“Naxçıvanın gözəlliyi və sürətli inkişafı valehedicidir. Bura hər baxımdan çox gözəl bir məkandır. Mən Naxçıvana dördüncü dəfədir səfər edirəm və hər dəfə bura gələndə yenilik görürəm. Bu, məni çox sevindirir və bir dost kimi Azərbaycana uğurlar arzulayıram”.
Bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı üzrə keçirilən olimpiadanın açılış mərasimindən sonra kütləvi informasiya vasitələrinə müsahibəsində demişdir.
Səfir qeyd etmişdir ki, Rusiya Federasiyası hər zaman xarici ölkələrdə rus dilinin tədrisini dəstəkləyir: “Bizdə rus dilinin dəstəklənməsi fərqli formada təşkil olunur. Məsələn, biz bu il orta məktəblərdə rus dili olimpiadasını 7-8-ci sinif şagirdləri arasında keçiririk. Olimpiada rus dili üzrə bilikləri və bu il anadan olmasının 200 illiyi qeyd olunan Lermontovun yaradıcılığını əhatə edir. Biz artıq Azərbaycanın ayrı-ayrı bölgələrində 12 belə olimpiada keçirmişik. Naxçıvanda keçirilən olimpiada isə sonuncudur”.
Olimpiadanın keçirildiyi 3 nömrəli tam orta məktəbin 500 nəfərə yaxın şagirdinin rus dilində təhsil almasını yüksək qiymətləndirən Rusiya səfiri daha sonra demişdir: “Azərbaycanda rus dilinə olan maraq bizi çox sevindirir. Rus dilini öyrənməklə uşaqlar həm dünyagörüşünü genişləndirirlər, həm də öz potensiallarını artırırlar. Biz həqiqətən çox sevinirik ki, Azərbaycanda rus dilində təhsil almaq istəyənlər var və bütün bunlar münasibətlərimizdəki atmosferi daha da yaxşılaşdırır”. Vladimir Doroxin əmin olduğunu bildirmişdir ki, Rusiya ilə Azərbaycanın səmimi qonşuluq və dostluq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
Səfir əlavə etmişdir ki, Rusiyada Azərbaycandilli tədris mərkəzləri açılır və ali təhsil ocaqlarında da eyni mərkəzlər mövcuddur.