23 Dekabr 2024, Bazar ertəsi

90 illik muxtariyyət tariximizin son 20 ilində Şahbuz rayonu sürətli inkişaf yolu keçərək bugünkü yüksəlişə çatdı. Ən böyük uğur isə Şahbuz qəsəbəsinə elə bu inkişaf sayəsində şəhər statusunun verilməsidir

90 illik muxtariyyət tariximizin sonuncu 10 illiyində şəhər statusu alan Şahbuzdakı yeniləşmə indi göz oxşayır. Yüksəliş, tərəqqi  bu yeniliklərin sayını günlər keçdikcə çoxaldır. Bir-birindən yaraşıqlı binalar, abad küçələr, parklarla yanaşı, təmizlik, səliqə-sahman şəhərin ümumi mənzərəsinə ayrı bir gözəllik bəxş edib. “Günü-gündən böyüyən, gözəlləşən, yeniləşən bu diyardan doymaq olarmı?” düşüncəsi ilə yaşayan şahbuzlular bu yurd yerinə indi daha möhkəm tellərlə bağlanıblar.

“Azərbaycanda bütün bölgələrdə sürətli inkişaf gedir. Bizim maddi imkanlarımız artır və istəyirik ki, bu imkanlardan səmərəli istifadə edək; Azərbaycan üçün vacib olan məsələlər öz həllini tapsın, bütün bölgələrdə inkişaf daha da sürətlə getsin”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrini iş prinsipinə çevirən bu yurd yerinin insanları hər bir işi ürəklə görürlər. Onlar rayonun şəhər, qəsəbə və kəndlərinin yeniləşməsi, gözəlləşməsi üçün qurub-yaradır, qoruqçu, keşikçi, yenilikçi kimi bütün imkanlarından səmərəli istifadə edirlər.

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına əsasən tikilib istifadəyə verilən onlarla yeni sosial obyektlər, kənd mərkəzləri, inzibati və məktəb binaları, yollar, körpülər, istehsal müəssisələri və başqa infrastruktur sahələri bu gün rayon sakinlərinin istifadəsindədir. Elə buna görə də yeddiyaşlı şəhərin bu günədək keçdiyi inkişaf yolundan ürəkdolusu danışmaq olar. Çünki 70 illik sovet imperiyası dövründə və ondan sonrakı keçid mərhələsində gözdənuzaq qalan bu rayonun kənd­ləri də özü kimi ömrü keçmiş bir qocanı xatır­ladırdı. Nimdaş binalar, yararsız tikililər, çala-çökək yollar, daşlı-çınqıl­lı səkilər və tikan-qanqal basmış çöllər, əkilməyən torpaqlar bir gözdağına çevrilmişdi ötən əsrdə. Heç kəsdə bu görüntünün dəyişəcəyinə, nəinki kəndlərdə, hətta rayon mərkəzində belə hansısa bir yeniliyin yaradılacağına ümid qalma­mışdı. Təbii gözəlliklərlə dillər əzbəri olan Şahbuz rayonuna gələn qonaqlar da gördükləri mənzərədən təəssüf hissi keçirirdilər. O dövrdə bölgəsindən asılı olmaya­raq, hər bir Azərbaycan kəndinin mənzərəsi kimi, Şahbuz rayonunun da kəndləri elə eyni problemlə, eyni ahənglə və eyni ab-hava ilə zamanı tarixə verirdilər. Həmin dövrdə mərkəzi qəzetlərdən birinin əməkdaşının Şahbuz rayonuna gəlməsi və onun səfər təəssüratlarının əsasını təşkil edən rayon haqqında fikirlərinin yer aldığı qəzet məqaləsindən bir parçanı hörmətli oxucuların diqqətinə çatdırmaqla son 20 ildə rayonun hansı səviyyədə inkişafını bir daha göz önündə canlandırmaq istəyirəm.
Həmin məqalədən: “Şahbuz rayonunda, eşitdiyimə görə, bir-birindən gözəl, doyumsuz təbiət mənzərələrinə malik, bir-birinə bənzəməyən dağ kəndləri çoxdur. Elə buna görə də bu rayona üz tutub o dağ kəndlərində olmaq mənim üçün bir arzuya çevrilmişdi. Ancaq onu da eşitmişdim ki, buludların qaş-qabağı tutulanda bu kəndlərə gedən yollar, demək olar ki, bağlanır. Ona görə də Şahbuza avqustun axırlarında gəldim ki, maşınla kəndlərə qalxa bilək. Rayonda olarkən bütün kəndlərin təbiət abidəsi olduğunu bildirsələr də, bu kəndlərdən ancaq yolunun münasib olanını, yəni uzaq olsa da, ən rahat olanını seçməyi məsləhət bildilər. Mən isə bunun fərqinə varmadan dəniz səviyyəsindən çox yüksəkdə yerləşən Kükü kəndinə getmək istədim. Yol boyu bir neçə kəndi keçəndən sonra yol yoxuşa dikəldi. Mənimlə birgə olan rayon qəzetinin əməkdaşı öz-özünə danışırmış kimi astaca dedi:
– Hə, indi bu sərt yoxuşları qalxmağa oğul istəyirəm.
Onu da qeyd edim ki, rayon rəhbərliyi tərəfindən bizə ayrılan “QAZ-69” markalı təzə maşının sərt yoxuşları asanlıqla qalxacağına əmin idim. Elə bu arxayınlıqla yol yoldaşımla söhbət etməyə başlasam da, getdikcə daralan nasaz kənd yolunun vahiməsi məni qorxutmağa başladı. Başımı nə qədər söhbətə qatmaq istəsəm də, yolun vahiməsini unudum deyə, o yan, bu yandan söz salsam da, yola baxdıqca nəfəsim kəsilir, oturacağın dəstəklərindən daha bərk-bərk yapışaraq yerimdə dikəlir və sanki divar kimi yamaca dırmaşan maşının yükünü yüngülləşdirməyə çalışırdım. Ensiz, dar yol döngələrlə müşayiət olunduğundan, həmçinin yolun bir tərəfinin dərin sıldırım olması üzündən istər-istəməz vahimələnirdim. Torpaq yolun yağış sularından yuyulmuş hissələrində maşının təkərləri sanki buz üstündəymiş kimi sürüşür, istiqamətini dəyişirdi. Qulaqlarım uğuldayırdı. Elə bildim, neçə saatdır, yol gedirik. Yoxuşa qalxan yol isə bitmək bilmirdi. Və beləcə, gərgin bir vəziyyətdə Allaha üz tutub sağ-salamat bu kəndə yetişmək diləyini təkrarlaya-təkrarlaya dağların əhatəsində yerləşən Kükü kəndinə çatdıq.
Hava birdən-birə dəyişir. Bakının nəfəs almaq mümkün olmayan avqust bürküsündən sonra adam belə bir sərinliyə düşəcəyini ağlına da gətirmir. O anda düşündüm ki, heyif ki, belə bir havası, suyu, təbii mənzərələri olan kəndin adicə bir rahat maşın yolu belə, yoxdur. Hava getdikcə sərinləşməyə, biz isə üşüməyə başladıq. Amma kəklikotunun, biçənəklərin ətri dolan könlüm elə bil ki, dünyaya baxmaq üçün ən yaxşı yer olan bu ucalıqdan dağa dönmüşdü. Yolun qırağındakı kolların dibindən pırıltı ilə uçan kəkliklər, bildirçinlər, sərin dağ mehindən yırğalanan otlar, çiçəklər adama dünyanın bütün dərdlərini unutdururdu. Amma kəndə doğru irəlilədikcə yenə də təəssüf hissi məni öz ağuşuna alırdı. Bütün başqa kəndlərimiz kimi, Küküdə də bir solğunluq, sakit bir yaşam və yetim bir sükut kəndə hakim kəsilmişdi. Kənddə qarşımıza çıxan ahıllar və yaşlı insanlar bizi çox mehribanlıqla salamlayır və çay-çörəyə dəvət edirdilər. Daşlı-çınqıllı kənd yolunun döngəsində qabağımıza atın cilovundan tutmuş bir kişi çıxdı. Atın üstündə isə 10-12 yaşlarında bir uşaq oturmuşdu. Kələ-kötür məhəllə yolu dar olduğundan sürücü maşını saxladı. Çöhrəsindən sağlamlıq, gümrahlıq yağan ağsaqqal bizi salamlayır və sonra gülə-gülə deyir: “Biz ikiyik, atımız bir”. Əvvəl bu fikri anlamasaq da, kişiyə yanımızda yer verib yol yoldaşı olduq. Söhbətə nərdivan qoyan kənd adamı sanki uzun illərdən bəri ürəyini boşaltmağa axtardığı bir adamı tapmışdı. Həm gileyli, həm incik, həm də təəssüf hissi ilə fikirlərini bildirərək arada üzümə baxan ağsaqqal sualımı gözləmədən sözə başladı. “Rahat yaşamağımıza imkan vermirlər. Gördüyünüz kimi, bu yolla harayasa satmağa mal aparmaq, qazanc eləmək, yaxşı yaşamaq mümkün deyil. Hərə öz başını saxlayır. Kimdir, bizi yadına salan. Öz ağsaqqalı, öz bulağı, öz yaylağı, öz dəlisi, öz igidi olan kənd elə öz hesabına yaşayır. Baxan yox, maraqlanan yox. Yolumuz da, körpümüz də, suyumuz da, əkin-biçinimiz də özümüzə aiddir. Kənddə oturmağa bir yer belə, yoxdur ki, torpaqdan baş qaldıranda gününün heç olmazsa, bir neçə sa­atını tay-tuşunla orada keçirəsən.
Kəndimizdə cəmi bir telefon olan ev var ki, hayımızda da, vayımızda da o qapını döyürük. O da işləyə, işləməyə. Xəstələnəni, yıxılanı nə bir xəstəxanaya, nə bir həkimə çatdıra bilirik – yol-iriz, maşın dərdindən. Allah ümidinə yaşadığımız kənddən cavanlarımız üz çevirib. Çünki bağımızdan, bağatımızdan, malımızdan, heyvanımızdan götürdüyümüz məhsulun da artıq qalanını nə satmağa yer, nə də aparmağa maşın tapa bilirik. Ona görə də hər kəs özünə lazım olan qədərini istehsal edir. Kənd sovetinin adı var, özü yoxdu. Uçuq-sökük bir neçə binada guya mədəniyyət evi, klub, xəstəxana fəaliyyət göstərir. Amma biz nə o binalarda adam, nə də onların qapısını açıq görmüşük. İndi, ay qonaq qardaş, sən de görək, biz Allah ümidinə yaşayırıq, ya yox?..”
Dərdli yoldaşımın giley-güzar dolu fikirləri məni də öz təsiri altına aldı. Üz tutduğum ünvanlar – kənd orta məktəbi (əgər buna məktəb demək olardısa), mədəniyyət müəssisələri, xəstəxana öz görkəmi ilə burada heç bir işin olmadığından xəbər verirdi. Kəndin ümumi görkəmində bir atılmışlıq, unudulmuşluq var idi ki, bu da onun evlərindən, yolundan, küçəsindən bəlli olurdu. Görəsən, bu qədər təbii gözəllikləri və sərvətləri ilə gözoxşayan kənd­lərimiz niyə unudulub, yaddan çıxıb? Dəniz səviyyəsindən 2000 metrə qədər yüksəklikdə olan Kükü kəndi kimi, Şahbuz rayonunun istər mərkəzində, istərsə də başqa kəndlərində gözoxşayan nə bir tikili gördüm, nə bir yenilik, nə də bir rəvanlıq. Yol boyu gördüyüm və ürəyimi ağrıdan bir mənzərəni unuda bilmirəm. Boynu vurulmuş adamı xatır­ladan ağac kötükləri, kəsilmiş kollar, qurumuş ağaclar təbiətə də biganəliyin, laqeydliyin göstəricisi kimi ürək ağrıdırdı. Yol boyu təbii qanunauyğunluqla ikibir, üçbir baş-başa vermiş cır ağaclardan başqa nə bir yaşıllığa, nə də cavan tinglərə rast gəldim. Onda öz-özümə sual verdim ki, görəsən, yurdlarımıza, kəndlərimizə və onun əsrarəngiz sərvətlərinə nə vaxtsa sahib çıxan olacaqmı?..”
Bu qəzet məqaləsi 1991-ci ildə işıq üzü görüb. Hər birimiz razılaşarıq ki, həmin dövrdə deyilənlərdən qat-qat artıq problemlər var idi kəndlərimizdə. Ötən 20 il ərzində həmin kəndlərimiz və Şahbuz şəhərinin özü az qala saat-saat dəyişməyə, yeniləşməyə başladı. Çünki həmkarımın arzuladığı kimi kəndimizə, şəhərimizə, təbiətimizə və sərvətlərimizə bir vətəndaş, bir insan və ən əsası bir lider kimi sahib çıxan şəxsiyyətlər oldu; öz qayğısını, diqqətini yurd yerlərimizdən əsirgəmədi. El arasında deyərlər ki, gözəllik ağacı qədirbilən insanın zəhmət təri ilə yaşayır. Bu mənada deyə bilərik ki, muxtar respublikamızda Heydər Əliyev ideyalarına sədaqəti ilə hər birimizə nümunə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük həssaslıqla və istəklə kəndlərimizin sosial-iqtisadi inkişafına diqqət göstərməsi yenidənqurma siyasətinin ən ucqar dağ kəndlərini belə, qısa zamanda öz ağuşuna almasına səbəb oldu. Nəticə göz önündədir. Kükü də, Ağbulaq da, Şada da, Nursu da, Keçili də və rayonumuzun bütün kəndləri də indi bu siyasət nəticəsində həm sakinlərin, həm də qonaqların sevimli yurd yerlərinə çevrilib. Rəvan yollar bu kəndlərə şaxələnib dağlara sarı yüksəldikcə adamın ürəyi dağa dönür gördüklərindən. Kükünün o dar, qorxulu, yöndəmsiz kənd yolundan indi əsər-əlamət qalmayıb. Müasir tələblər səviyyəsində qurulan yeni müasir yolun o kəndə çatdırdığı insanlar kənddə ucalan üçmərtəbə binaların gözəlliyinə heyran qalırlar. İndi yeni infra­struktur sahələrinin, kənd və xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi kəndlərimiz sırasına daxil olan Kükü 90 illik muxtariyyət tariximizdə özünün intibah dövrünü yaşayır.

Görülən işlər, həyata keçirilən tədbirlər indi ölkəmizin müxtəlif yerlərindən Şahbuz rayonuna gələn qonaqları heyran edir. Onlar ağızdolusu tərif edərək kəndlərimizin yeniləşməsinə və bu qədər işin 20 illik zaman diliminə sığmasına inana bilmirlər. Bəli, yenidənqurma siyasətinin böyük vüsətlə həyata keçirildiyi muxtar respublikamızda 20 illik muxtariyyət dövrünün kəndləri öz görünüşü ilə insanları gördüklərinə inandırdı. Deməli, yaxşıya, gözələ sahib olmaq üçün, birinci növbədə, insanda sahiblik hissi olmalıdır.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR