23 Dekabr 2024, Bazar ertəsi

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam”. Bu fikir ulu öndərin ülvi, müqəddəs həyat amalı, ideyaları, həyat fəaliyyətinin meyarı idi. Azərbaycan dövləti, xalqımız onun rəhbərliyi altında yüz illərlə keçə bilmədiyi inkişaf yolunu qısa zamanda qət edə bildi. Belə bir cahanşümul irsin xalqın bütün təbəqələri arasında, xüsusən yetişən nəslin ideya aləminin formalaşmasında necə bir mahiyyətə və əhəmiyyətə malik olduğu şübhəsizdir. Böyüyən nəslə ümummilli liderin Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi siyasətin mahiyyətini daha dərindən dərk etdirməliyik.
Biz bu gün böyüməkdə olan nəsli ulu öndərin dəfələrlə ölçülüb-biçilmiş, dərk edilmiş, ətraflı düşünülmüş siyasəti sayəsində, çox əzab-əziyyətlərə qatlaşaraq, mətinlik, dönməzlik, səbirlilik nümayiş etdirərək qurduğu Azərbaycan dövlətinə sədaqət ruhunda böyütmək üçün vasitələrdən, yollardan, imkanlardan maksimum dərəcədə faydalanmalıyıq. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycançılıq ideyalarının gələcəyimiz olan övladlarımızın qanına, canına hopmasına, onların özlərini heç vaxt yol ayrıcında hiss etməmələrinə nail olmalıyıq. Çünki Azərbaycan dövləti üçün ümummilli lider Heydər Əliyevin böyük və əzəmətli, həmişəyaşar ideyaları möhkəm bünövrədir, qarantdır.

Ulu öndər Heydər Əliyevin ideyalarını əqidəyə çevirmək, bu ideyaları yetişən nəslin ruhuna hopdurmaq, onları əsl vətəndaş kimi yetişdirmək, ölkənin, xalqın mənafeyi uğrunda fədakar mübarizlər kimi formalaşdırmaq, müstəqillik qazanmış suveren ölkənin tələblərinə cavab verən bir səviyyəyə qaldırmaq qarşımızda duran mühüm, ümdə vəzifədir. Belə bir vəzifənin uğurlu həlli üçün bütün tərbiyə işinə, onun daxili məzmun istiqamətinə nüfuz etmək, şagirdlərin idrakına və qəlbinə Heydər Əliyev ideyaları ilə təsir göstərmək lazımdır.
“Həqiqəti dərk etməklə tərbiyə yalnız başlanmış olur”. Bu başlanğıc mərhələsinin əsası isə sistemli, ardıcıl şəkildə və pedaqoji prinsipləri gözləməklə ümumtəhsil məktəblərində qoyulur, inkişaf etdirilir. Təhsil müəssisələrində fənlərin tədrisi zamanı, müxtəlif növ tərbiyə işləri prosesində şagirdlərin ulu rəhbərin ideyaları ruhunda tərbiyə edilməsi üçün çox geniş imkanlar mövcuddur. Bu, həqiqətdir. Lakin bu həqiqətin reallığa çevrilməsi, yəni bu istiqamətdə tərbiyə işinin səmərəlilik səviyyəsi o halda mümkün ola bilər ki, şagirdlərin dahi rəhbər Heydər Əliyev nümunəsində tərbiyəsi işi xüsusi şərtlər daxilində həyata keçirilsin. Şagirdlərin ideya inamının formalaşdırılması üzrə işin müvəffəqiyyəti onun stimullaşdırılması və isti­qamətləndirilməsindən asılıdır. Ümumtəhsil məktəblərində ulu öndərin həyat və fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması işində bu deyilən cəhət həmişə diqqətdə saxlanılmalıdır.
Ümumtəhsil məktəblərində bu məsələlərin mövcud vəziyyətini şərh etməzdən əvvəl bir razılıq, fərəh gətirən cəhəti xüsusi qeyd etməliyik. Görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ideyalarının mənimsənilməsi sahəsində işlər hələ müstəqillik dövrünün ilk illərindən təlim-tərbiyə prosesinə daxil olmağa başlamışdır. Müdrik şəxsiyyət Heydər Əliyevin həyatını və mübarizəsini daha yaxşı, daha dolğun və daha tez başa düşülən tərzdə izah etmək, aydınlaşdırmaq haqqında qabaqcıl müəllimlərin anlayış və təsəvvürlərini formalaşdırmaq səyləri diqqətəlayiqdir. Naxçıvan şəhərinin, muxtar respublikanın rayon mərkəzləri və kənd məktəblərinin bu sahədə apardığı işlər haqqında çoxlu materiallar var. Onlar ulu öndər Heydər Əliyevi xalqın qurtuluşunun yeganə təminatçısı kimi qiymətləndirir və böyük şəxsiyyətin əzəmətli simasını xilaskar kimi şagirdlərin gözü qarşısında canlandırır, təbliğ edirlər.
Hazırda yüksək inkişaf tempi ilə irəliləyən respublikamızın ümumtəhsil məktəblərində Heydər Əliyevin ideyaları ruhunda, onun həyati fədakarlığı timsalında böyüyən nəslin tərbiyəsi işində yüksək nailiyyətlər əldə edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev ideyalarını, işinin əzəmətini, böyüklüyünü başa düşməyin bünövrəsi, əsası ibtidai siniflərdə qoyulur. Müəllimlər bu işdə mümkün qədər daha çox sistemli və ardıcıllıqla çalışmalıdırlar. Bilmək lazımdır ki, şagirdlərin ulu öndər Heydər Əliyevin nümunəsində tərbiyəsinin ibtidai təhsil illəri üçün perspektiv planlaşdırılma praktikası gündəlik iş kimi adi hala çevrilməlidir. Məhz ibtidai siniflərdən başlayaraq yorulmaz, zəhmətkeş, valeh­edici dərəcədə çalışmaq qabiliyyəti olan bir dahi şəxsiyyət kimi Heydər Əliyevin obrazını təsəvvürlərdə yaratmaq lazımdır. Onun Vətən, yurd təəssübkeşliyi, xalqa, Vətənə vurğunluğu, sədaqəti haqqında bu yaşda olan uşaqlara ardıcıl və əsaslı bilik və məlumatlar vermək lazımdır. Böyük şəxsiyyətin Azərbaycançılıq, dövlətçilik uğrunda apardığı mübarizənin çətin, kəşməkəşli yolunu kiçikyaşlı məktəblilərə başa düşəcəyi bir dildə mənimsətmək lazımdır.
Yekun olaraq qeyd edək ki, ümummilli liderin humanist ideyaları ibtidai sinif şagirdlərinin yaş və bilik səviyyələrinə uyğunluğu nəzərə alınmaqla öyrədilməli, bütünlükdə, dahi rəhbər Heydər Əliyevin həyat nümunəsi, siyasi-ictimai fəaliyyəti, yaradıcılıq irsi pedaqoji və metodik əsasları müəyyənləşdirilməklə müntəzəm, davamlı şəkildə, lazım olduğu səviyyədə kiçikyaşlı məktəblilərə çatdırılmalıdır.

Lalə ALLAHVERDİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR