Muxtar respublikamızda səhiyyənin tarixi qədim dövrlərdən başlasa da, onun dövlət səviyyəsində təşkilatlanması ötən əsrin iyirminci illərinə – muxtariyyətin qazanıldığı dövrə təsadüf edir. Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə Naxçıvanda ilk səhiyyə şöbəsi, 1921-ci il dekabrın 24-dən isə Azərbaycan Xalq Səhiyyə Komissarlığının Naxçıvan Diyar Əlahiddə Səhiyyə İdarəsi fəaliyyətə başlamışdır. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi iyirminci əsrin elmi-texniki tərəqqisindən bəhrələnərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.
Bərpa, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşməsi dövründə səhiyyə sahəsi (1920-1932-ci illər) təşkilatlanma dövrü keçmiş, onun maddi-texniki bazası yaradılmışdır. Qeyd etmək lazımdır ki, muxtariyyətin qazanıldığı ilk illərdə səhiyyə işini yenidən bərpa etmək, əhaliyə tibbi xidməti təşkil etmək o qədər də tez başa gəlmədi. Mərkəzi səhiyyə orqanları, xüsusən Azərbaycan Səhiyyə Komissarlığı ilə əlaqənin tam bərpa edilməməsi, əvvəllər sayca çox az olan müalicə müəssisələrinin dağıdılması, olub-qalan tibb işçilərinin hərc-mərclik nəticəsində 1918-1920-ci illərdə ölkəni tərk etmələri, xəstəliklərin, xüsusən yoluxucu xəstəliklərin həddindən artıq artması – bunlar hamısı yenicə təşkil edilmiş səhiyyə şöbəsinin fəaliyyətinə ciddi maneələr, çətinliklər yaradırdı.
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri Həmid Sultanov 1926-cı ildə öz məruzəsində səhiyyənin vəziyyətinə toxunaraq qeyd edir ki: “1925-ci ilə qədər respublikada əhalinin sağlamlığı üçün az iş görülüb. Belə vəziyyət hökumət qarşısında məsələ qoyur ki, ümumi sanitar vəziyyətin yaxşılaşdırılması, müalicə müəssisələrinin genişləndirilməsi və onun kənd yerlərinə yaxınlaşdırılması üçün tədbirlər həyata keçirilsin”.
Naxçıvan MSSR xalq səhiyyə komissarı Məmməd İsmayıl (Baba) Allahverdi oğlu Qədimov 4 oktyabr 1925-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının kollegiya iclasında Naxçıvanda səhiyyənin vəziyyətini ətraflı təhlil edir. O göstərir ki, malyariya ölkə əhalisinin əsas qənimi və bəlasıdır. Şərurda əhali az qala 100 faiz, Naxçıvan qəzasında 50-70 faiz, Ordubadın cənub hissəsində 12 faiz malyariya xəstəliyinə tutulmuşdur. Statistik rəqəmlərdən aydın olur ki, əhalinin 30 faizi göz xəstəliyi traxoma ilə xəstələnir. Daha sonra o qeyd edir ki, mamaların çatışmaması üzündən ara mamalarla mübarizə aparmaq çətindir. Sanitar maarifi işi həkim olmadığından zəif aparılır.
1925-ci il oktyabr ayının axırında Naxçıvanda səhiyyə işinin vəziyyəti ilə şəxsən tanış olmaq və ona kömək etmək məqsədilə Azərbaycan SSR xalq səhiyyə komissarı Mövsüm Qədirli Naxçıvana gəlir. O, vəziyyətlə tanış olduqdan sonra 1 noyabr 1925-ci ildə Naxçıvan MSSR həkimlərinin birinci qurultayı çağırılır. Qurultay Naxçıvanda səhiyyənin vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında qərar qəbul edir. Qurultay səhiyyə işində olan nöqsanları və onların gələcəkdə aradan qaldırılması yollarını göstərir.
M.Qədirli Naxçıvandan gedəndən beş gün sonra (5 noyabr) L.P.Solovyev adına Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin həkim-sanitar dəstəsi Naxçıvana gəlir və Şərurdakı kənd əhalisinə kömək göstərir. Bundan başqa, 1925-ci ildə Bakıdan muxtar respublikanın tibb müəssisələri üçün çoxlu tibb avadanlığı, çarpayılar, laboratoriya ləvazimatı və sair göndərilir.
O dövrdə müalicə-profilaktika müəssisələrinin binaları sanitar-gigiyenik tələblərə cavab vermədiyinə görə 1925-ci ildə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan şəhər xəstəxanasının binası yenidən tikilərək 150 çarpayılıq üçün hazırlanır, uşaq məsləhətxanasının binası əsaslı təmir edilir. Habelə Ordubadda şəhər ambulatoriyası və xəstəxana binaları, Şərurda Baş Noraşen (indiki Cəlilkənd) həkim məntəqəsinin, malyariya stansiyasının, Ordubad qəzasındakı həkim məntəqəsinin yerləşdiyi binalar təmir olunur. Bundan başqa, yeni tikintilərə və başqa müalicə idarələrinin təmirinə başlanılır. Bu məqsədlə sosial sığorta tərəfindən 40000 manat pul buraxılır və bu işlərə xərclənir. Elə həmin ildə uşaqların səhhətinin mühafizəsi və sığorta olunanlara tibbi yardım göstərilməsi işinə də diqqət artırılır.
1925-ci ildə müalicə şəbəkəsi xeyli artır. Naxçıvan şəhərində 30 çarpayılıq zöhrəvi dispanser, diş ambulatoriyası, sığortaolunanlar üçün həkim ambulatoriyası, uşaq evi nəzdində ambulatoriya, iki feldşer ambulatoriyası, uşaq məsləhətxanası (süd mətbəxi ilə) açılır. Bundan başqa, daimi həkim komissiyası və kimyəvi-bakterioloji laboratoriya təşkil olunur. Ordubad qəzasında Ordubad şəhər xəstəxanası (10 çarpayılıq) və şəhər ambulatoriyası genişləndirilir, bundan başqa, Culfada və Çənnəbdə feldşer məntəqəsi həkim məntəqəsinə çevrilir.
1926-cı ildə Naxçıvan şəhər ambulatoriyası genişləndirilir və mərkəzi ambulatoriyaya çevrilir. Onun nəzdində göz, cərrahi, terapevtik, dəri-zöhrəvi, ginekoloji, diş kabinələri, diş texniki laboratoriyası təşkil edilir. Bu kabinələr həkimlərlə təmin olunur.
1927-ci ildə muxtar respublikada səhiyyə şəbəkəsinin vəziyyəti belə idi: 115 çarpayılıq 2 xəstəxana, 30 çarpayılıq zöhrəvi dispanser, 10 çarpayılıq malyariya stansiyası, 7 ambulatoriya, uşaq məsləhətxanası, bakterioloji laboratoriya, 4 həkim məntəqəsi, 2 səhiyyə məntəqəsi, 4 feldşer məntəqəsi, 4 aptek əhaliyə tibbi xidmət göstərirdi. Bu müəssisələrdə 22 həkim, 2 diş həkimi, 1 diş texniki, 18 feldşer, 15 tibb bacısı, 8 mama, 9 əczaçı və 87 kiçik və texniki heyət işləyirdi.
Bu dövrdə tibb müəssisələrinin sayı artır, onların yeni aparatlarla təchizatı yaxşılaşdırılırdı. Tibb kadrlarının sayının, stasionar xidmətin artımı da nəzərə çarpırdı. Əgər 1924-25-ci illərdə respublika xəstəxanasına 642 xəstə daxil olmuşdursa, 1928-29-cu illərdə 2782 xəstə daxil olmuşdur. Səhiyyənin büdcəsi də hər il artırdı. Əgər 1924-25-ci illərdə səhiyyə xərclərinə 77883 manat buraxılmışdırsa, bu rəqəm 1926-27-ci illərdə 278072 manat və ya 1924-25-ci illərə nisbətən 3,5 dəfə artıq olmuşdur.
1930-cu ildə tibb müəssisələrinin tikintisi geniş vüsət almışdır. Bunu Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 8 may 1930-cu il qərarından görmək olar. Qərarda göstərilir: “Naxçıvan xalq səhiyyə naziri Ordubad rayonunun Bist kəndində 4 çarpayılıq həkim məntəqəsinin, Naxçıvan respublikasının başqa dağətrafı hissəsində 6 çarpayılıq həkim məntəqəsinin, Naxçıvan respublikasının dağlıq hissəsində yerli əhəmiyyət kəsb edən 80 çarpayılıq istirahət evinin tikilməsi üçün Azərbaycan SSR xalq səhiyyə naziri ilə müqavilə bağlasın”.
1930-cu ildə Naxçıvan mərkəzi şəhər ambulatoriyası genişləndirilərək şəhər poliklinikasına çevrilir. Elə həmin il sanitar maarifi evi təşkil edilir, səhiyyə məntəqələrinin sayı 6-ya çatdırılır. Naxçıvan şəhər uşaq məsləhətxanasında açılan qadın kabinəsi 1930-cu ildə qadın məsləhətxanasına çevrilir.
1931-ci ilin aprel ayında Naxçıvan MSSR-in ərazisində təbii fəlakət – zəlzələ baş verir. Nəticədə, xalq təsərrüfatına böyük ziyan dəyir. Tibb müəssisələri yerləşən binaların çoxu dağılır. Zəlzələ vaxtı xeyli adam ölür və yaralanır. Naxçıvan MSSR hökuməti fövqəladə bərpa komissiyası təşkil edir ki, səhiyyə xalq komissarı da bura daxil olur. Bu vaxt bütün güc zəlzələdən zərərçəkənlərə tibbi xidmət göstərməyə səfərbər edilir. Bu işdə Qırmızı Aypara Cəmiyyəti böyük kömək göstərir. Zərərçəkənlərə kömək göstərmək üçün tibb dəstələri, habelə yemək məntəqələri, uşaq yasliləri və sair təşkil olunur.
Həmin il zəlzələ fondu hesabına xəstəxanaların, yaslilərin və sair tikilməsinə başlanılır.
Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığı yarandığı gündən vərəmə qarşı mübarizə aparmağı özünün əsas məsələsi hesab etmişdir. 1928-ci ildə muxtar respublikada 474 vərəmli xəstə (0,43 faiz) olmuşdur. Muxtariyyətin ilk illərində xüsusi tibb müəssisəsi olmadığına görə vərəmə qarşı mübarizə tədbirləri respublikanın ümumi tibb şəbəkəsi tərəfindən aparılırdı.
Əhalinin həyat şəraitinin aşağı səviyyədə olması, əlverişsiz sanitar-gigiyenik vəziyyət muxtariyyətin ilk illərində dəri-zöhrəvi xəstəliklərinin yayılmasına şərait yaratmışdır. Keçəllik, qotur və başqa dəri xəstəlikləri daha çox yayılmışdır. Ona görə də Səhiyyə Komissarlığı bu sahəyə də xüsusi diqqət yetirmişdir. Zöhrəvi xəstəliklərlə mübarizə aparmaq üçün 1925-ci ildə Naxçıvan şəhərində zöhrəvi dispanser, bir az sonra isə favazori, 1926-cı ildə Naxçıvan mərkəzi ambulatoriyası nəzdində dəri-zöhrəvi kabinə açılır.
Muxtariyyətin ilk illərində traxoma xəstəliyi əhali üçün böyük bəla idi. Traxomanın fəsadlaşması üzündən yüzlərlə əlil hadisəsi olurdu. Xəstəlik əhali arasında Arazətrafı düzənlikdə daha çox yayılmışdı. Odur ki, 1926-cı ildə ölkə xəstəxanasında göz şöbəsi, Naxçıvan mərkəzi ambulatoriyada isə göz kabinəsi, bir ildən sonra Ordubadda da göz kabinəsi təşkil edilir. 1930-cu ildə ölkə xəstəxanasında göz çarpayılarının sayı 30-a çatdırılır.
Əhali arasında sanitar maarifi işinin aparılmasına xüsusi diqqət yetirilmişdir. Əsas məqsəd əhalinin sağlamlığının qorunması və sanitar əmin-amanlığa nail olmaqdan ibarət idi. Sanitar maarifi əhalinin sanitar savadsızlığının ləğv edilməsində əsaslı rol oynamış, epidemik xəstəliklərlə mübarizə etmək yollarını, gigiyena elminin əhaliyə çatdırılmasını təmin etmişdir.
Epidemiya əleyhinə tədbirlərin təbliğ edilməsi ilə bərabər, ana və uşaqların mühafizəsi, yaşayış yerlərinin sanitar əmin-amanlığı, vərəmlə, dəri-zöhrəvi və başqa xəstəliklərlə mübarizə kimi vacib məsələlər mətbuatda işıqlandırılırdı.
1930-cu ildə Naxçıvan şəhərində sanitar maarifi evi təşkil edilir. Tezliklə orada sərgi düzəldilir ki, əhali oraya həvəslə gəlir .
Bütövlükdə, Naxçıvanda muxtariyyət əldə olunandan sonra gəlinən nəticələr belədir: muxtariyyətin ilk günlərindən başlayaraq əhaliyə tibbi kömək göstərmək Naxçıvan İnqilab Komitəsinin əsas vəzifələrindən biri olmuşdur. Tibb müəssisələri bərpa edilmiş, yeniləri təşkil olunmuş, muxtar respublikanın fəhlə və kəndli əhalisinə pulsuz tibbi xidmət göstərilməyə başlanmışdır. Daha sonra tibb müəssisələrinin şəbəkəsi planlı surətdə inkişaf etmiş, ana və uşaq müəssisələri, epidemiya əleyhinə sanitar xidməti yaradılmış, səhiyyənin vəziyyətini yaxşılaşdırmaq haqqında dəfələrlə qərarlar qəbul olunmuşdur. İctimaiyyətin səhiyyə xətti üzrə özfəaliyyəti təşkil edilmiş, ictimaiyyətin fəalları və tibb işçiləri tərəfindən aparılan sanitar maarifi işi genişləndirilmişdir.
(Ardı var)
Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin əməkdaşı