Quruculuq tədbirləri davam etdirilir
Muxtar respublikada əldə olunan nailiyyətlərdə Kəngərli rayonunun da öz payı var. Bu bölgədə həyatın bütün sahələrində qazanılmış uğurlar rayona göstərilən hərtərəfli dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir. Cari ilin ötən dövrü ərzində rayonda belə uğurlar artan dinamika ilə müşahidə edilib. Qazanılan hər bir nailiyyət, əldə olunan hər bir uğur, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü göstərir. Bu isə hər bir Kəngərli sakininin qurub-yaratmaq əzminə yeni qüvvə verir. Digər bölgələrimiz kimi, tikinti- quruculuq tədbirləri bu rayonun da ayrılmaz tərkib hissəsinə çevrilib.
Hazırda rayon mərkəzi Qıvraq qəsəbəsində, kənd yaşayış məntəqələrində geniş həcmdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi davam etdirilir. Rayon mərkəzində Uşaq-Gənclər Şahmat Məktəbi, Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon Şöbəsi, Elektrik Şəbəkəsi üçün yeni binalar inşa olunur. Qarabağlar kəndində 468 şagird yerlik 1 nömrəli tam orta məktəbin binasında yenidənqurma işləri aparılır, xidmət mərkəzi inşa olunur. Qıvraq qəsəbəsində yeni ticarət mərkəzi tikilir. Əhalinin içməli su ilə təminatı istiqamətində tədbirlər davam etdirilir. Quruculuq tədbirləri digər sahələri də əhatə edir.
İqtisadiyyat gücləndirilir
Bölgədə kənd təsərrüfatının inkişafı üstün istiqamət verilən sahələrdən biridir. Rayon üzrə 2754 hektar sahədə yazlıq əkin aparılıb. Bunun 1047 hektarı yazlıq arpa olub. Ümumilikdə, payızlıq əkinlə birlikdə 4277 hektar taxıl sahəsinin məhsulu tədarük olunub. Torpaq mülkiyyətçiləri 214 hektar sahədə kartof, 293 hektar sahədə tərəvəz, 179 hektar sahədə bostan, 113 hektar sahədə günəbaxan, 98 hektar sahədə qarğıdalı, 321 hektar sahədə paxlalı bitkilərin əkinini həyata keçiriblər. Sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərildiyindən torpaq mülkiyyətçiləri bol məhsul yetişdirməyə nail olublar. Bütün əkinçilik sahələrində məhsul yığımı davam etdirilir. Əkin sahələrinin suvarılmasında mövcud olan problemlər aradan qaldırılıb, 3 min metrə yaxın yeni suvarma xətti çəkilib. Bəhs olunan dövrdə Xıncab və Böyükdüz kəndlərinin əhatə etdiyi ərazilərdə mövcud olan əkinəyararlı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə başlanılıb. Hazırda Uzunoba Su Anbarından qidalanan təbii axınlı boru xəttinin, nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi həyata keçirilməkdədir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi diqqətdə saxlanılaraq meşəsalma və meşəbərpa işləri davam etdirilir. Belə ki, 5,5 hektar sahədə meşə salınıb, 6 hektar sahədə meşəbərpa işləri həyata keçirilib. Ümumilikdə, 4600 ədəd müxtəlif meyvə tingləri, 300 ədəd həmişəyaşıl ağac əkilib.
Xidmət sahələrinin fəaliyyəti razılıq doğurur
Rayonda əhalinin elektrik enerjisinə, mavi yanacağa olan tələbatının ödənilməsi, rabitə xidmətinin yüksəldilməsi, məşğulluğun təmin olunması diqqət mərkəzində saxlanılır. Elektrik təchizatını yaxşılaşdırmaq üçün hava xətləri əsaslı təmir edilib, 10 ədəd müxtəlif gücdə olan transformator işlək vəziyyətə gətirilib, 1 yeni transformator yarımstansiyası quraşdırılıb, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Rayon mərkəzində bəhs olunan dövr ərzində 160 abonent montaj tutumu olan yeni KAREL ATS-i quraşdırılıb, inzibati binaların böyük bir hissəsində xətt təsərrüfatı yenidən qurulub, rabitə idarəsi tərəfindən 85 ədəd yeni telefon xətti çəkilib.
İlin ilk 7 ayı ərzində rayon Qaz İstismarı İdarəsi tərəfindən 5319 əhali abonentinə, 57 dövlət və 61 özəl təşkilata mavi yanacağın verilməsi təmin olunub. Bəhs olunan dövrdə 42 abonent sayğacla təmin edilib, 25 yeni mənzilə təbii qaz xətti çəkilib.
Rayonda əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, maddi rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu dövr ərzində 115 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, onlardan 103 nəfəri işlə təmin olunub. Bundan başqa, rayonda keçirilən əmək yarmarkalarında 44 nəfər daimi işlə təmin olunub. Eyni zamanda peşə ixtisası məktəblərini bitirmiş 11 nəfər işə cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən, ümumilikdə, 3066 nəfər təqaüdçüyə xidmət göstərilib. Pensiya və müavinətlərin ödənilməsinə 2 milyon 984 min 900 manat vəsait xərclənib. Bu dövrdə 749 min 852 manat məcburi dövlət sosial sığorta vəsaiti toplanılıb, 317 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib.
Təhsil və mədəniyyət işçiləri göstərilən qayğıya əməli işlə cavab verməyə səy göstərirlər
Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Məktəblərdə təhsil alan 3062 şagirdin təlim-tərbiyəsi ilə 417 müəllim məşğul olur. Ümumtəhsil ocaqlarında 239 kompüter və 34 elektron lövhədən istifadə edilir. Pedaqoji kollektivlər vətənpərvər vətəndaşlar tərbiyə etmək üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Tarixi, əlamətdar, bayram günlərində müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu da şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərir.
Ötən dərs ilində orta məktəblərdən 334 nəfər məzun olub. Onlardan 245-i ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edib, 102-si tələbə adına layiq görülüb. Abituriyentlərdən 14 nəfəri 500-dən yuxarı bal toplayıb. Rayonun pedaqoji kollektivləri qazanılan uğurları son hədd hesab etmirlər. Gələcəkdə daha yüksək uğurlara nail olmaq əzmi ilə çalışırlar.
Rayonun mədəniyyət işçiləri də göstərilən qayğıya əməli işlə cavab vermək əzmi ilə bütün imkanlardan istifadə etməyə çalışırlar. Bölgə sakinlərinin asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Rayon mədəniyyət evinin “Kəngər” instrumental ansamblı, uşaqlardan və böyüklərdən ibarət yallı kollektivləri, qızlardan ibarət “Gülüm hey” folklor qrupu rayonun mədəni həyatında fəal iştirak edirlər. Mədəniyyət işçiləri fotostendlərin, sərgilərin, şeir və rəsm müsabiqələrinin təşkilinə diqqəti artıraraq “Muxtariyyət ili”nə öz töhfələrini verməkdədirlər.
Ötən dövr ərzində bir neçə oxucu konfransı və kitab müzakirəsi keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan şəhərində keçirilən müsabiqənin yekun konsertində Qıvraq qəsəbə və Çalxanqala kənd uşaq musiqi məktəblərinin kollektivləri fəxri fərmanla təltif olunublar.
Qışa hazırlıq diqqət mərkəzindədir
Bununla bağlı rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə rayonun aidiyyəti təşkilatları qarşısında müəyyən vəzifələr qoyulub. Həmin vəzifələrin böyük bir qismi artıq öz həllini tapıb. Rayonun energetika, qaz, yol təsərrüfatları, rabitəçiləri qarşıdan gələn payız-qış mövsümünü uğurla başa vurmaq üçün bir sıra tədbirlər həyata keçiriblər. Qaz, elektrik xətlərində əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti başa çatan avadanlıqlar yeniləri ilə əvəz olunub. Texnikaların işlək vəziyyətə gətirilməsinə diqqət artırılıb. Təbii qazla qızdırılacaq binalara baxış keçirilib. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin qış mövsümündə heç bir problemlə üzləşməmələri üçün məqsədyönlü tədbirlər görülüb. Maye qaz və neft məhsullarından istifadə edilən müəssisələrdə lazımi yanacaq ehtiyatının yaradılması üçün həyata keçirilən tədbirlər davam etdirilir.
Kəngərli rayonu 2014-cü ilin ötən dövründə diqqətəlayiq uğurlar qazanıb. Bu uğurların qazanılmasında, təbii ki, başlıca amil hərtərəfli dövlət qayğısının göstərilməsidir. Belə qayğı olan yerdə yüksək uğurlara nail olmaq heç də çətin deyil. Bölgə sakinləri “Muxtariyyət ili”ni müvəffəqiyyətlə başa vurmaq üçün yaradılan imkanlardan səmərəli istifadə edir, muxtar respublikanın iqtisadi qüdrətinin artmasına töhfələrini verirlər.
Muxtar MƏMMƏDOV