Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Azərbaycanın qurtuluşunun başlanğıc günüdür
Xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Milli dövlətə mənsubluq hər bir millətin nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu və dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Vahid təsərrüfat sisteminə, dilə, dinə, adət-ənənə və dəyərlər sisteminə xas insanlar qrupu tarixən konkret ərazi hüdudlarında milli dövlətlərini yaratmaq idealı ilə yaşamış, fəqət bu, heç də hamıya nəsib olmamışdır.
70 il imperiya əsarətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazandı. Keçmiş ittifaqın süqutu zəminində cərəyan edən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və nəticədə, 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etməsinə imkan yaratdı.
Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri öz taleyində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv məlum qüvvələr faktiki olaraq Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyillərinə rəvac verir, vətəndaş müharibəsinə, bir növ, zəmin hazırlayırdı.
Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq, ağır sosial-iqtisadi gərginliyin son həddə çatdığı, ölkənin vətəndaş müharibəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, Azərbaycanın məhv olmaq ərəfəsində olduğu bir dövrdə xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki hamı yaxşı anlayırdı ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ulu öndərimiz o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Vətənin dar günü idi. Xalq çıxılmaz vəziyyətə düşmüşdü. İnsanlar üzünü görkəmli dövlət xadimi Heydər Əliyevə tutub nicatımızın yalnız onunla bağlı olduğunu bildirirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi.
Vətəni, ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün üzünü o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən dahi rəhbər Heydər Əliyevə tutmuş Azərbaycan ziyalılarının müraciətində deyilirdi: “Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə, ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Azərbaycanı müstəqilliyə hazırlayan görkəmli dövlət xadimi Heydər Əliyev belə bir vəziyyəti kənardan seyr edə, xalqın çağırışına, tələbinə biganə qala bilməzdi. 1993-cü il iyun ayının 9-da xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. İyunun 15-i müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Ümummilli liderimizin müdrik xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulmuşdur.
1993-cü ilin iyun ayını Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Belə bir vaxtda xalqın tələbi, o vaxt hakimiyyətdə olanların xahişi ilə Bakıya gələn dahi rəhbər Heydər Əliyev respublikanı düşdüyü iflic vəziyyətdən, məhvolma təhlükəsindən xilas etmişdir.
İyunun 4-dən başlayaraq cərəyan etmiş hadisələrin mahiyyətini təhlil edərkən, vəziyyətin son dərəcə idarəolunmaz hala düşdüyünü göz önünə gətirərkən o dövrkü hakimiyyətin tam səriştəsizliyi, bacarıqsızlığı, qətiyyətsizliyi açıq-aydın görünür. İyun hadisələri öz mahiyyətinə görə qiyam, çevriliş, vətəndaş qarşıdurması, sui-qəsd kimi hadisələrlə səciyyələndirilə bilər. Ancaq ən dəhşətlisi o idi ki, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi qarşısında idi.
Dövr, zaman xalqımızı imtahana, sınağa çəkmişdi. Hadisələrin gedişindən özünü itirən o vaxtkı iqtidar nümayəndələri isə bu sınağın ağırlığı altında, əsl mənada, çabalayırdılar. Belə bir vəziyyətdə xalqın etimadını tamamilə itirdiklərini görən AXC-Müsavat liderləri qəribə bəyanatlarla çıxış edirdilər. Onların “Xalqın 95 faizi tələb etsə də, biz hakimiyyətdən getməyəcəyik”, “Biz hakimiyyətə qan gücünə gəlmişik, qanla da gedəcəyik” kimi xalqın, Vətənin suverenliyinə zidd olan “şüarları” hələ də qulaqlarımızdadır. Dövlətçilik, müstəqillik, xalqın mənafeyi məsələləri büsbütün unudulmuşdu...
Hamı görürdü ki, artıq o vaxtkı iqtidar ölkəni idarə edə bilmir, qiyamçılar qarşısında tam acizlik nümayiş etdirir. Qiyamçılar Bakıya doğru irəliləyir, yol boyu rayonlarda yerli hakimiyyət nümayəndələrini dəyişdirirdilər. Xalq çaşqınlıq, qorxu, təşviş içində idi.
Azərbaycan Respublikası Ali Sovetinin 1993-cü il iyunun 13-də keçirilmiş sessiyasında çıxış edən müdrik şəxsiyyət Heydər Əliyev bir daha güc işlədilməməsini, bir daha silahların işə salınmamasını təkidlə tələb etmişdir. Ulu öndərimiz çıxış yolunu yalnız danışıqlarda, qarşılıqlı anlaşma, sülh və barışıqda görürdü. Qısa müddətdə xalqımızın böyük oğlu Heydər Əliyev bütün hadisələrə nəzarət etməklə hər şeyi öz axarına yönəltmişdir. Xalq əmin idi ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanı düşdüyü bu vəziyyətdən qurtaracaq, ölkəmizi parçalanmaqdan, dövlətimizi məhv olmaqdan xilas edəcək.
Dahi rəhbərin yenidən hakimiyyətə qayıdışından sonra sabitlik təmin olunmuş, xalq normal yaşayış tərzinə qayıtmış, ölkə daxilində separatçı fəaliyyətlərə son qoyulmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır.
İyun hadisələrini hər dəfə xatırlayanda bir həqiqəti dərindən dərk edirsən ki, əgər bu hadisələrin qarşısı alınmasaydı, saysız-hesabsız qardaş qanı axıdılacaq, günahsız insanlar həlak olacaqdı; şəhərlər, kəndlər, qəsəbələr dağılacaqdı; Azərbaycan öz dövlətçiliyini itirəcəkdi, parçalanacaqdı.
Ümummilli liderimiz haqlı olaraq deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtulmuş, Milli Ordu yaradılmış, atəşkəs elan olunmuş, ölkəmiz sürətli inkişaf yoluna çıxmışdır. Xalqımızın azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrilmişdir.
Qazanılan müstəqilliyin əbədi olmasına çalışan, bunun üçün var qüvvəsini dövlətimizin inkişaf və tərəqqisinə sərf edən görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.
Azərbaycana ikinci rəhbərliyi dövründə cəmi on il müddətində ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan, dünya durduqca dəyərini itirməyən nəhəng və son dərəcə böyük işlər görmüşdür. Hələ bu tarixi və şərəfli mərhələnin başlanğıcında ulu öndər öz məramını, məqsədini bütün ölkəyə və dünyaya bəyan etmişdi: “Mənim həyatım və fəaliyyətim yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur”.
Qısa müddətdə Azərbaycanda görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əsaslı dönüş baş vermişdir; dağılmış iqtisadiyyat bərpa olunmuş, yeni-yeni müəssisələr işə salınmış, yüz minlərlə iş yeri yaradılmış, “Əsrin müqaviləsi” adlanan nəhəng neft müqaviləsi imzalanmışdır. Azərbaycanın milli sərvətləri xalqımızın rifah halının yaxşılaşdırılmasına yönəldilmiş, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar olunmuş, qabaqcıl dünya təcrübəsinin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Konstitusiya qəbul edilmiş, azad və şəffaf seçkilərin keçirilməsi təmin edilmiş, sosial-mədəni həyatın bütün sahələri əsl inkişafa qovuşmuşdur. Bütün bunların müqabilində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, haqq səsinin dünyaya çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla davamlı əlaqələrin qurulması istiqamətində də möhtəşəm tədbirlər həyata keçirilmişdir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi hələ sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Keçilmiş yola nəzər salanda Heydər Əliyev dühasına ancaq qibtə və pərəstiş edirik. Onun həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir. Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğur qazanılır, ulu məmləkətimiz gündən-günə inkişaf edir. Yüksələn Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız bu böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu məkandır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Bütün bunlar zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqil Azərbaycanın bu gün əldə etdiyi bütün uğurlara görə xalqımız ulu öndərimizin 1993-cü ildə Naxçıvandan Bakıya, ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “...Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.
Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan daha böyük uğurlara imza atacaq. Çünki bu dövlətə Heydər Əliyev ideyalarının, siyasi kursunun layiqli davamçısı və hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev başçılıq edir.
Son 11 ildə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.
Məmməd RZAYEV
fəlsəfə elmləri doktoru, professor