxtəliftipli vaqon depo və cari təmir edilib. Lokomotivlərin və istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının mövsümə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 10,7 ton sürtgü yağı tədarük edilib. Sərnişinlərin payız-qış mövsümündə rahat gediş-gəlişini təmin etmək məqsədilə 4 ədəd istilik sistemi ilə təchiz olunmuş sərnişin vaqonu mövsümə hazır vəziyyətə gətirilib. Sərnişin vaqonlarının qızdırılması üçün lazımi qədər daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq 40 ton daş kömürün alınıb gətirilməsi üçün sifariş verilib.
Bundan əlavə, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə baş və stansiya yollarının vəziyyəti yoxlanılaraq ehtiyac duyulan sahələrdə köhnə şpallar 292 ədəd təzə ağac şpal və 123 ədəd dəmir-beton şpallarla dəyişdirilib, 50 metr yararsız rels yarımyararlı relslə əvəz edilib. Eyni zamanda stansiyalarda 166 ədəd rele, 14 ədəd radiorabitə bloku, 125 metr magistral kabelin dəyişdirilməsi təmin olunub.
Məlumatda o da qeyd olunur ki, son illər əsaslı təmir olunmuş və yenidən qurulmuş sərnişin vağzalı və inzibati binalarda 9 ədəd fərdi qazanxana quraşdırılıb. Təmir sexlərində və digər strukturlarda isə 6 ədəd “Kombi” markalı qızdırıcıdan istifadə olunur. İstismar edilən bütün qazanxanalara texniki baxış keçirilərək onlar saz vəziyyətə gətirilib.
Həyata keçirilən tədbirlər payız-qış mövsümündə muxtar respublikada dəmiryol nəqliyyatının vaxtında və təhlükəsiz hərəkətinin təminatına zəmanət verir.
Xəbərlər şöbəsi