İyunun 2-də Naxçıvan Beynəlxalq Hava Limanında mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən hava limanının direktoru Mənşur Gülməmmədli bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, 2 iyun hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
“Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. 1800 metrlik uçuş-enmə zolağı olan bu hava limanı o dövrün tələblərinə hesablanmışdı”, – deyən Mənşur Gülməmmədli bildirmişdir ki, ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi.
Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Hava Limanı ilə bağlı iki dəfə qərar qəbul etmişdir. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirilmiş, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı istifadəyə verilmişdir. O vaxta qədər hava limanı üçüncü dərəcəli təyyarələri qəbul edirdisə, uçuş-enmə zolağının yenidən qurulması nəticəsində hava limanı “TU-154” tipli təyyarələri qəbul etməyə başladı. Gün ərzində 800-1000 nəfər hava limanının xidmətindən istifadə etmək imkanı əldə etdi. Hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bunu nəzərə alan ulu öndər 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirmiş və bu məsələnin həlli qərara alınmışdır. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.
Mənşur Gülməmmədli demişdir ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanından ölkəmizin şəhərləri ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə cədvəl üzrə müntəzəm uçuşlar həyata keçirilir. Hava limanının gələcək perspektiv planında uçuşların sayının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni inzibati binanın açılışını etmişdir. Müasir səviyyədə inşa olunan binada işçilərin səmərəli fəaliyyəti təmin edilmişdir. Burada hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmələri üçün tədris otağı yaradılmışdır.
Yeni inzibati bina istifadəyə verildikdən sonra Naxçıvan Beynəlxalq Hava Limanının birinci və ikinci mərtəbələrinin gəliş və təyyarələrə minik zalları üçün ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə aerovağzal binasında yenidənqurma işləri aparılır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək, ikinci mərtəbədən teleskopik traplar vasitəsilə hava gəmilərinə miniklər təşkil ediləcəkdir. Aerovağzal binasının yenidən qurulması və bərpasından sonra hava limanının sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaqdır.
Qeyd olunmuşdur ki, muxtar respublikamızda mülki aviasiya işçilərinə böyük diqqət və qayğı göstərilir, onların əməkhaqları artırılır, fərqlənənlərin əməyi qiymətləndirilir. Naxçıvan Beynəlxalq Hava Limanının şəxsi heyəti uçuşların təhlükəsizliyini təmin etmək və sərnişinlərə nümunəvi xidmətin səviyyəsini yüksəltmək üçün səylərini daha da artırır.
Sonra Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Hikmət Əhmədovun, Hava hərəkətinin idarə edilməsi xidmətinin rəisi Bağır Rəhimovun, Maliyyə şöbəsinin rəisi Rəfael İbrahimovun, Aviasiya təhlükəsizlik xidmətinin rəis əvəzi Toğrul Qasımovun çıxışları olmuşdur.
Tədbirə dəvət olunmuş veteran aviatorlar peşə bayramı münasibətilə mülki aviasiya işçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda bir qrup aviasiya işçisinə Naxçıvan Beynəlxalq Hava Limanının fəxri fərmanları təqdim olunmuşdur.
Muxtar MƏMMƏDOV