Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, hər il iyunun 5-i “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd olunur.
Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter almışdır. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır.
Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həlli diqqətdən kənarda qalmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmışdır. Dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları öz əksini tapmışdır.
Bununla yanaşı, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu öndərin 2001-ci il 23 may tarixli Sərəncamına əsasən, ölkəmizdə ekoloji siyasəti həyata keçirən vahid dövlət idarəetmə strukturunun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsinə çevrilmişdir.
Ölkəmizlə bir sıra beynəlxalq təşkilatlar arasında ekoloji problemlərin həllinə dair mühüm sazişlər imzalanmış və faydalı əməkdaşlıq qurulmuşdur. Belə ki, planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması, bərpası məqsədilə əməkdaşlığın qurulması və dövlətlərarası birgə fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan BMT-nin “İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası”na, “Kökünün kəsilmək təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”ya, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya, “Bioloji müxtəliflik haqqında Konvensiya”ya, ümumilikdə isə 25-dən çox ekoloji konvensiyaya qoşulmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi, həmin ildən başlayaraq beynəlxalq ekologiya sərgilərinin keçirilməsi ekoloji problemlərin həllinə göstərilən diqqətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, beynəlxalq ekoloji təşkilatlar tərəfindən muxtar respublikada həyata keçirilən tədbirlər yüksək qiymətləndirilir. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin direktoru Giorgi Sanadiradze Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ünvanladığı məktubda muxtar respublikada təbiəti mühafizə sahəsində görülən işlərə yüksək qiymət verərək qeyd etmişdir ki, “Muxtar respublikada ova qoyulmuş moratoriumun 10 ilə yaxın müddətdə fəaliyyətdə olması, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və gücləndirilməsi, yerli əhalinin məlumatlandırılması tədbirləri, təbiət komplekslərinin tədqiqi və monitorinqi artıq öz bəhrələrini verməkdədir... Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirilən biomüxtəlifliyin monitorinqi nadir və nəsli kəsilməkdə olan növlərin artım dinamikasında baş verən müsbət meyilləri göstərir... Bütün bu faktlar... Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təbiəti mühafizə siyasətinin düzgünlüyünü bir daha təsdiq edir”.
Muxtar respublikada təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Kəskin kontinental iqlim şəraitinin mövcud olmasına baxmayaraq, son illər meşələrin qorunması ilə bərabər, yeni yaşıllıqların, meyvə bağlarının salınması istiqamətində də mühüm işlər görülür. Qeyd edək ki, bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1991-1993-cü illərdə qoyulmuşdur. Həmin illərdə blokadanın çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində burada yaşıllaşdırma iməciliklərinin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. 1995-ci ildən ötən dövrdə həyata keçirilən ekoloji tədbirlər nəticəsində isə muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi artaraq 11 faizə bərabər olmuşdur.
Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikamızda xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsədlərdən biri də mövcud ekoturizm potensialından səmərəli istifadə olunmasıdır. Bu baxımdan milli park statuslu təbiət obyektlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə bərabər, ekoturizmin inkişafına da əlverişli şərait yaratmışdır.
Muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilmişdir. Bu da sayı azalmaqda olan növlərin mühafizə edilməsi və artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Böyük təbiətşünas alim, akademik Həsən Əliyev deyirdi ki, “Təbiətin keşiyini çəkmək üçün söz silahının gücündən istifadə etmək lazımdır”. Ekoloji təfəkkürün formalaşması və inkişafı aparılan maarifləndirmə işlərindən asılıdır. Hazırda muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, teleradio verilişləri və qəzet materialları hazırlanır, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “...Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür...” Muxtar respublikada təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcəkdir. Çünki ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti