23 Dekabr 2024, Bazar ertəsi

Qış insanları həmişə ciddi sınaqlara çəkir. Bu sınaqlardan uğurla çıxmaq üçün tədbirli adamlar hər il əvvəlcədən payız-qış mövsümünə ciddi hazırlaşırlar. Artıq indidən qarşıdakı qışın da soyuq keçəcəyi ilə bağlı proqnozlar verilir. Elə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidovla da söhbətimiz bu mövzuda oldu. Onun dediklərindən:
– Əvvəla, hansı ilin hansı fəslinin necə keçəcəyini heç kim deyə bilməz. Bəzilərinin bu barədə proqnoz verməsindənsə, hərənin öz vəzifəsini layiqincə yerinə yetirməsi daha yaxşı olardı. İkincisi, qış öz qarıyla gözəllik, soyuğuyla təmizlik gətirir. Əlbəttə, bu gözəl fəslə vaxtında hazır­laşanlar üçün. Yəni biz builki qışın ötən illərə nisbətən sərt və ya mülayim keçəcəyi barədə xəbərlərdən o qədər də narahat deyilik.
Həmsöhbətim onu da əlavə etdi ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı bütün dünyada yüksək səviyyədə qiymətləndirilirsə, beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanın hansısa nümunəsini və ya rekordunu qeyd edirlərsə, biz nə üçün öz fəaliyyətimizi həmin səviyyəyə uyğun qurmayaq? Üstəlik, bu gün Azərbaycan, eləcə də Naxçıvan elə bir tərəqqi və inkişaf dövrü yaşayır ki, bu tendensiyanın fonunda hansısa rayonun qışa hazır­lığında problem olması inandırıcı görünməz.

İcra başçısının müavini avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni də yada saldı. Qeyd etdi ki, müşavirədə yeni mövsümə hazırlıqla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Bizim də qarşımızda təxirəsalınmaz vəzifələr durur. Odur ki, rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda bu məsələ geniş müzakirə olunmuş və tədbirlər planı təsdiqlənərək bütün aidiyyəti qurumlara göndərilmişdir. Tədbirlər planının icrasını da ciddi nəzarətdə saxlayırıq. İdarə və müəssisələrin, əhalinin qış mövsümündəki problemlərinin operativ həlli üçün xüsusi komissiya fəaliyyət göstərir. Komissiya meydana çıxan çətinlikləri dərhal həll etməyə çalışır. İndi haqlı olaraq əhalidə belə bir ümumi fikir formalaşıb ki, yay-payız aylarında rayonun əksər idarə və müəssisələrində qışa daha yaxşı hazırlaşdıqları üçün, necə deyərlər, “qışın oğlan çağında” belə, ciddi çətinliklər meydana çıxmır.
Qeyd edim ki, rayon İcra Hakimiyyətinə getməmişdən əvvəl bölgənin sadə, sıravi sakinləri ilə görüşmüş, onların payız-qış mövsümünə hazırlıqla bağlı fikirlərini öyrənmişdim. İstər Sədərək və Qaraağac kəndlərində, istərsə də rayon mərkəzi Heydərabad qəsəbəsində adamlardan payız-qış mövsümü ilə bağlı qayğı və çətinliklərini soruşdum. Dedilər ki, son illər rayonda qışa yaydan ciddi hazırlıq görülür, odur ki, mənzillərdə su, elektrik enerjisi, təbii qaz sarıdan heç bir problem yaranmır.
Payız-qış mövsümünə hazırlıqla bağlı aidiyyəti təşkilatlara da baş çəkdik. İlk növbədə, elektrik təsərrüfatında görülən işlərlə tanış olduq. Məlumdur ki, payız-qış aylarında küləkli, yağışlı, qarlı-şaxtalı havalarda elektrik dirəklərinin aşması, naqillərin qırılması, transformatorların, yağ açarlarının sıradan çıxması halları daha çox baş verir. Cari ilin ötən dövründə 2 ədəd müxtəlif gücdə yarımstansiya quraşdırılmış, 1250 metr məsafədə 10 kilovoltluq, 2800 metr uzunluqda 0,4 kilovoltluq hava xətti təzələnmişdir. Hava xətlərindən evlərin girişlərinədək 1500 metr yeni elektrik naqilləri çəkilmişdir. Nasaz transformator yarımstansiyaları və hava xətləri təmir olunmuş, elektrik naqillərinə maneçilik törədən ağaclar təmizlənmişdir. Həmçinin qış aylarında yarana biləcək hər hansı nasazlığın aradan qaldırılması üçün lazımi mal-material ehtiyatı yaradılmışdır.
Sədərək Rayon Qaz İstismarı İdarəsi 1111 abonentə xidmət edir. Payız-qış mövsümünə hazırlıqla bağlı müəssisə tərəfindən qaz xətlərinə baxış keçirilərək bütün sızmalar aradan qaldırılmış, qaz kəmərlərini qorumaq üçün gilizlər qoyulmuşdur. Bütün bu tədbirlər qarşıdan gələn payız-qış mövsümündə hər hansı bir problemin yaranmasının qarşısının alınmasına xidmət edir.
Rayon Yol İstismarı Sahəsinin maşın və mexanizmləri işlək vəziyyətə gətirilmiş, körpülərə və buz bağlamaq ehtimalı olan yollara səpmək üçün qum ehtiyatı yaradılmışdır. İşçilər isti geyimlə təmin olunmuşdur.
Rayonda əhalinin dayanıqlı rabitə ilə təmin edilməsi, rabitə xidmətinin yüksəldilməsi məsələsi də diqqətdə saxlanılır. Bunun üçün dizel generatoruna baxış keçirilmiş, nasazlıq aradan qaldırılmışdır. Kabel quyuları açılıb yoxlanılmış, orada olan zəif muftalar yenilənib normativə uyğun hala gətirilmişdir. İstismar müddəti keçmiş dirəklər yeni dirəklərlə əvəz edilmiş, köhnə kabellər təzələnmişdir. Rabitə İdarəsi tərəfindən bu il 19 min 890 metr kabel, 132 ədəd dəmir dirək alınmışdır ki, bunun da müqabilində 105 mənzilə yeni telefon xətti çəkilmişdir. Rabitəçilərə yeni iş alətləri verilmiş, onlar xüsusi geyimlə təmin olunmuşlar.
Rayon əhalisi payız-qış mövsümündə içməli su sarıdan da korluq çəkməyəcəkdir. Bölgədə 115 subartezian quyusu fəaliyyət göstərir. Onlardan 61-i əsaslı təmir olunmuş, 11 quyunun nasosu yenisi ilə dəyişdirilmiş, 2 quyu isə yenidən istismar üçün bərpa edilmişdir.
Ümumtəhsil məktəblərində istilik sistemi müasir tələblərə uyğun qurulmuşdur. Tədris müəssisələrində bina və qurğuların elektrik şəbəkəsində olan nasazlıqlar əsasən aradan qaldırılmış, cihaz və avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Təhsil ocaqlarında mövsümə hazır­lıq məqsədilə görülən işlər deməyə əsas verir ki, məktəblərdə qışın ən qarlı-şaxtalı günlərində belə, tədris dayanmayacaq.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nəriman Seyidovla da həmsöhbət olduq. Onun dediklərindən:
– Bir anlığa təsəvvür edin ki, qış aylarında səhiyyə ocaqlarında lazımi şərait olmasa, bizə müraciət edən əhali, xüsusilə stasionarda müalicə olunanlar nə qədər çətinliklərlə üzləşə bilərlər. Bunu nəzərə alaraq kollektivimiz 2014-2015-ci ilin payız-qış mövsümünə ciddi hazırlıq işləri görmüşdür.
Öyrəndik ki, Mərkəzi Xəstəxananın bütün şöbələrində mövsümə hazırlıqla bağlı cari təmir işləri aparılmışdır. Mərkəzi Xəstəxananın əksər şöbələrində və kabinələrində elektrik cərəyanı ilə işləyən xüsusi qurğular mövsümə hazırlıq üçün yoxlama sınağından keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin balansında Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində klub və kitabxanalar mövcuddur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq Musiqi Məktəbi də bu qurumun tabeliyindədir. Təbii ki, qış aylarında bu müəssisələrdə lazımi şərait yaradılmasa, əhaliyə yüksək mədəni xidmətdən söhbət gedə bilməz. Odur ki, qış mövsümünə hazırlıq kampaniyası çərçivəsində şöbənin rəhbərliyi çalışır ki, bu sahədə öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirsin ki, qış aylarında əhalinin haqlı irad və gileyləri ilə üzləşməsin.
Artıq yayın son günləridir, payızın da nəfəsi duyulur. Sərhəd bölgəsi Sədərək rayonunda bu, özünü daha qabarıq göstərir. Havalar gün ərzində bir neçə dəfə dəyişir. Dağlara çən düşür, küləkli, yağışlı, çiskinli havalar bir-birini əvəz edir. Bəzən də buludların arxasından boylanan Günəş ilıq şüalarını ətrafa səpələyir. Sədərək əhalisi nikbindir. Onlar inanırlar ki, 2014-2015-ci ilin payız-qış mövsümündə də rayonda heç bir problemlə üzləşməyəcəklər.

Cəfər Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR