23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə etməyə, su təminatının yüksəldilməsinə böyük əhəmiyyət verilir. Suya olan tələbatı ödəmədən xalq təsərrüfatı sahələrinin inkişafını təmin etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Dövlət  Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivinə bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə etməyə səy göstərən su təsərrüfatı  və meliorasiya işçiləri 2013-cü ili bir sıra nailiyyətlərlə başa vuraraq 2014-cü təsərrüfat ilinə uğurla başlayıblar.

Görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat almaq məqsədilə komitənin şöbə müdiri Səttar Nəsirovla həmsöhbət olduq. Müsahibim bildirdi ki, komitənin qarşısında qoyulan başlıca məsələ muxtar respublikanın su ilə təminatına nail olmaqdır.

Ona görə də mövcud su mənbələrindən səmərəli istifadə edilməsinə nail olmaq, bu qiymətli sərvəti torpaq mülkiyyətçilərinə vaxtında çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Kanal və arxların lildən təmizlənməsi, suvarma boru xətlərinin təmiri və yenilərinin çəkilməsi ötən il də davam etdirilib. Belə ki, 179,7 kilometr beton və torpaq kanallar, 493,5 kilometr ara arxları lildən təmizlənərək işlək vəziyyətə gətirilib, 20,4 kilometr yeni suvarma boru xətti çəkilib, 7,6 kilometr suvarma boru xətti təmir olunub.
Bununla bərabər, 6,3 kilometr yeni kaptaj tikilib, 0,93 kilometr kaptajda təmir başa çatdırılıb. 46,1 kilometr içməli su xətti çəkilib, 16,4 kilometr içməli su xəttində təmir işləri aparılıb.
Əkinəyararlı torpaqlarda şoranlaşma və bataqlaşma ilə mübarizə aparmaq qarşıya qoyulan əsas vəzifələr sırasındadır. Bunun üçün muxtar respublikada mövcud olan kollektor-drenaj şəbəkələrinin daim işlək vəziyyətdə saxlanılması təmin edilib, ötən il su itkisinə yol verməmək, şoranlaşmanın qarşısını almaq üçün geniş tədbirlər həyata keçirilib. Belə ki, bəhs olunan dövrdə 110,5 kilometr kollektor lildən təmizlənib, 2,95 kilometr yeni açıq kollektor və 3,52 kilometr qapalı drenaj tikilib.
Muxtar respublikada mexaniki suvarma üsulundan da geniş istifadə olunmaqdadır. Komitənin balansında olan, ikinci suvarma mənbəyi kimi istifadə edilən 103 nasos stansiyası və 840 subartezian quyusu istismar olunmaqdadır. Ötən il həmin su mənbələrindən səmərəli istifadəni təmin etmək məqsədilə 74 nasos stansiyasında, 649 subartezian quyusunda təmir işləri aparılıb. Görülən işlər həm nasos stansiyalarından, həm də subartezian quyularından məqsədyönlü istifadəyə şərait yaradıb.
Müsahibim onu da bildirdi ki, muxtar respublikamızda tariximizi özündə yaşadan kəhrizlər lap qədim zamanlardan əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində əsas hidrotexniki qurğu rolunu oynayıb. Bir neçə ildir ki, kəhrizlərin təmir-bərpa işləri yüksək səviyyədə aparılır. Kəhrizlər İdarəsi tərəfindən belə su mənbələrində 2013-cü ildə də təmir işləri davam etdirilib, 15 kəhrizdə təmir-bərpa işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Beş kəhrizdə isə işlər davam etdirilməkdədir. Kəhrizlərdə aparılan işlərin daha da genişləndirilməsi nəzərdə tutulub.
Komitə qarşısında duran vəzifələrdən biri də muxtar respublikanın yasayış məntəqələrini və əkin sahələrini yaz mövsümündə sel sularından qorumaq üçün hər il aparılan sahilbərkitmə işləridir. 2013-cü ildə çaylarda və selovlarda 74,6 kilometr sahilbərkitmə işi aparılıb.
Su anbarlarına yığılmış suyun və vaxtında görülmüş tədbirlərin hesabına ötən ilin suvarma mövsümü uğurla başa çatıb. Belə ki, su istifadəçilərinə 265,2 milyon kubmetr suvarma suyu verilib və bunun müqabilində təkrar suvarma nəzərə alınmaqla, 217332 hektar ərazi suvarılıb.
Səttar Nəsirovun sözlərinə görə, 2014-cü ilin birinci rübü də uğurla başa çatıb. Belə ki, bəhs olunan dövrdə nasoslarda, subartezian quyularında, magistral kanallarda, ara arxlarda və digər hidrotexniki qurğularda tələb olunan təmir-bərpa işləri aparılıb, 56 kilometr magistral kanallar, 147 kilometr ara arxlar, 19,6 kilometr kollektorlar lildən təmizlənib, 27 kilometr təzyiqli yeni suvarma boru xətti çəkilib, 3,3 kilometr təzyiqli boru xətti təmir olunub, 27 kilometr yeni boru xətti çəkilib, 32,7 kilometr içməli su xətti təmir edilib. Bundan başqa, 86 ədəd nasos stansiyasında, 118 subartezian quyusunda təmir işləri aparılıb, Araz çayı istisna olmaqla, çaylarda və selovlarda 10,2 kilometr məsafədə selə qarşı istiqamətləndirici bəndlər salınıb.
Cari təsərrüfat ilinin suvarma mövsümünü uğurla başa çatdırmaq üçün su ehtiyatına nail olmaq məqsədilə sututarlarda tələb olunan təmir işləri aparılıb, su anbarlarına suyun yığılmasına başlanılıb. 2014-cü ildə sututarlara 183 milyon kubmetr su yığılıb. Hazırda həmin sututarlarda 175 milyon kubmetr su ehtiyatı vardır. 31 may 2014-cü il tarixə su istifadəçilərinə 78,4 milyon kubmetr suvarma suyu verilib, 64 min 687 hektar sahə suvarılıb.
Bildiyimiz kimi, hazırda muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzləri və ətraf kəndlərdə içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur.
Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Naxçıvan şəhəri üçün tikilən Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə istifadəyə verilib. İqtisadi cəhətdən xeyli səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılan kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verib. Böyük dövlət qayğısının daha bir ifadəsi olan bu tədbir hesabına bu gün Naxçıvan şəhər əhalisi yüksəkkeyfiyyətli içməli su ilə təmin olunur.
Muxtar respublikanın rayon mərkəzlərində və rayon mərkəzlərinə yaxın kəndlərdə içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilməkdədir.
Bundan başqa, muxtar respublikada Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər: suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” layihəsi həyata keçirilməkdədir.
Su təsərrüfatı sahəsində 2014-cü ilin ən uğurlu hadisələrindən biri aprel ayının 21-də Sədərək rayonunda yeni nasos stansiyasının istifadəyə verilməsidir. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən, layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılıb. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılıb, yeni nasos stansiyası tikilib. Bu, rayonda əkinəyararlı torpaqların 40 faizinin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verib. Eyni zamanda yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılıb.
Səttar Nəsirov stansiyanın texniki göstəriciləri barədə məlumat verərək bildirdi ki, yeni nasos stansiyasında 1-i ehtiyat olmaqla, 3 nasos quraşdırılıb. Hər birinin gücü 550 kilovat-saat olan nasosların su sərfi saatda 1800 kubmetrdir. Ərazidə suqəbuledici hovuz tikilib. Kanaldan hovuza daxil olan su nasoslar vasitəsilə diametri 800 millimetrlik təzyiqli boru xəttinə vurulur. Təzyiqli boru xəttinin üzərində 6 suburaxıcı vardır. Həmçinin 1941 metr uzunluğunda müxtəlifdiametrli paylayıcı boru xətləri çəkilib, 73 ədəd suötürücü qapı qoyulub. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün ərazidə 2 min kilovat gücündə transformator quraşdırılıb, 3700 metr uzunluğunda elektrik xətti çəkilib.
Bununla bərabər, Kəngərli rayonunda 3000 hektar suvarılmayan torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Uzunoba Su Anbarından qidalanan təbii axınlı boru xəttinin, nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisinə başlanılıb və tikinti işləri sürətlə davam etdirilir.
Görülmüş və görülməsi nəzərdə tutulan işlər muxtar respublikamızda suya olan tələbatın ödənilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyev hər il iyun ayının 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd edilməsi ilə bağlı 14 may 2014-cü il tarixdə Sərəncam imzalayıb. Bu gün peşə bayramını böyük uğurlarla qeyd edən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi 2014-cü ildə də qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR