23 Dekabr 2024, Bazar ertəsi

Birinci Dünya müharibəsinin başlanmasından 100 il ötür. Tarixi sənədləri vərəqləyib Birinci Dünya müharibəsində həmyerlilərimizin də cəsurluqları, hünərləri haqqında oxuduqca sevinməyə bilmirsən. Çünki əsl döyüşçü mükafat üçün yox, doğulduğu və yaşadığı ana torpaq uğrunda döyüşəndir. Onun özünün xəbəri olmadan verilən təltiflər və mükafatlar isə heç nəyin diqqətdən kənarda qalmadığını təsdiqləyir. Belə cəsur, qorxmaz süvari döyüşçülərdən biri də cəmi 26 il ömür sürmüş III Ehsan xan Cəfərqulu xan oğlu Naxçıvanski­-Kəngərlidir. O, 1894-cü il aprelin 1-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini ailə mühitində alan III Ehsan xan XX yüzilliyin əvvəllərində Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. Babalarının və atasının Rusiya imperiyasında hərbi xidmətlərini nəzərə alaraq ona əlahəzrətin Paj korpusunda oxumağa rəsmən icazə verilmişdir.

1913-cü ildə III Ehsan xan Paj korpusunu birinci dərəcəli diplomla bitirmiş və saray (leyb) qvardiyasının korneti (kiçik zabiti) hərbi rütbəsini almışdır. Həmin ilin 6 avqustunda Rusiya çarının Varşava şəhərində (Polşa) yerləşən Ulan (nizəli süvari əsgərlər) polkuna hərbi xidmətə göndərilmişdir. III Ehsan xan Varşavadakı Ulan polkunun tərkibində olan 6-cı eskadronda (piyada qoşununda bölüyə bərabər süvari qoşun hissəsi) kiçik zabit rütbəsi ilə qeydə alınmışdır.


Varşavadakı Ulan polkunda nümunəvi və intizamlı əsgər olan III Ehsan xan sonralar Birinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Müharibə başlayanda 20 yaşı olmasına baxmayaraq, cəbhədə göstərdiyi hünər çar hökuməti tərəfindən yüksək qiymətləndirilir. 1914-cü ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni (bant və qılınclarla) və 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni (üzərində “İgidliyinə görə” yazılmış) ilə təltif edilmişdir. 30 iyul 1915-ci ildə ona poruçik hərbi rütbəsi verilmişdir. Həmin ildə o, ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılınclarla birlikdə), üçüncü dərəcəli “Müqəddəs Anna” (bantla və qılınclarla) ordenlərini də almışdır.
1917-ci ildə hakimiyyəti ələ keçirən müvəqqəti hökumət orduya nəzarət edə bilmədiyindən hərbi hissələrdə intizamsızlıq baş alıb gedir. Ona görə də digər hərbçi Naxçıvanskilər kimi, III Ehsan xan da çətin vəziyyətdə qalır. O, həmin vaxtlar general L.Q.Kornilovun (1870-1918) yaratdığı Könüllü ordunun tərkibinə daxil olmuşdur.
Qeyd edək ki, L.Kornilov saray katibinin ailəsində doğulmuşdur. 1914-cü ildə piyada qoşun briqadasının, sonralar isə diviziyasının komandiri olmuşdur. Müharibədə əsir düşən L.Kornilov 1915-ci ildən 1916-cı ilin iyulunadək həbs düşərgələrində qalmış, sonralar əsirlikdən qaçmışdır. 1917-ci ilin fevral inqilabından sonra Petroqradda qoşun komandiri və 18 iyul tarixdən cənub-qərb cəbhəsinin komandiri olmuşdur. 2 sentyabr 1917-ci ildə həbs edilmiş və təsadüf nəticəsində həmin ilin 19 noyabrında Dona qaçmış və orada könüllü ordu yaratmışdı. Onun yaratdığı orduya Qafqazın yerli süvari diviziyasının tərkibindəki Tatar polku və təkinlərdən ibarət türkmən döyüşçülərin də polku daxil olmuşdur. L.Kornilov hər iki polkun döyüşçülərinə çox inanırdı. O, türkməncə bildiyindən döyüşçülər ona sədaqət göstərirdilər. III Ehsan xan da bu könüllü orduya daxil olmuşdur. General L.Kornilovun yaratdığı könüllü ordu 1917-ci ildə müvəqqəti hökumətə qarşı qiyama qalxır. 1917-ci ilin avqust ayında III Ehsan xan da L.Kornilov qiyamının iştirakçısı olur. Petroqrada müvəqqəti hökuməti devirməyə gedən könüllü ordu müəyyən səbəblərə görə uğursuzluğa düçar olur.
Həmin ilin sonlarında qardaşları III Kalbalı xan, Cəmşid xan və qohumları ilə Naxçıvana qayıdan III Ehsan xan erməni daşnaklarına qarşı qəhrəmanlıqla döyüşmüşdür.
Rusiyadan Gəncəyə qayıdan Tatar polkuna qardaşı Cəmşid xan Naxçıvanski komandirlik etdiyindən III Ehsan xan da Gəncəyə getməli olur. Bakının ermənilərdən xilas edilməsində göstərdiyi şücaətə görə, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ona podpolkovnik hərbi rütbəsi vermişdir. O, üçüncü Şəki Süvari Polkunun komandir köməkçisi olmuşdur. III Ehsan xan bolşeviklərin əleyhinə olan üsyanın da iştirakçısı olduğundan, bəzi ehtimallara görə, 1920-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.
Cəsur döyüşçü III Ehsan xanın həlak olması ilə bağlı bəzi tədqiqatçılar onun Qarabağda, yaxud Kürdəmirdə güllələndiyini yazırlar. Qeyd edək ki, istər çar, istərsə də bolşevik Rusiyasında güllələnmələr sənədlərin məlumatına əsasən, həmişə qeydə alınırmış. Xan Naxçıvanskilər də təsadüfi adamlar olmadığından, yəqin ki, heç olmazsa, “üçlüyün” (“troykanın”) hökmü vardır. Axı həmin illərdə səhra məhkəməsi də fəaliyyət göstərmişdir. Ona görə də biz həmin illərə aid sənədlərin axtarışındayıq.
Buna səbəb isə əlimizdə olan bir məktubdur. Həmin məktubu 1990-cı ildə Moskvada yaşayan həmyerlimiz Hüseyn Teymurlu Naxçıvanda yaşayan qohumu Qadir Həsənəliyevə yazmışdır (məktub 25 may 1990-cı ildə yazılmışdır). Məktubun mətnindən görünür ki, Moskvada gözdən-könüldən uzaq bir yerdə – Saltıkovka qəsəbəsində yaşayan Hüseyn Teymurlu Naxçıvanskiləri çox yaxşı tanıyırmış. Onun yazdığına görə, onların Xan sarayının yaxınlığında evləri varmış. O da məcbur qalıb öz familiyasını dəyişmişdir. Hüseyn Teymurlu Naxçıvanın mötəbər əsilzadələrindən biri olan Heydər bəy Bənəniyarskinin oğludur.
1990-cı ilin çətin günlərində Naxçıvanla yaxından əlaqə saxlayan qocaman alim azacıq da olsa, Xan Naxçıvanskilər haqqında xatirələrini qələmə almış və məktublarında naxçıvanlı ziyalıları maraqlandıran suallara cavab yazmışdır. Məktubda tariximiz üçün maraqlı və əhəmiyyətli faktlar əks olunmuşdur. Biz H.Teymurlu ilə bağlı ayrıca yazı çap etmək niyyətindəyik. Çünki onun Moskvada yaşayan qızlarında zəngin şəxsi albomu var. Fotoşəkilləri bizə göndərməyə razılıq veriblər. III Ehsan xan haqqında onun yazdığını (azacıq ixtisarla) eyni ilə köçürürük: “1929-30-cu illərdə mən Muğanda işləyirdim. Bizim dəstədə yaşlı bir salyanlı kuryer var idi. O, mənim naxçıvanlı olduğumu bilirdi. Bir gün o, mənə Əhsan barəsində belə bir söhbət elədi: “Mən 1918- 20-ci illərdə Qızıl Orduda əsgərlik edirdim. Bizim komandirimiz Əhsan Naxçıvanski idi. Eskadron hücuma gedəndə həmişə eskadronun qarşısında olardı. Çox igid adam idi. Əhsan xan çox hirsli idi. Bir gün onu ştaba çağırdılar. O getdi qərargaha. Bir neçə gündən sonra biz eşitdik ki, onu güllələyiblər. Onun yerinə başqa komandir gəldi”.
Mən o kişidən soruşmadım ki, bu hadisə hansı rayonda, hansı cəbhədə olubdur.
Əhsən xan cavan vaxtı (müharibələrdən əvvəl) süvarilərin təlimi zamanı at çapanda atdan yıxılıb, daldan qaçan süvarilərin bir neçəsi onun üstündən keçiblər. Buna görə də onun başı (kəlləsi) qırılmışdı. Onun başından qırılan sümükləri həkimlər çıxarıb yerinə gümüş plastinkalar qoymuşdular. Odur ki, o, çox əsəbi idi”.
Bu məlumatdan aydın olur ki, III Ehsan xan da qardaşı Cəmşid xan Naxçıvanski kimi Qızıl Orduda xidmət etmişdir. Amma başından zədə alan III Ehsan xanın əmisidir. Çünki onun əmisi II Ehsan xanın başından zədə alması haqqında arxiv sənədlərində məlumatlar vardır. Lakin III Ehsan xanın başından zədə alması haqda sənədlər yoxdur. Bir də ki, III Ehsan xan güllələnəndə cavan idi – 26 yaşında. Bu məktub da təsdiqləyir ki, III Ehsan xanı güllələyiblər. Həmin illərin sənədləri isə Gürcüstan təhlükəsizlik orqanlarının arxivində saxlanılır. Mən o arxivdə işləmişəm. Maraqlandığım həmyerlilərimiz haqqında, sadəcə, arayışlar təqdim ediblər. Mənsə bildirdim ki, istintaq materiallarını oxumaq istəyirəm. Əvvəlcə razılıq vermədilər. Sonra isə “gələcəkdə bu məsələyə baxarıq” dedilər.
Çar Rusiyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və sovet hökumətinin ordusunun igid süvarisi III Ehsan xan Naxçıvanskinin-Kəngərlinin həyatı və fəaliyyəti müasir gənc­liyimiz üçün nümunədir.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
 İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR