Hər il mayın 28-də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümünü – Respublika Gününü təntənəli şəkildə qeyd edir. Mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması kifayət qədər çətin və mürəkkəb tarixi dövrə təsadüf edir.
Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilabdan sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlar əvvəlcə Zaqafqaziya İdarəsi üzrə xüsusi komitə, sonra isə Zaqafqaziya Komissarlığı yaratmışdılar. Zaqafqaziya respublikalarından Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul etmişdilər.
1918-ci il may ayının 25-də Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi. 1918-ci il mayın 28-də isə Azərbaycanın “İstiqlal Bəyannaməsi” qəbul olundu.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi”.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq qazanılmış müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan “İstiqlal Bəyannaməsi”nin dördüncü və beşinci bəndlərində deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrovunda (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır”.
Həmin dövrdə Milli Şuranın və hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. 1918-ci il mayın 30-da radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə məlumat verilmişdi.
Milli Şura ilk hökumətin təşkilini Fətəli xan Xoyskiyə tapşırmışdı. İlk hökuməti 9 nazir təmsil edirdi. Həmin dövrdə Bakı şəhəri Bakı Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdü. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdi.
Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması – parlamentli respublikanın qurulması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Dövlət quruculuğu istiqamətində ilk günlərdən qəti tədbirlər görülməsinə başlanmış, yaranmış gərgin milli-etnik və hərbi-siyasi şəraitin diktəsi ilə qaçılmaz addım kimi iyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmuş, iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan korpusuna çevrilməsi ilə Milli Ordunun yaradılmasının əsası qoyulmuşdu.
Hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün mühüm tədbirlər görülmüş, avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman verilmişdi. Lakin hökumətin ən mühüm vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətrafını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. 1918-ci il sentyabrın 15-də Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdü.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli Dövlət bayrağı qəbul olunmuşdur. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan hökumət Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirsə də, ölkədə yaranmış ağır ictimai-siyasi, mürəkkəb hərbi şərait parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq, ali hakimiyyət orqanı kimi “Azərbaycan parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin ilin noyabrın 19-da bu qanunu qəbul etmişdi.
Parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Beləliklə, real seçkilər keçirilmədən formalaşan, Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdu. Bütün müsəlman Şərqində dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun birinci müavini isə Həsən bəy Ağayev seçilmişdi. Dövrün bütün gərgin ictimai-siyasi amilləri nəzərə alınaraq qeyd edilməlidir ki, parlament 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoymuşdur.
Azərbaycan parlamenti geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımından mühüm addımlar atmışdı. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Həmin dövrdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevrilmiş, ermənilərin Naxçıvana hücumları bu qədim diyarı çıxılmaz vəziyyətə salmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inamla mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər. 1919-cu il dekabrın 22-də Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Göründüyü kimi, Naxçıvan əhalisi cidd-cəhdlə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün səy göstərmişdir.
Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş, bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmışlar. Lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Yerli əhalinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq vəzifəsi qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmişdir. Həyata keçirilən tədbirlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış vəziyyət xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi.
Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter alması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyulu respublikamızı həqiqi müstəqilliyə aparan yolun başlanğıcı oldu. Ümummilli liderimizin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş kompleks tədbirlər ölkəmizin XX əsrin 90-cı illərində müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır.
XX yüzilliyin sonunda Azərbaycan yenidən öz dövlət istiqlaliyyətini bərpa etmək imkanı əldə etmişdir. XX əsr Azərbaycan xalqının tarixində, başlıca olaraq, əvvəlcə dövlət müstəqilliyinin əldə olunaraq qısa müddət ərzində (1918-1920-ci illər) mövcud olması, əsrin sonunda isə yenidən bərpası ilə əlamətdar olmuşdur. Mühüm coğrafi-strateji mövqeyi olan ölkəmizin iki əsrə yaxın müstəmləkəçilik həyatından sonra azadlıq, müstəqillik məşəli 1991-ci ildə yenidən alovlanmış, əsrin əvvəlində olduğu kimi, əsrin sonlarında da dövlət müstəqilliyimiz real məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Erməni daşnakları tərəfindən hərbi təcavüzə məruz qalmış ölkəmizdə son dərəcə təhlükəli vəziyyət yaranmışdı.
Tarix dəfələrlə sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə həmişə erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyən qüvvələr daim “erməni məsələsi”ndən istifadə etmişlər. Əgər XX əsrin əvvəllərində xalqımız müstəqil dövlətini yaratmaq istəyərkən 1918-ci ilin mart soyqırımı ilə üzləşmişdisə, ötən əsrin 90-cı illərində 20 Yanvar faciəsi, Xocalı soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdir. 1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesi Azərbaycanın müstəqilliyinin əldə olunmasına və onun qorunub saxlanılmasına şərait yaratmışdır. 1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmiş, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə, 1993-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi də müstəqil ölkəmizdə ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
Dahi şəxsiyyətin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmiş, cümhuriyyətçilik ideyaları bərqərar olunmuşdur. Xalqımızın böyük oğlunun 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə geniş qeyd edilmişdir. Görkəmli dövlət xadimi dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında 2003-cü ilin fevral ayında sərəncam imzalamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət verir. Cümhuriyyət tariximizin 90 və 95 illik yubileyləri ölkəmizdə geniş qeyd olunmuşdur.
Ölkə rəhbərimiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tariximizdəki rolunu yüksək qiymətləndirərək demişdir: “Müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdir. Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdır. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdir, Milli Ordu yaradılmışdır. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır”.
Bu gün Azərbaycan müstəqil dövlətdir. Dünyada söz sahibidir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu, mövqeyi getdikcə möhkəmlənir. Qürurla yüksələn istiqlal bayrağımız dalğalandıqca ulu öndərimizin “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” fikrini Vətən torpağına və bütün dünyaya bəyan edirik. Xalqımızın canında və qanında coşan istiqlal ideyaları bizi bu bayrağı başımız üstə qaldırıb Qarabağa doğru zəfər yürüşünə, Şuşa, Xankəndi və digər torpaqlarımızda yüksəltməyə səsləyir.
“Şərq qapısı”