İyunun 9-da Naxçıvan Qarnizonunun Zabitlər Evində “Qoşunlarda şəxsi heyətin mənəvi-psixoloji hazırlıq işinin təşkili” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri idarənin rəisi, polkovnik Rüfət Əmirov açıb.
Tədbirdə adıçəkilən idarənin zabitləri – polkovnik İslam Gəncəliyev, polkovnik-leytenant Nağı Eyvazov, polkovnik-leytenant Habil Talıbov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ölkəmizin bütün sahələr üzrə inkişafı silahlı qüvvələrimizdən də yan keçməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atdığı addımlar silahlı qüvvələrimizi regionun ən güclü ordusu edibdir. Bildirilib ki, həyata keçirilən tədbirlərin bir hissəsi də qoşun birləşmələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə təmin olunmasıdır.
İndi hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək, onlara döyüş ruhunun təlqin olunması üçün hərtərəfli şərait var və hərbi qulluqçularla mənəvi-psixoloji iş müvafiq vəzifələrdə xidmət edən zabitlər tərəfindən həyata keçirilir. Buna görə də aparılan ideoloji məşğələlərin səmərəliliyinin artırılması, bu məşğələlərin keçirilməsində müxtəlif texniki vasitələrdən istifadə edilməsi, həmçinin əsgərlərlə fərdi söhbətlərin təşkili, psixoloji testlərin keçirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Qeyd edək ki, psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı və davamlı şəkildə həyata keçirilir və şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması məqsədini daşıyır.
Sonda hərbi hissə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, mənəvi-psixoloji hazırlıq üzrə müvafiq vəzifələri yerinə yetirən zabitlərin, klub rəislərinin peşəkarlıq hazırlığını yoxlamaq məqsədilə test keçirilib.
Xəbərlər şöbəsi