Mayın 27-də Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Yaycı kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan və tələb olunmayan tikinti obyektlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Təbii qazdan və elektrik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunmuşdur. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyində bir sıra əməllər cinayət kimi təsbit edilmişdir”, – deyən Əli Adıgözəlov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Sonra Culfa rayon prokurorunun köməkçisi Xalid Ağayev tikintisinə icazə tələb olunan və tələb olunmayan obyektlər haqqında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci il tarixli Qanunla təsdiq edilmiş və 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin məcəllənin şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı adlanan 1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
Məcəllənin 75, 79 və 80-ci maddələrində tikintisinə icazə tələb olunan və tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması qaydaları və tikintiyə başlamaq üçün məlumatlandırma icraatının qaydaları öz əksini tapmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Kərəm HƏSƏNOV