Ölkəmizdə milli bayram – Respublika Günü kimi qeyd edilən 28 may tarixi 22 il bundan əvvəl Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə də əlamətdardır. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət, ağır blokada şəraitində yaşayan bir diyarın – Naxçıvanın inkişafı baxımından özündə bir çox mətləbləri birləşdirir. Naxçıvanın bu mühüm nəqliyyat arteriyasına “Ümid”, “Həsrət” və ya “Könül” körpüsü də deyirlər. Bu yolla təkcə Türkiyə ilə Azərbaycan birləşmir, bu körpü həm də türk dünyasının coğrafi bütünlüyünü təmin edir. Dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri olan, istifadəyə verilməsi bayrama çevrilən ikinci bir körpü yoxdur.
Təbii ki, hadisələrin əsl mahiyyəti onun öz zamanı çərçivəsində dəyərləndirilməsi nəticəsində ortaya çıxır. Bu baxımdan 22 il bundan öncə Naxçıvanda baş verənləri düzgün qiymətləndirmək üçün dövrün mənzərəsini göz önündə canlandırmaq kifayətdir.
Naxçıvan o dövrdə tamamilə təklənmişdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın əsas ərazisi ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi böhran dərinləşmişdi. Azərbaycanın o zamankı iqtidarı ölkədaxili vəziyyətə nəzarət edə bilmirdi. Belə bir şəraitdə Naxçıvanın yeganə çıxış yolu qonşu ölkələrlə yeni əlaqələrin qurulması idi. O dövrdə Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Naxçıvanda görülən işlər, atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə – bu gününə istiqamətlənmişdi. Məlumdur ki, sovet rejimi 70 il ərzində iki qardaş xalqın bir araya gəlməsinə mane olmaq üçün bütün ideoloji vasitələrini işə salmış, müxtəlif qadağalar tətbiq etmişdi. Zaman göstərdi ki, bütün növ məhdudiyyətlər və məhrumiyyətlər nəinki içimizdəki qardaşlıq duyğularını yox edə bilməmiş, əksinə, könüldən-könülə sarsılmaz tellər, qırılmaz bağlar yaranmışdı.
Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərliyi dövründə Qars və Moskva müqavilələrini gündəliyə gətirməklə münasibətlərimizin mahiyyətini ortaya qoymuşdu. Böyük Atatürkün “Türk qapısı” adlandırdığı bu qədim yurd yerində “Bir millət, iki dövlət” şüarı reallığa çevrilirdi. 1991-ci ildə Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açılmışdı, əsas körpünün inşası isə davam etdirilirdi. Ulu öndər bu körpünün qısa vaxtda istifadəyə verilməsinə çalışırdı. Hətta bu məqsədlə Türkiyə hökumətinə xüsusi məktub da ünvanlamışdı. Dahi rəhbərin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Ankarada imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nda da bu məsələ öz əksini tapmışdı.
“Ümid körpüsü”nün açılışı zamanı bütün dünyanın diqqəti Naxçıvana, Naxçıvan-Türkiyə sərhədində baş verənlərə yönəlmişdi. On minlərlə soydaşımızın iştirakı ilə keçirilən tarixi açılış mərasimindəki nitqində ulu öndər Heydər Əliyev xalqlarımız arasında uzun illərdən bəri davam edən həsrət və intizarın sona çatdığını bildirərək demişdir: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”.
Qardaş ölkənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl körpünün əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, dünyanı, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır. Məhz onu dəyərli edən də budur”.
Sədərək-Dilucu körpüsünün istifadəyə verildiyi gün Naxçıvanda əsl bayram sevinci yaşanırdı. Naxçıvanlılar bu tarixi unutmur... Türkiyə-Azərbaycan-Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində görülmüş işlər daim ehtiramla xatırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir. Fəaliyyət göstərdiyi dövrlərdə Sədərək-Dilucu körpüsü bizi bir-birimizə daha sıx birləşdirmiş, hər iki tərəfdən insanların həyatının yaxşılaşmasına xidmət göstərmişdir”.
Tədqiqatçılar Türkiyə-Azərbaycan, həmçinin Naxçıvan əlaqələrinin bugünkü səviyyəsindən, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi məsələlərindən danışarkən Sədərək-Dilucu körpüsünün əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, bu körpü sabaha uzanan işıqlı yolun başlanğıcı, təməli oldu, eyni zamanda Türkiyənin şərq vilayətlərinin inkişafını şərtləndirdi.
Bu gün Türkiyə-Azərbaycan əlaqələrində, türk dünyasının birlik və həmrəyliyində Naxçıvanın xüsusi yeri vardır. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi, sammit çərçivəsində “Naxçıvan Bəyannaməsi”nin imzalanması bunun daha bir sübutu kimi mühüm tarixi hadisədir. 2010-cu ilin oktyabr ayında Azərbaycan-Türkiyə Biznes Forumunun Naxçıvanda təşkili iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açmışdır. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının Naxçıvana marağını artırır. Bu gün Türkiyə ilə Naxçıvan arasında bütün sahələrdə yaradılan qarşılıqlı əlaqələr durmadan inkişaf edir və möhkəmlənir.
2010-cu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Türkiyəyə rəsmi səfəri, bu zaman qardaş ölkənin dövlət və hökumət başçıları, ordu rəhbərliyi və digər rəsmi şəxslərlə keçirilən görüşlər əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq dörd ilə yaxındır ki, Türkiyə ilə Naxçıvan arasında müntəzəm təyyarə reysləri həyata keçirilir. Bütün bunlar bir daha göstərir ki, Naxçıvan Azərbaycanın Türkiyə ilə yeganə sərhəd bölgəsi olmaqla yanaşı, həm də ikitərəfli münasibətlərin inkişafına da öz töhfəsini verir.
Bu gün Türkiyə ilə Naxçıvan arasında başqa sahələrdə olduğu kimi, gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Son illərdə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müxtəlif sahələrdə razılıqlar əldə olunur. Gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrində Türkiyə Respublikasının payı və rolu ilbəil artır. Ötən il ərzində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılmışdır.
Naxçıvanın xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən bu qədim diyarın sürətli sosial-iqtisadi inkişafı bölgənin turizm, eləcə də tranzit imkanlarını ildən-ilə artırır. Bütün bunlar isə onu deməyə əsas verir ki, 22 ildir, ümidlərin və arzuların körpüsü olaraq bir millətin iki dövlətini birləşdirən Sədərək-Dilucu körpüsü bundan sonra da iki qardaş xalqın firavanlığına, birliyinə və bütövlüyünə xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti