Dünən Babək rayonunun Cəhri kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib. Yığıncağı xidmətin rəis müavini Elnur Məmmədov açaraq miqrasiya xidməti sahəsində muxtar respublikada görülən işlərdən danışıb, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Rahib Kərimov “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, xəstəxana, sanatoriya, istirahət yeri, turist bazası və sair) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun surətini müvafiq icra hakimiyyəti orqanına elektron poçt vasitəsilə və ya şəxsən təqdim etməlidir. Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onu olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Qeyd olunub ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, qanunla müəyyən edilmiş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Zakir Məmmədovun “Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi” və xidmətin inspektoru Nurlan Tağıyevin “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi” mövzularında çıxışları olub.
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi