Dünən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir başlanmazdan əvvəl məktəbin müəllim və şagirdləri məktəbin foyesində təşkil olunan sərgiyə baxmışlar.
Tədbiri giriş sözü ilə təhsil ocağının direktoru Şərəf Qasımova açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Məktəbin tarix müəllimi Günay Əliyeva çıxış edərək demişdir ki, 96 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmuşdur. Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Qeyd olunmuşdur ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası ölkədaxili çəkişmələr və hakimiyyət mübarizəsi nəticəsində öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkəmizdə sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra tədbir iştirakçıları 28 May – Respublika Gününə həsr olunmuş sənədli filmə baxmışlar.
Xəbərlər şöbəsi