Mayın 29-da Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə Ordubad rayonunda nağdsız ödənişlərlə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mirhüseyn Seyidov açmış, mövzunun mahiyyəti ilə bağlı iştirakçılara məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisləri Mübariz Əhmədov “Nağdsız hesablaşmaların üstünlükləri”, Rəşad Əliyev “Nağdsız ödənişlərin aparılması qaydaları”, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi Elçin Əliyev “Plastik kartların təhlükəsizliyi və bank xidmətləri” mövzularında məruzələrlə çıxış etmişlər.
Məruzələrdə qeyd olunmuşdur ki, nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından zəruri sayılır. Belə ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanılması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız ödəniş pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır, yəni bu gün bank hesablarında olan əməkhaqlarının nağd şəkildə götürmədən xidmət göstərən şəxsin hesabına nağdsız köçürülməsidir. Hazırkı mərhələdə nağdsız əməliyyatlar, əsasən, POS-terminal adlanan aparatlardan və internet vasitəsindən istifadə etməklə plastik kartların köməyi ilə aparılır. Bu gün muxtar respublikada idarə, müəssisə və təşkilatlara ödənilən rüsumların, kommunal haqları və ticarət obyektlərində aparılan əməliyyatlara görə ödənişlərin POS-terminal və internet vasitəsilə aparılmasına hər cür şərait yaradılmışdır.
Tədbirdə nağdsız hesablaşmaların üstünlükləri, nağdsız ödənişlərin aparılması qaydaları, plastik kartların növləri, ticarət və xidmət obyektlərində POS-terminallardan istifadə edilməsi, internet vasitəsilə kommunal xərclərin və mobil telefonlara danışıq kartlarının yüklənməsi və digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin aparılması, plastik kartların təhlükəsizliyi, həmçinin bank xidmətləri ilə bağlı iştirakçılara ətraflı məlumat verilmişdir.
Sonda nağdsız ödənişlərin üstünlükləri barədə reklam çarxları tədbir iştirakçılarına təqdim olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Kərəm HƏSƏNOV