Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə nəzər salarkən aydın olur ki, ulu öndərin genişmiqyaslı fəaliyyətində müxtəlif xarakterli xilaskarlıq missiyası xüsusi mərhələ təşkil edir. Hələ keçən yüzilliyin 60-cı illərində Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini və sədri kimi açıqfikirli Azərbaycan ziyalılarının incidilməsinə, təqib və həbs edilməsinə mane olan, onları qoruyan xalqımızın böyük oğlu Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra SSRİ-yə daxil olan 15 müttəfiq respublika sırasında axırıncı, 14-15-ci yerlərdən birini tutan ölkəmizi durğunluqdan, ətalətdən, gerilikdən xilas etmiş, respublikamızı əsl inkişaf yoluna çıxarmışdır.
Dahi şəxsiyyət həm də o zaman ölkədə başlanılan milli oyanışın öndəri kimi bu sahədə xidmətləri olan ziyalıları himayə etmiş, təqiblərdən, həbslərdən qorumuşdur. Ulu öndərimiz xilaskarlıq missiyasını o zamanlar müxtəlif xalqlara mənsub 300 milyona yaxın əhalinin vətəni sayılan SSRİ adlanan super dövlətin rəhbər elitasında çalışdığı 5 il ərzində də müxtəlif sahələrdə davam etdirmişdir.
Yaxud da 1990-1993-cü illərdə – həyatı və siyasi fəaliyyətinin Naxçıvan dövründə, ulu öndərin özünün sözləri ilə desək, “taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladan, “olum, ya ölüm” dilemması qarşısında qalan, blokada şəraitində yaşayan, Azərbaycan rəhbərlərinin heç bir yardım etmədiyi, əksinə, “kor bağırsaq kimi kəsib atmaq” istədikləri Naxçıvan Muxtar Respublikasını erməni işğalından, əhalini aclıqdan, səfalətdən, soyuqdan donmaqdan, didərgin və qaçqın düşməkdən və sair bu kimi hallardan xilas etmişdir.
Ulu öndərin bu istiqamətdə fəaliyyəti ilə əlaqədar xatırlatdığımız bu fikirləri digər başqa faktlarla davam etdirmək olar.
Ancaq, fikrimizcə, ulu öndərin xilaskarlıq missiyasında 1993-cü ilin 15 iyunundan başlanan, Azərbaycanı, Azərbaycan dövlətçiliyini xilası missiyası, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsinin qarşısının alınması sahəsindəki xidmətləri xüsusi yer tutur və ayrıca şərh olunmalıdır. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Türkiyə Respublikasının doqquzuncu prezidenti kimi tarixə düşmüş Süleyman Dəmirəlin də diqqətini cəlb etmiş və o demişdir ki, “Çörçil ingilis millətinə 40 il xidmət etdi, ancaq bu xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçilin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində adamlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, De Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir. Amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki, O, vardı...”
Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin ən böyük xilaskarlıq missiyası keçən əsrin 90-cı illərində, daha dəqiq desək, 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə başlanmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ümummilli lider Heydər Əliyevə yaranan böyük sevgi xalqda belə bir inam yaratmışdı ki, ölkəni fəlakətlərdən ancaq ulu öndər Heydər Əliyev xilas edə bilər. 22 noyabr 1988-ci ildə Naxçıvan şəhərinin baş meydanında, təxminən, 30 min nəfərin iştirak etdiyi mitinqdə Heydər Əliyevin portretlərinin qaldırılması heç də təsadüfi bir hadisə deyildi. Bu, xalqın yaranmış mürəkkəb vəziyyətdə ümummilli liderimizə xilaskar kimi baxmasından irəli gələn bir hal kimi qiymətləndirilməlidir. Bir sıra qadağalara, təzyiqlərə və təqiblərə baxmayaraq, Naxçıvan Şəhər Partiya Komitəsinin 17 mart 1990-cı ildə keçirilən konfransında Heydər Əliyevin Azərbaycan KP-nin XXXII Qurultayına nümayəndə seçilməsi də xalqın ona inanmasının, xilaskar timsalında ümidlə baxmasının nəticəsi idi.
Ulu öndərimizin 1990-cı ilin 22 iyulunda Naxçıvana qayıdışı zamanı muxtar respublikanın müxtəlif yerlərindən gəlmiş 80 min nəfərdən artıq adamın Naxçıvan şəhərinin baş meydanında ümummilli liderimizi yüksək coşqu ilə qarşılaması əhalinin ona xilaskar kimi baxmasından irəli gələn bir hadisə idi. Hadisələrin sonrakı inkişafı – ulu öndərin Naxçıvanda yaşaması, Azərbaycanın və Naxçıvanın ali qanunvericilik orqanlarına deputat seçilməsi, əvvəllər deputat, 3 sentyabr 1991-ci ildən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi həyata keçirdiyi bütün siyasi, mədəni-iqtisadi tədbirlər, Naxçıvanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, qonşu ölkələrin və dünyanın aparıcı dövlətlərinin başçıları, səfirləri ilə apardığı danışıqlar, keçirdiyi görüşlər nəticəsində Naxçıvanı ermənilərin labüd işğalından xilas etməsi xalqın ona xilaskar kimi baxması və qəbul etməsi sahəsində nə qədər haqlı olduğunu göstərdi.
Azərbaycan xalqı dahi rəhbər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tədbirləri izləyir, nəticədə, ölkəni düşdüyü bəladan qurtaracaq yeganə şəxsiyyəti ancaq Heydər Əliyevin simasında görürdü. Məhz buna görə də 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı xalqın arzu və istəyini ifadə edərək “Səs” qəzeti vasitəsilə ulu öndərə müraciət etdi. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlanan müraciətdə deyilirdi: “Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz adımızdan, həm də minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaranmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli liderimiz xalqın düşdüyü ağır vəziyyəti görür, təhlil edirdi. Vəziyyətin son dərəcə ağır olduğu dövrdə ulu öndər xalqın ona olan ümidlərini qıra, yaxasını kənara çəkə, baş verənlərə biganə qala, hadisələrə kənardan seyrçi mövqeyi tuta bilməzdi. Ona görə də ulu öndərimiz 24 oktyabrda müraciətə cavab vermiş və bu cavab mətbuatda nəşr olunmuşdur. Cavabda “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərin həllinə biganə qalmağa heç kəsin haqqı yoxdur” fikrini vurğulayan ulu öndər partiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirmişdir. Bundan az sonra Bakı şəhərində keçirilməsinə imkan verilmədiyi üçün Azərbaycanın müxtəlif rayonlarından gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir.
Keçən yüzilliyin 80-ci illərinin sonlarından Azərbaycanda yaranan böhran 90-cı illərin əvvəllərində daha da dərinləşmiş, ölkə labüd uçurum qarşısında dayanmışdı. 1992-ci ilin 26 fevralında baş verən Xocalı faciəsi, mayın 8-də Şuşanın, 18-də Laçının işğalı, digər Azərbaycan torpaqlarının bir-birinin ardınca itirilməsi, xüsusilə 4 iyun 1993-cü ildə Gəncədə baş verən qiyam Azərbaycanın parçalanması, dövlətçiliyin itirilməsi, vətəndaş müharibəsinin başlanması, qardaş qanının axıdılması, günahsız insanların qətlə yetirilməsi, yaranmış vəziyyətdən istifadə edərək ermənilərin daha çox ərazimizi işğal etməsi və sair bu kimi təhlükələri reallaşdırmışdı. Artıq Gəncədə və digər yerlərdə qardaş qanı axıdılmışdı. Bakını tutmağı və hakimiyyəti zəbt etməyi qarşısına məqsəd qoyan Surət Hüseynov tabeliyində olan silahlı birləşmələrlə Gəncədən paytaxta doğru hərəkətə başlamış, paytaxtın lap yaxınlığına qədər gəlib çıxmışdı. Xaosun baş alıb getdiyi ölkə vətəndaş müharibəsinin astanasında idi. Ona görə də Azərbaycan xalqı öz nicatını, xilasını, yaranmış vəziyyətdən qurtuluşunu həmin vaxt Naxçıvanda yaşayan və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən xalqımızın böyük oğlu Heydər Əliyevdə görür və təkidlə onun Azərbaycanda hakimiyyətə qayıdışını tələb edirdi.
Beləliklə, xalqın təkidli tələbi ilə Bakıya gələn, ancaq ona təklif olunan yüksək vəzifəni qəbul etməyən, mayın 13-14-də Gəncədə yaranmış vəziyyətlə yerindəcə tanış olan, Surət Hüseynovla danışıqlar aparan görkəmli dövlət xadimi Heydər Əliyev ona deputatlar tərəfindən dəfələrlə edilən xahişləri qəbul etmiş və 15 iyun 1993-cü ildə keçirilən Milli Məclisin fövqəladə sessiyasında Ali Sovetin Sədri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu hadisəni – ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışını belə səciyyələndirmişdir: “...Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Həmin tarixi gündən etibarən ulu öndər Azərbaycanın qurtuluşu naminə xilaskarlıq missiyasına başlamışdır. Ona görə də 15 iyun Azərbaycanın ən yeni dövr tarixinə “Qurtuluş Günü” kimi daxil olmuşdur. Akademik İsa Həbibbəyli bu haqda yazır ki, 15 iyun 1993-cü il hadisəsi ilə Azərbaycanda Böyük Qurtuluş baş vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda Böyük Qurtuluşun banisidir. Böyük Qurtuluş ölkəmizin xilasının etibarlı təminatı və möhkəm təməlidir. Təsadüfi deyildir ki, bu hadisədən 4 il sonra, 1997-ci ilin 27 iyununda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, bu günü – 15 iyunu “Milli Qurtuluş Günü” bayramı kimi rəsmiləşdirmişdir. Qurtuluş mübarizəsinə, xilaskarlıq missiyasına başlayan ulu öndərin qarşısında çox ağır, çətin və mürəkkəb vəzifə dururdu. Ölkədə vətəndaş müharibəsi başlanmaqda, dövlət parçalanmaqda, dövlətçilik itirilməkdə, torpaqlarımız ermənilər tərəfindən işğal edilməkdə, əhali çaşqın vəziyyətdə idi.
Məhz belə bir ağır dövrdə, ikinci dəfə hakimiyyətə qayıdışından, təxminən, 2 ay sonra “Sobesednik” qəzetinin müxbiri ilə 1993-cü ilin avqustunda baş tutan müsahibəsində Ona verilən “Bu gün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?” sualına ümummilli lider belə cavab vermişdi: “Bugünkü vəzifəni tutmaq arzusunda deyildim. Hakimiyyətin ləzzətini görmüşəm – düşünüldüyü qədər şirin deyil. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. ...bu dəhşətli anda hər şeyi atıb getmək adamlara xəyanət etmək deməkdir”. Göründüyü kimi, ölkədə vəziyyət nə qədər ağır olsa da, ulu öndər hakimiyyətdən getməyi, başqa sözlə desək, çətin anda meydandan qaçmağı xalqa xəyanət kimi qiymətləndirmiş və özünün dəfələrlə vurğuladığı kimi, lazım gələrsə, həyatı bahasına olsa da, bilik və zəngin təcrübəsinə, xalqın köməyinə arxalanaraq bu çətin işin öhdəsindən şərəflə gəlmişdir.
Milli Məclisin 1997-ci ilin iyununda keçirilən və 15 iyunu “Milli Qurtuluş Günü” elan edən tarixi sessiyasının qərarında bu haqda belə deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qaytarılması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
Böyük təcrübəyə malik olan görkəmli dövlət xadimi Heydər Əliyev səbir və təmkinlə vəziyyəti qaydaya salmağa, yoluna qoymağa başlamışdır. Bu işdə ona daim arxalandığı, güvəndiyi Azərbaycan xalqı dayaq durmuş, kömək etmişdir. Heydər-xalq, xalq-Heydər birliyi öz sözünü demişdir. Xalqın dəstəyi ilə “Talış-Muğan Respublikası” ləğv olunmuş, ayrı-ayrı bölgələrdə baş qaldıran separatçılıq meyilləri aradan qaldırılmışdır. 3 oktyabr 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev bilirdi ki, Ermənistanla müharibənin davam etdiyi bir şəraitdə nə xilaskarlıq missiyasını yerinə yetirmək, nə xalqı bu bəladan qurtarmaq, nə də müstəqil Azərbaycan dövlətini qurub-yaratmaq mümkün olacaqdır. Ona görə də ümummilli lider 1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında müqavilə imzalanmasına nail olmuş və bununla da, ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulan titanik işlərin təhlükəsizliyi təmin edilmişdir.
Ancaq vəziyyət bununla sabitləşmədi. Azərbaycanda sabitliyin bərpa olunmasında, ölkənin inkişafında maraqlı olmayan daxili qüvvələr hələ də Azərbaycanda vəziyyəti gərginləşdirməkdə idilər. Bakıda və bölgələrdə vaxtilə ermənilərə qarşı yaradılmış silahlı birləşmələr bəzi adamların rəhbərliyi ilə artıq dövlət orqanlarına, əhaliyə qarşı təzyiq vasitəsinə çevrilmişdilər və özbaşınalıqla, qanunsuz hərəkətlərlə, soyğunçuluqla, talançılıqla məşğul olurdular, əhalini gərgin vəziyyətdə saxlayırdılar. Ən pis cəhət onda idi ki, bu silahlı dəstələrə, hətta qoşun birləşmələrinə rəhbərlik edənlər içərisində yüksəkvəzifəli dövlət nümayəndələri də var idi.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası daxilində dövlətçiliyimiz üçün təhlükə törədən bütün qüvvələrin qarşısını qətiyyətlə almış, onları və rəhbərlik etdiyi silahlı birləşmələri zərərsizləşdirmiş, özünün xilaskarlıq missiyasını şərəflə başa çatdırmış və Azərbaycanın ən yeni dövr tarixinə QURTULUŞ MÜBARİZƏSİNİN QALİBİ, BÖYÜK QURTULUŞUN BANİSİ kimi daxil olmuşdur. Bundan sonra ümummilli liderimiz Heydər Əliyev hüquqi, iqtisadi və demokratik sahədə kardinal islahatlar proqramının həyata keçirilməsinə start vermiş və Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizi inkişaf etdirmişdir. Məhz bunu nəzərə alaraq akademik İsmayıl Hacıyev haqlı olaraq yazır ki, əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bütün bunları təhlil edərək akademik Cəlal Əliyev yazır: “Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, dahi şəxsiyyətlərdir. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Azərbaycanın yüz il bundan sonrakı mövcudluğu da Heydər Əliyevin adı ilə bağlı olacaqdır. Heydər Əliyev şərəfli ömrünün son anına qədər bu amalla yaşadı, yaratdı, müasir Azərbaycanın dövlətçilik tarixinə adını xilaskar, qurucu, müdrik və yenilməz dövlət xadimi kimi yazdı”.
Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, tarix elmləri doktoru, professor