23 Dekabr 2024, Bazar ertəsi

Vətənimiz üçün kifayət qədər mürəkkəb və ağır bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın çağdaş tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm ideya və əməlləri nəticəsində Azərbaycan dünya arenasında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyev bəşər tarixində siyasət olimpinə yüksələn nəhəng dövlət xadimlərindən biridir və onun həyat yolu doğma Vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri belə, bu böyük zəka sahibinin misilsiz fəaliyyətini, dəyərli irsini artıq çoxdan nəsillərə örnək kimi dəyərləndirmişlər.

Bu böyük insan haqqında deyilən sözlər, söylənilən fikirlər Heydər Əliyev şəxsiyyətinin dahiliyini müxtəlif tərəflərdən ifadə edir. Onun böyüklüyünü hər birimiz illər keçdikcə daha dərindən dərk edirik. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir.

Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz və işıqlı obrazı yaşayır. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, nəhəng işlərə imza atıb ki, deyilən sözlər onun cahanşümul fəaliyyətini əhatə etməkdə acizdir.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar düşünməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. İstər ölkə­mizin tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları, nailiyyətləri vardır. Bu uğurların, istisna olmadan, hamısı ulu öndərimizin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında dahi şəxsiyyət Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə, Heydər Əliyev epoxası yüksəliş epoxasıdır – iqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş zəmanəsidir.
Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən onu xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.
Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etməklə Naxçıvana yeni bir həyat bəxş etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdı. Üçrəngli bayrağımız ilk dəfə milli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Sovetlər Birliyinin süqut etmədiyi bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdı. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılmış, onların bazasında ilk milli ordu yaradılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlətçiliyimiz naminə həyata keçirilən işlər təkcə bununla məhdudlaşmırdı. Belə ki, xalqımızın başına gətirilən tarixi cinayətə – 20 Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisində siyasi qiymət verilmiş, həmin günün “Milli Matəm Günü” kimi qeyd olunması, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Gününün təsis edilməsi qərara alınmışdı. Ölkə­mizin inkişafında əsas hərəkətverici siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da həmin dövrdə Naxçıvanda yaradılmış, müstəqil Azərbaycanın müasir siyasi tarixinin əsası qoyulmuşdur.
Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə ümummilli lider doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bilmiş və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Bu şanlı missiyanı ulu öndər son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirmişdir. O dövrün hadisələrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə etmişdir: “1990-93-cü illərin Azərbaycanı məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmışdı və işə salınmışdı. Belə bir şəraitdə xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu ümummilli lider Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan milli və müstəqil dövlət kimi mövcudluğuna görə bu tarixi qayıdışa, milli qurtuluşa borcludur”.
1993-cü ilin iyun ayında ulu öndərimiz Bakıya getdikdən sonra ölkədə cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması, həqiqətən də, ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etdiyindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtarmışdır. Görkəm­li dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsinin nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra dövlət qurucu­luğu uğurla həyata keçirilmişdir. Onun dühasının qüdrəti sayəsində ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyulmuş, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilmişdir. Bir sözlə, dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələri idi.
Ümummilli liderin qətiyyəti xalqın inamını özünə qaytarmış, ölkəmizdə sabitlik və əmin-amanlıq yaradılmış, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdir.
Bu gün tariximizin son yarıməsrlik dövrünə nəzər yetirəndə Azərbaycanın gələcəyinə istiqamətlənmiş, effektli, uzunmüddətli şərtlərin təminatını, intellektual və elmi potensialın inkişafını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş praqmatik siyasətin təzahürlərini görürük. Azərbaycanın müstəqilliyinə yönəlmiş bu müdrik siyasətin təməlini qoymuş ulu öndər Heydər Əliyev çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyildi, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünürdü.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin dəyəri məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala və malik olduğu zəngin təcrübəyə əsaslanmasında idi. Cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, intellektdə, mənəvi-əxlaqi dəyərlərdə görən bu dahi insan elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi və araşdırıcısı idi. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”, – deyən ulu öndər Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin milli-mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və onları yaşadan, inkişaf etdirən ziyalılara, elm, mədəniyyət və incəsənət xadimlərinə daim qayğı ilə yanaşmış, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli dəyərlərimizin hərtərəfli inkişafı və yüksəlişi üçün əlindən gələni əsirgəməmişdir.
Bu gün hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkə­miz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. 1993-cü ilin Azərbaycanı ilə müasir dövr Azərbaycanını müqayisə etsək, ulu öndər Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyəti ortaya çıxar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Məhz bu siyasi kursun nəticəsidir ki, indi respublikamızda heç də bütün ölkələrdə mövcud olmayan ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır ki, bu səbəbdən də müasir Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm inkişaf dövrünü yaşayır.
Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan da sürətli inkişaf yolundadır. Muxtar respublikamızda Heydər Əliyev yolunun bütün sahələrdə böyük uğurla davam etdirilməsi nəticəsində diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri Naxçıvanın hərtərəfli inkişafını təmin edir. Bütün bunlar onu göstərir ki, muxtar respublika əhalisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışır. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ona görə inkişaf edir ki, ümummilli liderimizin yolu ilə gedir. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin yoluna sədaqətin bəhrəsi, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.
Vətəni, torpağı sevmək, onun ağrısını, dərdini çəkmək, milli mənafeyi şəxsi mənafedən üstün tutmaq ən böyük vətəndaşlıqdır. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir O, Azərbaycan vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə söyləmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən dahi şəxsiyyət Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl – Azərbaycançılıq ideyasından güc alan sönməz məşəli alovlandırmışdır. Dahi şəxsiyyət Heydər Əliyev öz ölkəsini yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi gətirmişdir.

Bütün ölkə vətəndaşları inanırlar ki, həyatını canından əziz bildiyi Vətəninə xidmətdə keçirmiş Heydər Əliyevin dühası işığında doğma Azərbaycanımız həmişə irəliyə və yüksəlişə doğru gedəcəkdir. Ulu öndər Heydər Əliyevin ideyaları həmişə olduğu kimi, bu gün də yolumuza işıq saçır, bizi yeni-yeni qələbələrə səsləyir. Ümummilli lider Heydər Əliyev xalqın qəlbində tayı-bərabəri olmayan heykəl, əsrlər boyu yaşayacaq abidə – şah əsər ucaltdı. Bu abidənin, şah əsərin adı Azərbaycandır – müstəqil və qüdrətli Azərbaycan!

Namiq MƏMMƏDOV
Azərbaycan Respublikasının əməkdar müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR