Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda 183-cü məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin 96 il öncə məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu gün müstəqil, azad və dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır.
Məşğələdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Yusif Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub, bütün sahələrdə uğurlu islahatlara başlanılıb. Məruzəçi Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada durduğunu faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu dahi rəhbər Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılmasının, elmi əsaslarla öyrənilməsinin və təbliğinin ən vacib məsələlərdən olduğu bildirilib.
Xəbərlər şöbəsi