23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan tarixinin qırx beş illik bir müddəti əhatə edən son dövrü bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımızın, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin təminatçısı Heydər Əliyev siyasətidir. “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam... Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən müdrik rəhbər gənclik illərindən vətənpərvərliyi, qeyri-adi istedadı, geniş erudisiyası, zəngin və hərtərəfli biliyi, dərin analitik təfəkkürü ilə hamıdan seçilmiş, daim canı, qanı qədər sevdiyi doğma Azərbaycanımızın hərtərəfli yüksəlişi üçün fəda­kar­lıqla çalışmış, yaşı min illərlə ölçülən ulu tariximizin ən qüdrətli və misilsiz dahisi, ən parlaq şəxsiyyəti kimi şöhrətlənmişdir. 

1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizlik orqanlarında işləyən xalqımızın böyük oğlu Heydər Əliyev sovet rejiminin yaratdığı son dərəcə böyük çətinliklərə bax­ma­yaraq, həmişə Azərbaycanın mənafelərini hər şeydən uca tutmuş, bu yol­da qətiyyətlə, əzmlə çalışmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycana rəh­bərlik etməyə başlayan dahi şəxsiyyət ölkəmizi qısa müddətdə geniş tərəqqi yoluna çıxarmış, dünyada tanıtdırmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində misilsiz uğurlar qazanıl­mış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçirmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görü­l­müşdür. 1982-87-ci illərdə daha yüksək vəzifədə – SSRİ Nazirlər Soveti Səd­ri­nin birinci müavini postunda çalışan görkəmli dövlət xadimi Azərbaycanı bir an da unutma­mış, bütün imkanlarını, gücünü və bacarığını respub­lika­mızın tərəqqisinə yönəltmişdir. Ulu öndərin Vətən və xalq naminə şərəfli missiyası sonrakı mərhələlərdə də uğurla davam etmişdir.
20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra Naxçıvana gələn xalqımızın böyük oğlu əhali tərəfindən böyük coşqunluqla qarşılanmış, xalq onun timsalında əsl xilaskarını görmüşdür. Həmin vaxt Naxçıvan son dərəcə ağır bir şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat dağılaraq iflic olmuş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, siyasi burulğanlar burada da cövlan edirdi. Digər tərəfdən isə bədnam ermənilərin aramsız hücumları ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyi­nin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublika­nın çətin durumu göz önünə gələr. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrildi. “Doğma Vətən torpağına heç də yenidən haki­miy­yətə qalxmaq... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrün­də xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübari­zə­yə qoşulmağa gəlmişəm”, – deyən müdrik rəhbər xalqın imdadına çatdı. Naxçı­vana gəlişindən az sonra, 1990-cı ilin avqus­tunda gənclərlə görüşdə ulu öndərin dediyi bu sözlər onun əsas amalını bir daha ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.
30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Nax­­çıvan və Azərbaycan parlamentlərinə deputat seçilən ulu öndərin 1991-ci ilin 3 sen­tyabrında muxtar respublikanın rəhbəri seçilməsi doğma diya­­rımızın tarixi taleyi üçün çox mühüm hadisəyə çevrildi. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin Sədri cənab Vasif Talıbovun qeyd et­di­yi kimi: “Ümumi Azər­baycan evimizin divarından hər gün bir kərpic düşdüyü vaxt Naxçıvan Muxtar Respublikasının əhalisi çox böyük uzaqgörənlik nümunəsi göstərərək Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçdi”.
Ulu öndər Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər gördü ki, onlar mahiyyət və miqyasına görə neçə-neçə əsrlərə örnək ola bilər. 31 dekabrın Dünya Azər­bay­canlılarının Həmrəylik Günü kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqan­la­rı­nın milliləşdirilərək doğma Naxçıvana xidmətə yönləndirilməsi, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, doğma diyarımızın müdafiəsi üçün hər cür tədbirlərin görülməsi, o cümlədən Qars müqa­viləsinin şərtlə­rinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkil­məsi, idarəetmə struktur­ların­da operativliyin və dinamikliyin təmin olun­ması, sosial ədalətin bərpası, özəlləş­dir­mənin həyata keçirilməsi, yeni iqtisadi münasi­bətlərin formalaş­dırılması, enerji təminatı sahəsindəki kəskin problemlərin aradan qaldırıl­ması... sadala­madığımız yüzlərlə böyük tədbir məhz bu qısa müddətdə Naxçı­vanda real­laşdırılmışdır. Ölkəmizin ən nüfuzlu, qüdrətli, mütəşəkkil, kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması da ulu öndərin fəaliyyətinin Naxçı­van dövrünə aiddir.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etmişdir. İstiqlala qovuşmuş xalq ürəkdolusu sevinməyə macal tapmamış ağır problemlər məngənəsinə düşmüşdür. O zaman ölkəyə rəhbərlik edən şəxslərin bacarıqsızlığı ağır nəticələrə gətirib çıxarmışdı. İstər beynəlxalq aləm­də, istərsə də ölkə daxilində vəziyyət gündən-günə pisləşirdi. Dağlıq Qara­bağ münaqişəsində Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərə­fin­dən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Ölkəmizin haqq işini beynəlxalq təşkilatlarda, dünya miqyasında müdafiə etməli olan ağıllı rəhbərliyin, düşü­nül­müş siyasətin yoxluğu gənc müstəqil dövlətimizin təklənməsinə gətirib çı­xar­mışdı. Ölkə daxilində iqtisadi islahatlar aparılmamış, əksər müəssisələr fəa­liy­yətini dayandırmış, əhalinin maddi durumu böhran vəziyyətinə düş­müşdü. Siyasi arenada hərc-mərclik, başıpozuqluq, nihilizm meyilləri baş qal­dırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir iş görül­məmiş, hakimiyyət korrupsiyalaşmış ünsürlərin əlində oyuncağa çevrilmişdi. Ölkə­nin ayrı-ayrı regionlarında separatçı, bölücü qüvvələr öz mənfur niy­yətlərini gerçəkləşdirmək üçün hərəkətə keçmişdilər. Cənubda qondarma “Talış-Muğan Respublikası”, şimalda “Sadval”çıların “Ləzgistan” xülyaları, Qarabağda erməni işğalı, Gəncəbasarda Surət Hüseynovun başçılıq etdiyi silahlı qiyamçıların əməlləri ölkənin ərazi bütövlüyünə, suverenliyinə ciddi təh­lükə mənbəyinə çevrilmişdi. Vətənin toxunulmazlığı keşiyində dayanmalı olan ordu isə ayrı-ayrı adamların şəxsi dəstələrinə dönmüşdü… Bəli, cəmisi il yarımlıq istiqlal yaşamış Azərbaycanın 1993-cü ilin yazında durumu belə idi. Bu cür çətin vəziyyətə salınmış xalq düşdüyü ağır böhrandan xilas yolları arayır, nicat üçün çarpışırdı. Belə bir vaxtda xalq yeganə düzgün, müdrik yolu seçdi – dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. “Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycanın xilası məhz Heydər Əliyev dühası sayə­sində mümkün idi. Həyatının ən böyük mənasını, amalını xalqa xidmətdə görən dahi şəxsiyyət canı, qanı qədər sevdiyi Vətənini, yurddaşlarını taleyin ümidinə buraxıb seyrçi qala bilməz, ona dikilən ümidli baxışları, uzanan əlləri laqeydliklə qarşılamağı bacarmazdı. Çünki O, Heydər Əliyev idi. Vətənini canından çox sevən, Azərbaycanın azadlığı üçün öz həyatını qurban verməyə hazır olan Heydər Əliyev. 1993-cü ilin 9 iyununda xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyev Naxçıvandan Bakıya getdi. On minlərlə insan Bakı hava limanına axışaraq öz xilaskarını qarşıladı. İmperiya əsarətindən müstəqilliyə keçid dövrünü yaşayan Azərbaycan üçün Heydər Əliyevin Bakıya gəlişi hamıya həyat eşqi, yaşamaq ruhu bəxş etdi. Bu məqamda ümummilli liderimizin qiymətli sözlərini xatırlamaq yerinə düşər: “Keçid dövrünü yaşayan ölkə­lərə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adamlar olsunlar”. Bəli, məhz Heydər Əliyev təcrübəsi, dünyagörüşü Azərbaycanı böhrandan çıxarmağa qadir idi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi gerçəkləşdi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi.
Beləliklə, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdış günü olan 15 iyun Milli Qurtuluş Gününə çevrildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – AZƏR­BAYCANI AZƏRBAYCANA QAY­TAR­MAQ məra­mına xidmət edir”.
1993-cü ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi on il müddətində (1993-2003-cü illər) neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü, məramını hamıya çatdırdı: “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Xalqın bu böyük dahiyə bəslədiyi tükənməz ümidlər tezliklə öz bəhrəsini verdi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ulu öndər problemlərin həlli üçün ölkə­də vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər res­publikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi pro­qramdan, yaxud problemlərin həll edilmə­sindən söhbət gedə bilməz”.
Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiq­lalı­mı­zın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüşdür. Ulu öndər haqlı olaraq qeyd edirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bunun üçün möhkəm siyasi iradəyə, böyük təcrübəyə, hüdudsuz Vətən sevgisinə malik şəxsin ölkəyə rəhbərlik etməsi vacib şərtdir. Azərbaycanda belə bir missiyanı məhz Heydər Əliyev həyata keçirmişdir. Ölkədəki hərc-mərclik, anarxiya aradan qaldırılmış, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəq­qiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılmış, Azər­bay­canın beynəlxalq aləmdə nüfuzunun möhkəmlən­dirilməsi, Qarabağ mü­na­qi­şəsinin ədalətli həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan kontraktın imzalanması və onun gerçəkləşməsi yolunda görülən nəhəng işlər, ölkəmizin beynəlxalq təşkilatlarda layiqincə təmsil olunması, onun hüquq və mənafelərinin əzmlə qorunması, müstəqil Azərbaycanın hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyasının qəbulu, mənəvi dəyərlərin qorunması, mədəni dirçəlişə böyük qayğı, iqtisadiyyatın əsaslı şəkildə yenidən qurulması, bazar münasibətlərinin tənzimlənməsi, aqrar islahatların uğurla aparılması, Ümumi Daxili Məhsulun ciddi artımı, dünya azərbaycanlılarının həmrəyliyinin formalaşdırılması, xaricdə yaşayan soydaşlarla sıx əlaqələrin təşəkkülü, yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının əsaslı şəkildə yaxşılaşdırılması, bir sözlə, müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, möhtəşəm yüksəlişin baş verməsi dahi rəhbər Heydər Əliyevin qlobal fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir.
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, – deyən müdrik rəhbər xalq-dövlət birliyini, vətəndaşların öz dövlətinə tükənməz inamını bərpa etmişdir: “Azərbaycan xalqı öz dövlətini dəstəkləyir, müdafiə edir və bu da xalqımızın əbədi müstəqilliyinin təminatıdır”. Bəli, ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi son dərəcə məsuliyyətli və şərəfli bir missiyanı yüksək səviyyədə yerinə yetirmiş, öz sağlığında xalqın qəlbində özünə əbədi bir abidə ucaltmışdır.

Bu gün müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan da böyük tərəqqi yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, ulu diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən böyük quruculuq proqramı muxtar respublikamızın hərtərəfli inkişafını təmin edir. Bütün bunlar isə ulu öndərin əbədiyaşar təliminin həyati gücünün parlaq təntənəsi, Milli Qurtuluş Gününün bəhrələridir.

Hüseyn HƏŞİMLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR