AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 60-cı məşğələsi “Heydər Əliyev və Azərbaycan” mövzusuna həsr olunmuşdu.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib ki, Azərbaycanın müasir tarixinin böyük bir epoxası məhz ümummilli liderin adı ilə bağlıdır və bu epoxada baş verən proseslər o qədər taleyüklü olmuşdur ki, ümummilli liderin adı ilə Azərbaycanın adı sinonimləşmişdir. Təsadüfi deyildir ki, hələ sovetlər dönəmində keçmiş ittifaqın istənilən nöqtəsində Azərbaycan deyəndə “Heydər Əliyevin vətəni” ifadəsi təyinedici ifadə rolunu oynayırdı. Eləcə də müasir dövrdə bütün dünya Azərbaycanı məhz ulu öndər Heydər Əliyevin böyük adı ilə tanıyır. Çünki Azərbaycanın sovetlər dönəmində müttəfiq respublikalar içərisində ön mövqeyə çıxması da, yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsinə çıxması da məhz bu fenomenal şəxsiyyətin adı ilə bağlıdır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə oxumuşdur. Qeyd edilmişdir ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır.“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarmış, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, ölkəmizdə sabitlik və firavanlığa təminat yaratmışdır.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi