23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin çıxış və məruzələrində vurğuladığı kimi, “tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edən” Naxçıvan bölgəsi muxtariyyətin yaranması ərəfəsində tarixinin ağır günlərini yaşayırdı. Keçən yüzilliyin əvvəllərində dünyada baş verən sosial-siyasi hadisələr, xüsusilə I Dünya müharibəsində Rusiyanın uğursuzluqları imperiyanın mərkəzində olduğu kimi, ucqarlarında da vəziyyəti xeyli ağırlaşdırmış, dövlətin dağılması ilə nəticələnmişdi. İmperiyanın tərkib hissəsi kimi bu zaman Azərbaycanda, o cümlədən Naxçıvanda da vəziyyət son dərəcə pisləşmişdi. Yaranmış vəziyyətdən istifadə edərək ermənilər “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün Azərbaycanın bu qədim diyarına yiyələnmək uğrunda işə başlamışdılar. Daşnak ermənilərin buraya hücumları, həmçinin XIX yüzillikdə Naxçıvana köçürülən ermənilərin və Andranik Ozanyanın quldur dəstəsinin ərazidə müsəlman-türk əhaliyə qarşı törətdiyi vəhşiliklər vəziyyəti daha da mürəkkəbləşdirirdi.

1919-cu il noyabrın 23-də Amerika Birləşmiş Ştatları nümayəndələrinin təşəbbüsü və vasitəçiliyi ilə müharibələrə son qoyulması məqsədilə Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistanın daşnak hökuməti arasında bağlanan müqaviləyə əsasən, döyüşləri dayandırmaq haqqında razılıq əldə olunmuşdu. Müqaviləyə əsasən, hər iki tərəf bir-birinə hücum etməməyi, Zəngəzura gedən yolların açılmasını, anlaşılmaz məsələlərin sülh yolu ilə həll edilməsini, həmçinin öz qoşunlarını Zəngəzurdan çıxarmağı öhdələrinə götürmüşdülər. Buna əsasən, bir az sonra Azərbaycan Xalq Cümhuriyyəti öz qoşunlarını Zəngəzurdan çıxarmışdır. Ancaq Ermənistan öz sözünə əməl etməmişdir. Nəinki qoşunlarını Zəngəzurdan çıxarmamış, əksinə, quldur Dronun qoşunları Zəngəzura daxil olmuşdur. Ermənilər Tiflis müqaviləsinə məhəl qoymayaraq, hətta onun şərtlərini pozaraq Zəngəzurun və Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə hücumlar edərək dekabrın 27-də Hacılar kəndində, 28-29-da Zabuxçay körpüsündə, 30-da Muradlı dəyirmanında, 31-də Mirzə Cəlildə, 1920-ci il yanvarın 3-də Əliqulu kəndində, 5-də Müsəlmanlar kəndində dağıntılar və qırğınlar törətmişlər. 19 yanvar 1920-ci ildə Zəngəzurun 8 kəndini dağıdıb əhalisinə divan tutmuşlar. Ermənistan hökuməti Zəngəzurdan Qaladərəsinədək olan geniş ərazidə həyata keçirilən hərbi əməliyyatlarla Zəngəzuru Qarabağla birləşdirmək, bununla da, Naxçıvanı ayrı salmaqla bütün bölgəni özlərinə tabe etdirmək məqsədini həyata keçirmək istəyirdi. Buna nail olmaq üçün “etnik təmizləmə”ni başlıca vasitələrdən biri sayan ermənilər bir həftə ərzində (19-25 yanvar 1920) Zəngəzurda 50-dən çox azərbaycanlı kəndini dağıdaraq əhalisini qırmış, sağ qalanları qaçmağa məcbur etmişdilər. Beləliklə, Zəngəzur ermənilərin nəzarətinə keçmişdi. Az sonra Azərbaycan ordusu və könüllü partizan dəstələri tərəfindən Zəngəzurda qısamüddətli sabitlik yaradılsa da, həmin vaxtdan Naxçıvanın faktiki olaraq Azərbaycandan ayrı düşməsinin əsası qoyulmuşdur.
29 noyabr 1920-ci ildə Ermənistan SSR-nin yaradılmasından sonra ermənilərin Naxçıvana olan ərazi iddiaları daha da genişlənmişdir. Bu zaman V.İ.Lenin, İ.Stalin və S.Orconikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. İ.Stalin hələ Ermənistanda Sovet hakimiyyətinin qurulmasından əvvəl, 4 noyabr 1920-ci ildə AK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosu və RK(b)P Qafqaz Bürosu üzvlərinin iştirakı ilə “Ermənistanda vəziyyət” məsələsi müzakirə edilərkən belə bir bəyanatla çıxış etmişdi ki, əgər bilmək istəyirsinizsə Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə (yəni daşnak hökumətinə – F.S.) vermək olmaz, sovet hökuməti olanda vermək olar. Bu bəyanat elə bir vaxtda verilmişdi ki, artıq Qırmızı ordu hissələri Cənubi Qafqaza daxil olmuş, Azərbaycanı, az sonra Naxçıvanı sovetləşdirmişdi. Ermənistanın sovetləşməsinə lap az qalmışdı. Başqa sözlə desək, Ermənistan 29 noyabrda, yəni bəyanatdan 25 gün sonra sovetləşdirilmişdir. Deməli, İ.Stalin bu vəziyyəti qabaqcadan görür və faktiki olaraq Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsini istəyirdi. Məhz buna görə də Ermənistan sovetləşdikdən sonra sovet rəhbərliyinin bu siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verilmişdir. Bu tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradılmışdır.
Beləliklə, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan bölgəsi süni surətdə Azərbaycanın əsas hissəsindən ayrı salınmış və faktiki olaraq həmin vaxtdan blokada şəraitində yaşamağa məcbur olmuşdur. Ona görə də bu məsələlərdən bəhs edən ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə 8 aprel 2014-cü ildə Naxçıvan şəhərində keçirilən təntənəli yığıncaqda çıxış edərkən bu məsələyə toxunaraq demişdir: “...O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məskənlərinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır”.
Sovet rəhbərlərinin Azərbaycana qarşı bu cür mənfi münasibətinə, xüsusilə Naxçıvan və Zəngəzurla bağlı 1 dekabr 1920-ci il tarixli bəyanata görə Naxçıvan əhalisinin geniş etirazları başlanmışdır. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərmişdir. Erməni təcavüzünə qarşı əhalinin təşkilatlanmasında B.Şahtaxtinski müstəsna rol oynamışdır. Vəziyyətin ciddiliyini görən Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil Sovet Sosialist Respublikası kimi tanımış və Naxçıvanla bağlı ərazi iddialarından əl çəkdiyini bildirmişdir. Naxçıvanı Azərbaycanın tərkib hissəsi kimi deyil, Azərbaycandan ayrı, müstəqil bir dövlət kimi tanımaqda da erməni hiyləgərliyi özünü büruzə vermiş, gələcəkdə Naxçıvana olan ərazi iddialarının gerçəkləşdirilməsinin asan olması üçün ermənilər onu Azərbaycanın bir hissəsi kimi deyil, müstəqil SSR kimi tanımışdılar.
Behbud ağa Şahtaxtinskinin təşəbbüsü ilə 1920-ci ilin yanvarında Naxçıvanda referendum keçirilmişdir. Əhalinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs vermişdir. Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Moskva və Qars müqavilələrinin böyük rolu olmuşdur. N.Nərimanovun bu məsələdə prinsipial mövqeyi, B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar Naxçıvan məsələsində Moskvanın mövqeyinin dəyişməsinə öz təsirini göstərmişdir. Ümumiyyətlə, B.Şahtaxtinskinin Naxçıvana muxtariyyət statusunun verilməsində çox böyük xidmətləri olmuşdur. O, V.İ.Leninə məktublar yazmış, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında həqiqətləri ona çatdırmışdı. Məktublarda tarixi Azərbaycan torpaqları olan bu ərazilər, həmin yerlərin tarixi coğrafiyası, əhalisinin milli tərkibi haqqında məlumatlar vermiş, fikirlərini sübut etmək üçün Moskvaya bir sıra arayışlar göndərmişdi. Bütün bunlar V.İ.Leninin diqqətini cəlb etmiş, nəticədə, Siyasi Büro onun təklifi ilə Azərbaycan SSR-in tərkibində Naxçıvan SSR-in təşkili haqqında qərar qəbul etmişdi.
16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında bağlanan Moskva müqaviləsi, bunun ardınca 13 oktyabr 1921-ci ildə Qarsda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə imzalanan müqavilə Naxçıvanın ərazi mənsubiyyətini, sərhədlərini təsdiqləmişdir. Ancaq müxtəlif səbəblərdən Naxçıvanda muxtariyyətin yaradılması ləngimiş, 27 fevral 1923-cü ildə III Ümumnaxçıvan Sovetlər Qurultayının qərarı ilə Naxçıvan Muxtar Diyarı yaradılmışdır. Nəhayət, 9 fevral 1924-cü ildə Azərbaycan MİK Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradıldığını elan etmişdir. Beləliklə, qədim və əzəli Azərbaycan ərazisi olan Naxçıvan 1920-1923-cü illərdə Naxçıvan SSR, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-cü ilin 9 fevralından 1990-cı ilin 17 noyabrınadək Naxçıvan MSSR adlanmışdır. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı ilin 17 noyabrında keçirilən ilk sessiyasına sədrlik edən xalqımızın ümummilli lideri Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış və Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Beləliklə, Naxçıvan əhalisinin igidliyi, qəhrəmanlığı, vətənpərvərliyi sayəsində çox çətin və mürəkkəb şəraitdə Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanmış, ermənilərin “böyük Ermənistan” xülyasının gerçəkləşməsinə imkan verilməmişdir. Bütün bunlara görə ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Ancaq çox təəssüflər olsun ki, keçən yüzilliyin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevlə açıq mübarizədə heç bir nəticə əldə edə bilməyən və iflasa uğrayan bəzi qüvvələr ulu öndəri hakimiyyətdən kənarlaşdırmaq, siyasi həyatdan təcrid etmək üçün müxtəlif bəhanələrlə həmin vaxt dahi şəxsiyyətin rəhbərlik etdiyi Naxçıvanın muxtariyyət statusunun ləğv olunması istiqamətində iş aparmağa başladılar. Lakin ulu öndər bu cəhdlərin qarşısını qətiyyətlə aldı. Ümummilli liderimiz 1992-ci il mart ayının 22-25-də Türkiyə Respublikasında səfərdə olarkən 1921-ci ildə Qarsda müddətsiz imzalanan və imzalayan dövlətlərdən heç birinin birtərəfli qaydada ləğv edə bilməyəcəyi müqavilənin gündəliyə çıxarılmasına nail olmuş, bu zaman “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” fikri xüsusi olaraq vurğulanmışdır. Həmin vaxt Türkiyə Respublikasının Baş naziri olan Süleyman Dəmirəl bəyan etmişdi ki, Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik edilərsə, Moskva və Qars müqavilələrinə görə Türkiyə burada söz sahibidir.
Ümummilli lider Heydər Əliyev tərəfindən “Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün çox böyük, əvəzi olmayan bir sənəd” kimi dəyərləndirilən Qars müqaviləsinin bir daha gündəliyə çıxarılması ilə Naxçıvana ərazi iddialarında olan işğalçı Ermənistana və Naxçıvanın muxtariyyət statusunu ləğv etmək istəyən bəzi daxili qüvvələrə Naxçıvanın muxtariyyət statusunun qarantı olan Qars müqaviləsinin qüvvədə olduğu və bu statusun heç bir qüvvə tərəfindən dəyişdirilməsinin və ya ləğv olunmasının yolverilməz, qeyri-mümkün olması bildirilmişdir. Beləliklə, ulu öndərin həyata keçirdiyi bu və digər uğurlu tədbirlər nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanmışdır.
Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətinin bütün dövrlərinə nəzər salarkən aydın olur ki, onun fəaliyyətində Naxçıvan Muxtar Respublikasına diqqət və qayğı mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası həyatının elə bir sahəsi tapılmaz ki, orada görkəmli dövlət xadimi Heydər Əliyevin izi olmasın. Qeyd etmək yerinə düşər ki, indiyədək Naxçıvan Muxtar Respublikasının yaradılmasının 8 dəfə (1949, 1964, 1974, 1984, 1999, 2004, 2009, 2014) keçirilən yubileylərinin ikisi (1974 və 1999) ulu öndərin qərarı və iştirakı ilə keçirilmişdir. Ümummilli lider 10 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyində iştirak etmək üçün Naxçıvana gələrkən Bakı hava limanında jurnalistlərlə söhbətində qeyd etmişdi ki, “Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan xalqının, respublikanın həyatında tarixi hadisədir. Bu respublikanı vaxtilə yaradanlar çox müdrik, uzaqgörən insanlar olublar, Azərbaycan torpaqlarının ayrı-ayrı iddiaçılar tərəfindən parçalanmasının qarşısını alıblar”.

Möhtərəm Prezidentimiz İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına daim diqqət və qayğı ilə yanaşmış, Azərbaycan Prezidenti olduğu 10 il ərzində bura 11 dəfə səfər etmişdir. Bu səfərlərin üçü (2004, 2009, 2014-cü illər) özünün sərəncamları ilə keçirilən muxtar respublikanın yubileyləri ilə əlaqədar olmuşdur. Muxtar respublikanın 90 illik yubiley mərasimində Naxçıvana muxtariyyət statusu verilməsini “tarixi hadisə”, “Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar” kimi dəyərləndirən Prezident qeyd etmişdir ki, “bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir. ...Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. ...Bizi bu yoldan heç kim döndərə bilməz”. Çıxış və məruzələrində Naxçıvanda əldə olunan möhtəşəm uğurların əsasında Heydər Əliyev inkişaf strategiyasının dayandığını vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yubiley mərasimində demişdir: “Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur”.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və 
Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR