Müasir dünyada ölkələr arasında qarşılıqlı iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, sosial-mədəni həyatın beynəlmiləlləşməsi, eyni zamanda milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin kütləvi miqrasiyası ilə müşayiət olunur. Miqrasiya prosesləri ayrı-ayrı qitələrin, dövlətlərin və regionların iqtisadi inkişaf səviyyəsi ilə sıx surətdə bağlıdır. Öz ölkələrində normal yaşayış səviyyələrini təmin edə bilməyən insanlar yüksək gəlirli iş əldə etmək üçün qanuni, yaxud da qanunsuz yollarla inkişaf etmiş dövlətlərdə məskunlaşmağa çalışırlar.
Dinamik iqtisadi inkişaf yolunda olan, Şərqlə Qərbi birləşdirən geostrateji ərazidə yerləşən, qlobal enerji layihələrinin həyata keçirildiyi, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından vacib aktuallıq kəsb edir. Bu aktuallıq bir tərəfdən respublikamızın zəngin təbii ehtiyatlara, inkişaf potensialına malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın təcavüzü ilə üzləşməsi, ağır müharibə şəraitində yaşaması ilə şərtlənir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev miqrasiya proseslərinin diqqət mərkəzində saxlanılmasını vacib sayaraq bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Əsrin müqaviləsinin imzalanması respublikaya xarici investisiya axınının sürətlənməsinə səbəb olmuş, əlverişli biznes mühitinin formalaşmasına təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması, xüsusən də əməkçi miqrantların respublikamıza marağının güclənməsi ilə nəticələnmişdir.
Respublikamızın bütün sahələrdə yeniləşdirilməsi, idarəetmədə müasir texnologiyaların tətbiqi zərurəti ilə bağlı yüksəkixtisaslı əcnəbi mütəxəssislərin əmək bazarındakı mövqeyinin möhkəmlənməsi bir sıra nazirliklərin tərkibində miqrasiya proseslərinin idarə olunması üzrə yeni strukturların formalaşdırılması ilə nəticələnmişdir. Ulu öndər Heydər Əliyev hələ o vaxtlar miqrasiya prosesinin mahiyyətini açıqlayaraq deyirdi: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən, pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.
Miqrasiya məsələlərinə dair ilk addım ümummilli lider Heydər Əliyev tərəfindən hələ müstəqilliyin ilk illərində atılmışdır. Belə ki, 1994-cü il noyabrın 14-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda insan hüquqları və miqrasiya məsələlərinə dair ilk beynəlxalq konfrans keçirilmişdir.
Bu tədbirlər ümummilli liderimizin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkə Prezidentinin vurğuladığı kimi: “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.
Ötən müddətdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası” qəbul edilmişdir. Miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmış və bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il mart ayının 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalamışdır.
Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. Muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye sahəsi müasir texnika və texnologiya ilə təchiz edilmişdir. Hazırda isə əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, səhiyyə və təhsil sektorunda davamlı inkişaf göstəricilərinin qeydə alınması muxtar respublikanın tərəqqi yolunda olduğunu göstərir. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikanın bütün sahələrində əldə olunmuş bu yüksək nailiyyətlər, yeni iş yerlərinin açılması, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması, öz növbəsində, əcnəbilərin muxtar respublikamıza marağını daha da artırmışdır.
İqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində muxtar respublikamızda miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə, vahid dövlət orqanı tərəfindən tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Artıq dörd ildir ki, fəaliyyət göstərən Dövlət Miqrasiya Xidməti muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətini həyata keçirir.
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun iş aparılması, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, muxtar respublikanın sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bundan başqa, əmək ehtiyatlarından səmərəli istifadə olunması, yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması xidmətin işində önəmli yer tutmuşdur. Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində aidiyyəti orqanların fəaliyyətini əlaqələndirir. Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqətiolma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun, habelə muxtar respublika ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi məsələləri ilə məşğul olub, vətəndaşlıq məsələlərinin həllində iştirak edir. Xidmətə müraciət edənlərin vəsatətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur. Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin olunması, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu, təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır. Miqrasiya proseslərinin həyata keçirilməsində böyük rolu olan bu sistemin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması təmin edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, mehmanxanalara gələn hər bir əcnəbi haqqında məlumatların Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilməsi məqsədilə 2013-cü ilin fevral ayında Vahid Miqrasiya Məlumat Sistemi üzərindən “Mehmanxana altsistemi” proqram təminatı yaradılmışdır.
Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də miqrantların Azərbaycan Respublikası ərazisində olmalarına və yaşamalarına əsas verən sənədlər olmadan ölkədə məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Bu proseslərin tənzimlənməsi məqsədilə sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələri fəaliyyətə başlamışdır. Bu bölmələr 2011-ci ildən etibarən miqrasiya proseslərinə ilkin nəzarət mexanizmi üzrə fəaliyyət göstərirlər. Qeyd edək ki, muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılması ilə əcnəbilərin təlimatlandırılması prosesində böyük irəliləyişlər əldə edilmiş, qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanılmışdır. Fəaliyyətə başladıqları gündən sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilmişdir.
Yaradılmasından bu günə qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə fiziki və hüquqi şəxslər tərəfindən xidmətə, ümumilikdə, 23 min 564 müraciət daxil olmuşdur. Ümumilikdə, xidmətin 4 illik fəaliyyəti dövründə dövlət büdcəsinə 1 milyon 152 min 408 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
Qeyd edək ki, xidmət miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması, vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə xidmət əməkdaşlarının iştirakı ilə muxtar respublikanın müxtəlif bölgələrində seminarlar təşkil edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi üzərinə düşən vəzifələri düzgün və vaxtında icra edərək miqrasiya proseslərinin tənzimlənməsi sahəsində effektiv tədbirlər həyata keçirmək əzmindədir.
Nemət ŞÜKÜROV
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
İctimaiyyətlə əlaqələr üzrə baş inspektoru