23 Dekabr 2024, Bazar ertəsi

“Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”. Bu fikir dünən AMEA Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik respublika” mövzusunda keçirilmiş elmi-praktik konfransda səsləndirilmişdir.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə böyük hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən də göründüyü kimi, bu möhtəşəm tarixi hadisə xalqımızın müstəqillik amalını daha da gücləndirmişdir. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur.
Bildirilmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi – 28 Mayı “Respublika Günü” kimi qeyd edir.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Azərbaycan Xalq Cümhuriyyəti və onun Azərbaycan dövlətçilik tarixində yeri”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları”, elmi işçisi Elnur Kəlbizadə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi”, böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzularında elmi məruzələr etmişlər.
Məruzələrdə vurğulanmışdır ki, yarandığı gündən bəri demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqin, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi düşmüşdür. Naxçıvanlıların, zəngəzurluların erməni təcavüzünə qarşı əzmkar mübarizəsi dəfələrlə parlamentdə təqdir edilmiş və bu bölgələrlə bağlı qızğın müzakirələr aparılmışdır. Bütün bu müzakirələrlə, qəbul edilən qanunlarla tanış olduqca bir daha qürur duyursan ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti o dövrün ən demokratik quruluşlarından biri olmuşdur. Tariximizin birinci respublikasının dövründə əsası qoyulan ənənələrin varisliyi müasir müstəqil Azərbaycan Respublikasının fəaliyyəti ilə tam təmin olunur.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur. Elmi tədbirdə Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif fotoşəkil və tarixi sənədlərdən ibarət fotoslayd da nümayiş etdirilmişdir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR