Muxtar respublikamızda günü-gündən geniş vüsət alan kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə Naxçıvanda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlər nəticəsində mümkün olmuşdur. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyəti getdikcə yüksəlir. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
Mayın 24-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terrasda, Naxçıvan-Batabat və Naxçıvan-Sədərək magistral yolunun kənarında və Naxçıvan şəhərinin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.
Şərurlular Naxçıvan-Sədərək magistral yolunun Aşağı Daşarx kəndindən keçən hissəsində və Şərur şəhərinin park və xiyabanlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, “Arpaçay-2” SES yaxınlığındakı bağda dibçək üsulu ilə 60 ədəd meyvə ağacı əkmişlər.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri Naxçıvan-Ordubad magistral yolunun Şəkərabad kəndindən keçən hissəsində və Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Dəstə kəndi ərazisindəki 28 hektarlıq meyvə bağında, kənd icra nümayəndəliyi və məktəbin həyətində, Ordubad şəhərinin park və xiyabanlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.
Culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarındakı, Darıdağ massivindəki bağlara və şəhərin giriş hissəsindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarında, kənd icra nümayəndəlikləri və tam orta məktəblərin kollektivləri öz ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmışdır.
Şahbuzlular Naxçıvan-Batabat magistral yolunun kənarlarındakı bağlara aqrotexniki qulluq göstərmiş, ağaclar suvarılmış, Şahbuz şəhərinin park və xiyabanlarında 2700 ədəd gül kolu əkilmişdir.
Sədərək rayonunun Heydərabad qəsəbəsinin park və xiyabanlarında, qəsəbə tam orta məktəbinin həyətində, mərkəzi xəstəxananın ərazisində və Qaraağac kəndində yol kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
İməciliklərdə 24 min 526 nəfər iştirak etmişdir.
Xəbərlər şöbəsi